Aktrisa Aygül Ağayeva
06 avqust 2024 14:34 (UTC +04:00)

Aktrisa Aygül Ağayeva

“Məni dəfələrlə səhnədə söyüblər” - Kuklaçı aktrisa ilə maraqlı MÜSAHİBƏ

Lent.az-ın müsahibi Azərbaycan Dövlət Kukla teatrının aparıcı aktrisası Aygül Ağayevadır.

-  Aygül xanım. Kuklaçı olmaq, kukla teatrının aktrisası olmağın hansı özəlliyi var?

- Bu xüsusi bir sənətdir. Hər aktyor kuklaçı ola bilmir. Amma kuklaçılar istənilən tamaşada, filmlərdə istənilən rolun öhdəsindən asanlıqla gəlirlər. Bizim sənətimiz daha çətindir. Kuklalara can verməlisən. Onların rolunu  jestlər və səsinlə verirsən. Heç vaxt sənin üzün görünmür, kuklaçı aktyorların çox azının üzünü tanıyırlar. Kukla ilə səhnədə işləməyin  öz çətinlikləri var. Məsələn, biz bir çox hallarda başımızda qara pərdə kuklanın altında oturub işləyirik. Elə olur bir kuklanı bir neçə aktyor hərəkətə gətirməli olur. İstidə, nəfəsin darıxa-darıxa sən rolunun öhdəsindən gəlməlisən. Kuklaçı aktyorlar arxa planda gah sürünürlər, gah yuvarlanırlar. Kuklaçı olmaq kənardan çoxlarına asan görünsə də, heç də asan sənət deyil. O vaxt gözəl aktrisamız Ülviyyə Əliyeva bizim teatra yeni gələndə deyirdi bu nə çətin işdir. Elə bilirdim elə kuklanı əlinə alıb fırladırsan iş bitir. Elə aktyor var kuklanın əvəzinə özü oynayır. Bu peşəni təəssüf ki, İncəsənət Universitetində öyrətmirlər. Gələn aktyorları teatrda peşəkar aktyorlar öyrədirlər. Hər kuklaçı aktyor istənilən teatrda, kinoda gözəl rollar yarada bilər, amma  hər aktyor Kukla Teatrının aktyoru ola bilmir. Çünki çox çətindir. Spesifik bir sahədir, bu işin həddən çox xırdalıqları var. Bizim əziyyətimiz başqa teatrların aktyorlarınınkından qat-qat çoxdur. Pərdə altında, əlində saatlarla 5-8, bəzən daha ağır kuklalarla çıxış eləmək, onları düzgün hərəkətə gətirmək, canlandırmaq asan iş deyil. Bir stəkan suyu 15 dəqiqə əlini tərpətmədən havada saxlasan yorulursan, amma biz gün olub ki, hər biri 45 dəqiqə olmaqla eyni gündə 3 dəfə səhnəyə çıxmışıq. Hərdən avtobusa minəndə qoluma baxıb utanıram. Kişi kimi “muskullarım” var. İdmançı qoluna oxşayır. Çiynimdə yırtıq əmələ gəlib. Ağır iş öz nəticəsini bu şəkildə göstərib. Tamaşadan çıxıb evə gedəndə çox zaman əlimi, qolumu tərpətməyə, hansısa işi görməyə sözün hərfi mənasında halım qalmır.

- Dediniz işiniz çox çətindir.  Maaşlarınız yüksəkdir?

- Bu işin müqabilində maaşlarımız çox azdır. 13-cü kateqoriyada olan aktrisayam. Maaşım 560 manatdır. Kateqoriyası aşağı olan, yeni gələn aktyorlar daha az maaş alırlar. Direktorumuz Rəşad Əhmədzadə dəfələrlə müraciət eləsə də, bizim teatrı arxa planda saxlayırlar. Milli status alsaq, maaşlarımız ikiqat artar. Biz beynəlxalq festivallardan daima mükafatlarla gəlirik, ildə göstərdiyimiz tamaşaların sayı akademik teatrların tamaşalarının sayından çoxdur. O böyüklükdə kollektivdə cəmi iki nəfərə  Əməkdar artisti fəxri adı verilib. Teatrdan təqdimat getsə də, sıradan geridə qalmışıq. Aktyorlarımızın sosial vəziyyətinin yaxşılaşması üçün teatrımızın status almasını çox istəyirik. Sözsüz ki, teatrda çalışmaq, kukla sənətimizin inkişafı üçün var qüvvəmizi sərf etmək bizim üçün müqəddəs missiyadır. Digər tərəfdən, biz kuklaçılar sənətimizi, uşaqları, bizi sevərək izləyən balaca tamaşaçılarımız çox sevirik. Onların zövqünə uyğun nümunələr hazırlamağa çalışırıq. İllərdir ki, Azərbaycan Dövlət Kukla Teatrı milli kukla sənətimizin tərəqqisi üçün əlindən gələni edir. Üstəlik bizim teatr ölkədəki özündən savayı daha 4 kukla teatrının mərkəzi funksiyasını yerinə yetirir. Bütün bu mənəvi məsələləri nəzərə alaraq çox arzu edərdik ki, bizim teatr da milli status alsın. Sözsüz ki, bu bizimlə yanaşı digər dost kukla teatrlarının istər maddi təminatına, istərsə də yaradıcılığına böyük təkan verəcək. İllərdir bu sahədə xidmətə rəğmən teatrımız fəxri ad, mükafatlar sarıdan təəssüf ki, geridə qalır.
Hətta teatrımızın 90 illik yubileyində belə heç bir mükafatlandırma olmadı.

- Sizin fəxri adınız, mükafatlarınız var?

- Yoxdur. Ümid edirəm nə zamansa olar. Teatrda  göstərilən 10 tamaşadan demək olar ki 9-da mən varam. 6-7 ildir ən çox işləyən aktrisayam. İşlərim həddən artıq çox olur. Hərdən bir direktorumuz Rəşad müəllim deyir ki, bu qızdan nə istəyirsiniz, onu o qədər çox yükləməyin.

-  Heç  başqa teatrlardan, kinodan dəvət almısınız?

-  Başqa teatrlara getmək istəmirəm. Kuklaları, uşaqlarla işləməyi çox sevirəm. Mən həm də axı rəqs müəllimiyəm. 30 ildən sonra musiqi məktəbində, liseylərdə dərs deyirəm. 3 yaşımdan rəqslə məşğulam. Uşaqlarım da oxşayıb özümə. Rəqsi sevirlər. Bir yandan da ailə qayğıları.

- Evinizdə də kuklalar var?

- Olmazmı? Özüm də kuklalar hazırlayıram. Bizim teatrın çox gözəl kukla sexi var. Orda kuklaların necə hazırlanmasına diqqət edib, öyrənmişəm.

- Kuklaların bir - birindən fərqi var?

- Var əlbəttə. Mən ağzı açılmayan, gözləri hərəkət etməyən kuklaları sevmirəm. Düzdür , kukla nə qədər hərəkətlidirsə, onunla işləmək bir o qədər çətindir. Gərək hər hərəkətinin necə tənzimləndiyini yaxşı əzbərləyəsən. Amma, hərəkətli olanda tamaşa daha rəngli, daha canlı alınır. Ən çətin kuklalar marionet kuklalardır. Onların əl, qol, ağız, göz, qaş hərəkətlərini müxtəlif ipləri dartmaqla həyata keçirirsən. Gərək ipləri qarışıq salmayasan.

- İllərdir aktrisasınız. Amma üzünüz tanınmır. Bu sizi narahat edir?

- Mənə belə gəlir, bu sənəti sevirsənsə tanınmaq önəmli deyil. Tanınmaq istəsəydim bunu edərdim. Mən öz işim üçün yaşayıram. Adam var sənətini sevmir, dövlət işidir deyib maaşına görə gəlir. Amma məni maaş da maraqlandırmır da.  Problemim budur (gülür). İşimi çox sevirəm. Bu sənəti sevməyənlər dözüb qala bilmirlər. Bir il işləyib qaçırlar.

- Kuklanın hazırlanma prosesində iştirak edirsiniz?

- Bəli. Əvvəl rəssam eskizləri cizir, biz o eskizlər əsasında rolumuz üzərində məşq edirik. Lakin kuklanın hazırlanması prosesində orda olmalıyıq. Çünki kuklanın içərisinə quraşdırılan hərəkətverici cihazlar əlimizə uyğun olmalıdır. Elə kuklaçı var solaxaydır. Kuklalarla iş  özü də xüsusi ehtiyat tələb edir.  

- Səhnədə kuklalarla bağlı kuryoz anlar yaşanır?

- Olur əlbəttə. Bir də görürsən başı qopub düşür və ya hansısa hissəsində problem var. Kuklaçı texniklər daim pərdə arxasında dayanırlar, Problemi dərhal aradan qaldırırlar.

- Kiminlə eyni səhnəni bölüşmək sizə xoşdur?

- “Qırmızı papaq” tamaşasında bir canavar kuklasını iki aktyor canlandırır. Canavarın sağ əlini mən, sol əlini Cavid İbrahimov hərəkətə gətirir. Eyni kuklanın arxasında durmaq asan deyil. Gərək tərəf müqabilinlə bir-birinin işini tamamlayasan. Cavidlə mənə işləmək çox asandır. Ona da mənimlə rahatdır, başqası ilə işləyə bilmir.

- Tamaşaçılarınız uşaqlardır. Uşaq tamaşaçıların reaksiyaları daha  çılğın olur.

- Elədir. İndiki uşaqları nəyəsə inandırma çətindir. Onlarla daha ehtiyatlı işləmək lazımdır. Kuklaya can vermək lazımdır, taxta parçası kimi görünsə də, onu insan kimi canlandırmaq lazımdır. Kukla teatrında səs çox böyük rol oynayır.

Xarici ölkələrdəki uşaq tamaşaçılarla bizimkilərdə çox fərq var. Onlar daha çox sual verirlər. Bizimkilər daha çox hay - küy salırlar. Uşağı tamaşaya gətirəndə kollektivin rəhbəri onlara teatrda davranış qaydalarını da başa salmalıdır.Əsasən bildikləri nağılları oynayanda  istədikləri məqamı görməyəndə etiraz bildirilər. Mənə dəfələrlə səhnədə söyüblər. Bir dəfə “Göyçək Fatma” tamaşasında Fatmanı incidən Ögey ana rolunu oynayırdım. Mənə nələr demirdilər. Hündürdən qışqırıb səhnədən qovmağa çalışırdılar. “Dovşanın ad günündə” tülkünü oynayırdım. Tülkü dovşanı yeməyə çalışır.  Uşaqlar “rədd ol deyib” üstümə qışqırırdılar. Dovşanı məndən qoruyurdular. "Sən pissən" deyirdilər. İş burasındadır ki, o tamaşada elə o dovşanı da mən oynayırdım. Dovşanı sevib, tülküyə  nifrət edirdilər.

- Belə anlar ovqatınızı korlayır?

 - Yox, əksinə, xoşdur. Demək tamaşaya diqqətlə baxırlar, rolum inandırıcı olub.

 Fotoqraf: İlkin Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6072
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar