Lent.az-ın bugünki müsahibi “İmtahan” serialındakı Aydan obrazı ilə tanıdığımız gənc aktrisa Aydan Həsənzadədir.
- Aydan xanım, oxucularımıza özünüzü necə təqdim edərdiniz?
- Mən Aydan Həsənzadə. 26 yaşında gənc aktrisayam. Bakıda anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Memarlıq və İnşaat Universitetinə qəbul olmuşam. Hazırda ikinci təhsilimi bitirirəm. İlk təhsilim memarlıq olub, sonra isə teatr rejissorluğu üzrə təhsil aldım.
- Dediniz ki, ilk peşəniz memarlıq olub. Bəs sizi teatra gətirən səbəb nədir?
- Deməli, mən uşaqlıqdan həmişə aktrisa olmaq istəyirdim və yaxud da səhnə fəaliyyəti ilə məşğul olmaq. Gözümü açandan mən özümü səhnədə görürdüm. Biz müəllimlər və inşaatçılar ailəsiyik. O dövrdə ailəm mənim aktrisa olmağıma razı deyildi. Qohumlarımızın 60 faizi memarlığı bitirib.
Mən düşünüb, daşındım və elə bir fakültə tapmalı idim ki, orda mütləq yaradıcılıq olsun. Çünki yaradıcılıq olmasa, mən oturub oxuya bilmirəm. Elə buna görə də memarlığa yönəldim.
- Memarlıqda özünüzü tapa bildiniz?
- Əl qabiliyyətim çox yaxşıdı. İndi də arada hobbi olaraq məşğul oluram. Və orada yaradıcılıq var idi deyə qismən özümü tapdım. Amma yenə də fikrim teatrda idi. Hətta dulusçuluğu da bacarıram və evdə özüm üçün nələrsə hazırlayıram.
- Bəs, teatra gələnə qədər hansı mərhələlərdən keçmisiniz?
- Oxuya-oxuya işləyirdim. Ümumiyyətlə, 16 yaşından işləyən adam olmuşam. Həmişə sevmişəm ki, əlim, ayağım tutandan öz pulumu qazanım. Bir gün televiziya ilə tanış oldum. İş təklifi oldu və Azərbaycanın yerli telekanallarının birində müxbir kimi çalışmağa başladım. Bu sahədə yavaş-yavaş tanındım. Daha sonra reklam agentliyində dizayner işlədim. Orda da bəzi insanlarla tanış oldum və günlərin bir günü “Xəzər tv”də “İmtahan” adlı təzə serial başlayırdı. Həmin seriala yeni kollektiv yığırdılar. O zamanlarda mən hobbi olaraq həm də gözəllik yarışmalarından iştirak edirdim. Çünki səhnə var idi. Qəşəng geyinib, səhnəyə çıxırdım. Və içimdəki səhnə sevdasını onunla öldürürdüm. Məni fotomodel kimi tanıdıqları üçün serialın seçmələrinə dəvət etdilər. Seçmələrdə iştirak etsəm də, keçəcəyimə inanmırdım. Amma çox xoşbəxtəm ki, kastinqdən keçdim. Yəni belə-belə sevdiyim sahəyə keçid etdim.
- Memarlıqdan teatra keçmək üçün ailənizi necə razı saldınız?
- Belə deyim də, kastinqdən keçəndə artıq 13 yaşlı uşaq yox, yetkin 20 yaşlı bir qız idim. Seçmələrdən keçdim və başladım. Ailəm yenə də razı deyildi. Qorxurdular öz peşəmi – dizaynerliyi ataram. Amma mən deyirdim ki, bu bir hobbidi. Yəni sadəcə ürəyimdə qalmasın. Çünki bir arzum yerinə yetmişdi və mən bunun dadına baxmaq istəyirdim. Və hobbi deyə-deyə artıq bu sahəni daha dərindən araşdırmağa başladım. Sonra qərara aldım ki, universitetə qəbul olub, o diplomu almalıyam. Çünki özümü bu sahədə həqiqətən görürəm. Yəni daha çox bu sahə adamıyam, nəinki memar. Amma memarlıq mənə çox kömək olur. Məsələn, universitetdə qurduğum tamaşalarda rəssama ehtiyacım olmur. Onu özüm edirəm.
- Necə deyərlər, bizim ölkədə mental düşüncə çoxdur. Ailənizin qarşı çıxması da mental düşüncədən irəli gəlirdi?
- Ailə müəyyən yerə qədər qarşı çıxdı, çünki ailəni də anlamaq lazımdı. Bizim ölkədə qız uşağı böyütmək çətindir. Onlar ilk zamanlar qorxurdular ki, bu qız başqa bir sahədən gəlib, digər incəsənət sahəsinə yönəlir. Bu necə olacaq, həyatını məhv eləyəcək. Yəni onların ilk fikri aktrisalığa keçəndən sonra Aydanın həyatını məhv edəcəyi idi. Amma bir müddət sonra ailəm gördü ki, öz üzərimdə çalışıram. Bununla yanaşı, ilk peşəmi də buraxmamışam.
Artıq bunları müşahidə etdikdən sonra valideynlərim mənə dəstək oldular və hazırda da arxamdadırlar və qürur duyurlar. Mən də valideyn olsam, uşağımın birdən-birə həyatının istiqamətini dəyişməsində narahat olaram. Hazırda çox xoşbəxtəm. Çünki olmaq istədiyim yerdəyəm və çalışıram. Və çox sağolsunlar ki, əziyyətimi qiymətləndirirlər.
- Bir müddət əvvəl həmkarınız Tural Ələkbərovla qurduğunuz ailə həyatının dağılma səbəbi nədir?
- Belə deyim, biz bu mövzunu mediaya çıxartmırıq. Çünki ikimizin arasında olan məsələdir. Bir-birimizin hələ də hörmətini saxlayan, xətrini çox istəyən insanıq. Əsas məsələ hazırda eyni sahədə çalışırıq. İki insanın arasında olan bir problem gündəmə gəlməməlidir. Bu qeyri-adi bir hal deyil. Təbii ki, hər kəsin başına gələ bilər.
- Müsahibənizin birində Turalın çox qısqanc olduğunu demişdiniz. Ayrılmaq səbəbiniz qısqanclıq ola bilərmi?
- Bu məsələ ilə gündəmə gəlmək istəmirəm. Bəli, münasibətimiz dövründə elə anlar olub. Amma bununla yox, peşəmlə gündəmə gəlmək istəyirəm. Ona görə səbəbləri açmayacam.
Çünki ona çox hörmət edirəm, o mənim üçün hələ də dəyərli biridir. Onun xəbəri, icazəsi olmadan nəyisə açıqla bilmərəm.
- Bəs, bu prosesdən keçən biri kimi deyə bilərsinizmi ki, gənc qızlar ailə seçimində nəyə diqqət etməlidir?
- Bu çətin məsələdir. İnsan var 30 il, 25 il bir yerdə yaşayırsan, səhv seçim olduğunu sonra bilirsən. İnsan da var ki, iki ilə tanıyırsan. Amma görürsən ki, düzgün seçim idi. Ona görə bu şəxsi seçimə. Dostlar arasında oturanda danışırıq deyirəm ki, doğrudan da bu bilinmir. Çünki həqiqətən ailə də sürpriz kimi bir şeydi.
40 illik ailələr də dağılırsa, bir gün insanlar oyanıb artıq bir-birinə aid olmadığını hiss edirsə, biz bilə bilmərik ki, mən seçim edəndə düzəm yoxsa, səhv? Çünki onsuz da onu seçəndə elə bilirdim ki, düz eləmişəm. Amma sonra səhvimi anladım. Yəni bunun mənə görə bunun bir düsturu yoxdur.
- Gələcəkdə canlandırmağı arzuladığınız hansısa obraz varmı?
- Bu sualı mənə iki dəfə veriblər. Özümə məqsəd kimi hansısa obrazı canlandırmağı qoymuram. Çünki o obrazı canlandırmasam, ürəyimdə qalacaq.
Təklif olunan hər yeni obraza elə arzuladığım kimi yanaşıram. Əlbəttə ki, ssenarini oxuyuram və görürəm ki, bu mənə yaxındır canlandırıram. Yəni beynimdə müəyyən obraz yoxdur. Gəlib 60-65 yaşıma çatıb, o obrazda rol almasam, ağlımda qalacaq. Həyatımı anına görə yaşayıram.
- Aydın xanım, gələcək üçün şəxsi planlarınız nədir?
- Bəlkə də, bu arzum qəribə səslənəcək. Amma arzu edirəm ki, bir ərazim olsun. Orda itlər üçün evlər tikim. Və sahibsiz itlərin hamısını sahiblənim. Ən böyük arzularımdan biridir.
Amma peşəmlə bağlı isə gələcək arzum xarici ölkədə magistr təhsili almaqdır.
- Bildiyim qədəri ilə bir zamanlar müxbir olaraq çalışmısınız. Bu necə baş verdi? O zamanki xatirələrinizi necə xatırlayırsız?
- Bəli, qısa müddət sizinlə həmkar oldum. O zamanlar çox çətin idi. Çünki balaca idim – 17 yaşım vardı. Bu sahəyə də gəlməyim çox qəribə bir hadisə ilə baş verdi.
Anamla restoranda yemək yeyirdik. Tanımadığım bir şəxs yaxınlaşıb dedi ki, biz efir üçün müxbir axtarırıq. Sizin də simanız efirə çox uyumludur. Kastinqə getdim. Çox təcrübəsiz idim. Dedilər ki, gəl səni burda müxbir kimi saxlayaq. Sən bu televiziya işini öyrən, daha sonra aparıcılıq edərsən. Mənə çox maraqlı idi və razılaşdım. Əvvəl çox çətin idi, sadəcə baxırdım. Ümumiyyətlə, bu iş necə baş verir? Səs yazma necə olur, necə müsahibə götürürlər.
Bir gün məni qabağa itələdilər ki, get müsahibə al. Həyəcandan nəyi necə edəcəyimi bilmədim. Mövzum ətrafında araşdırma apardım, maraqlı sualları çıxardım. Və getdim müsahibə aldım, pis alınmamışdı. İlk dəfə üçün yaxşıdı idi.
Daha sonra başladım məqalələri rus dilindən Azərbaycan dilinə tərcümə eləməyə. O məqalələr əsasında veriliş hazırlanırdı. Daha sonra reklam agentliyindən iş təklifi aldım. Bununla da jurnalistika həyatım bitdi.
- İlk peşənizə vaxt ayıra bilirsiniz?
- Özümü yalnız aktrisalıq, rejissorluğa bağlamışam. Çünki vaxtım çatmır. Sadəcə boş vaxtım olanda nələrsə çəkirəm, suvinerlər düzəldirəm, qolbaqlar hazırlayıram. Bunları isə yalnız sakitləşməyim üçün edirəm. Çünki yaradıcılığım məni sakitləşdirir.
- Rəsm çəkməyi uşaqlıqdan öyrənmisiz?
- Uşaqlıqda incəsənətlə çox məşğul olmuşam. Skripkaya getdim, amma axıra qədər davam etdirə bilmədim. Çünki əsəblərim dözmədi. Amma özümü yalnız rəsmdə tapdım. Hətta əsəbiləşirdim, pis qiymət alırdım gəlirdim rəsm çəkirdim. Amma mənim rəsmdənsə, rəsm xəttim daha güclü olub.
- Görünən odur ki, bu yaşınınıza qədər özünüzü çox sahədə sınamısınız. Deyəsən, risk etməyi sevirsiniz?
- “Heç vaxt, heç vaxt demə, sına uduzmaqdan qorxma” – beynimdə ancaq bu sözlərdir. Müəyyən yaşa qədər risk etmək lazımdır. Bəlkə də, mən 40 yaşında bu risk eləyə bilməzdim. Amma 19 yaşımda bu riski etdim və aktrisalığı seçdim. Çünki insan cavan olanda çox şey edə bilər. Yəni indiki zaman elədi ki, imkanlar, peşələr çoxdur. Bəzi peşələrə yiyələnmək üçün bunun təhsili belə lazım deyil. Sadəcə buna qabiliyyətin varsa, sən peşə məktəblərində özünü inkişaf etdirə bilərsən. Risk etməkdən qorxmayın, arzunuz varsa o arzunun arxası ilə gedin. Mən istəmirəm ki, bir gün 70 yaşında peşmançılıq çəkim ki, kaş o vaxtı verilən şansı dəyərləndirərdim.