“Həyat yoldaşımın xəyanətləri ilə üzləşdim, unutmaq üçün Məşhədə getdim” – Aktrisa ilə MÜSAHİBƏ
11 dekabr 2024 14:34 (UTC +04:00)

“Həyat yoldaşımın xəyanətləri ilə üzləşdim, unutmaq üçün Məşhədə getdim” – Aktrisa ilə MÜSAHİBƏ

Lent.az-ın müsahibi aktrisa Azərbaycan Dövlət Milli Gənc tamaşaçılar teatrının aktrisası Simuzər Ağakişiyevadır.

Qeyd: Simuzər Ağakişiyeva 1972-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. Mikayıl Mirzə, Şəfiqə Məmmədova, Bəhram Osmanov kimi sənətkarlardan dərs alıb. Rejissor Cənnət Səlimovanın sevdiyi aktrisalardandır.
Teatrdakı fəaliyyəti ilə yanaşı  “Qoç döyüşü” , "Sirr”, "Qan qohumları", "İfşa-1", "Solğun çiçəklər", "Uçurum", "46-cı qapı" seriallarına, “Pəncərə” və “Prokuror” bədii filmlərinə çəkilib.

- Simuzər xanım, şöhrət, yoxsa sadə, zəhmətkeş ömür. Seçmək imkanınız olsa, hansını götürərdiniz? 

- Bəzən tanınmış adamlar var ki, böyük titulları, şanı, şöhrəti olur, amma baxırsan ki, bir qəpiklik insanlığı yoxdur, şəxsiyyət deyil. Ya da bəziləri şəxsiyyəti oynayır, rola girir. Tanıyırsan və tanıdıqdan sonra peşman olursan. Özü də bir çoxu tanınmış, adlı-sanlı adamlardırlar. Onun-bunun işinə əngəl olan, badalaq vuran, paxıllığını çəkən, problem yaradan o qədər tanınmış “şəxsiyyət” var ki. Dünən toydaydım və tanınmış bir adam gördüm orda, teatr rəhbəri olub. Səhhəti çox pis vəziyyətdə idi. Bir zamanlar hamıya o qədər yamanlıq eləmişdi. Düşündüm ki, ömrü elə yaşamalısan ki, pis günə düşəndə dost-düşmən sevinməsin. Kimsə yarım saat sonra başına nə gələcək bilmir. Allah heç kimi sağlıqla sınağa çəkməsin.

- Çox çıxıb qarşınıza belələri?

- Çox. O qədər mənim xəbərim olmadan işlərimə əngəl olublar. Həm də ən ağır günlərimdə. İş çıxıb mənim üçün, amma deyiblər ki, o, məşqlərə gələ bilməz, çəkilə bilməz, evdə xəstə uşağı var, bacarmayacaq. Halbuki mənim o işə ehtiyacım var idi. Elə o xəstə uşağın xətrinə. Anam da, bacım da uşağa baxmağa kömək edirdilər və sağ olsunlar bu günə qədər edirlər.

- Nə xəstəliyi var övladınızın?

- Anadangəlmə serebral iflicdir. Yataq xəstəsidir. Yalnız eşidə bilir. Gözləri görmür, danışa, hərəkət edə bilmir. Əkiz qızlarımın biridir. Biri sağlam gigəri belə. Hələ də anlaya bilmirik o anadangəlmə elə olub, yoxsa sonralar aparılmış yanlış müalicə onu bu hala salıb. Həkimlər günahı atdılar bir-birlərinin üstünə. 16 yaşı var. 

- Neçə övladınız var?

- 3. İki qızım bir oğlum var. O zamanlar ən ağır, ən həssas vaxtlarım idi, o çətin anlarımda belə mənə bu şəkildə zərbə vurmaq ən azından günah idi. Sonra üzlərinə demişəm ki, bilmək olmaz kimin başına nə gələcək. Bəlkə də yaşlaşıram ya qocalıram daha adi gəlir hər şey mənə. Daha küsmürəm. Kimsə pislik edəndə  anlayıram ki, yaxşılıq edən də, pislik edən də özünə edir, özgəyə yox. Hər şey bumeranq kimi üstümüzə qayıdır. Valideynlər yaxşı dərk eləməlidirlər ki, etdikləri yaxşılıq da pislik də övladlarımızın qarşısına çıxır. Dədə-babadan deyərdilər evlənəndə arvadın 7 arxa dönənini araşdır. Çünki oğurluq da fahişəlik də genetikdir. Yaşa dolduqca bunu daha gözəl anlayırsan. Ot kökü üstə bitir də.

- Gözəl qadınsınız. Özünüzü qadın kimi xoşbəxt hiss edirsiniz?

- Qadını nə xoşbəxt edər? Yanında güclü kişi olarsa və balalarından yarıyarsa. Ən böyük arzumdur övladlarımdan yarıyım. Həyat yoldaşımın dəfələrlə xəyanətləri ilə üzləşdim. Bir yox, bir neçə dəfə. Onu o qədər sevirdim ki, çox şeyləri bağışlayırdım, ondan qopa bilməyəcəyimi anladığı üçün rahat idi bəlkə də. Bir gün getmək istədiyini dedi, gedəni saxlamazlar ki, get dedim. Dedim getsən, nəinki üzümə, səsimə də həsrət qalacaqsan. İnanmadı. Çox acı çəkmişdim. Onu unutmaq içimdən çıxarmaq üçün Allaha çox dualar etdim. Hətta Məşhədə getdim və o müqəddəs məkanda dua elədim ki, onu unuda bilim, yadımdan çıxsın. Siz inanmazsınız, sanki o acılar-ağrılar, o sevgi övlad doğulurmuş kimi sancı ilə doğuldu, çıxdı içimdən. Elə bil köklü bir ağacın ruhumu cıra-cıra  ürəyimdən çıxışını hiss etdim. Allah eləsin ömrümün sonuna qədər bir daha onun üzünü görməyim. 

- Evlənib o?

- Ayrılarkən mənə bilirsiniz nə dedi? Sən mənə səhər çörəyi vermirdin. Bizim bir şikəst övladımız var və mən hər səhər ilk növbədə ona qulluq etmək məcburiyyətində qalırdım. Bu heç də asan deyildi. Ola bilsin ki, hərdən çatdıra bilmirdim. Amma bu boşanma səbəbi idi? Axı uşağın xəstələnməsində günahkar deyildim, o övlad tək mənim deyildi. Bunu önünə qalxan tutub getmək nə dərəcədə vicdana sığardı? Ona qarğış etmişdim. Demişdim səni mənim sevgimə möhtac qalasan, kimsə mənim qədər sevməsin səni. İndi ailəlidir, iki övladı var. Amma bilirəm ki kimsə sevmir onu mənim və övladları qədər. Görəsən indi ona səhər çörəyi verirlər?

- Bir övladınız xəstədir dediniz. O övladları ilə görüşür?

- Hərdən o biri uşaqlarla zəngləşir. Xəstə övladı ilə isə heç maraqlanmadı. Ayrıldıqdan sonra da tamamən soyudu. Sanki heç elə bir balası olmayıbmış kimi davranır. Ona görə nələri qurban verdim. Sənətimdə çox şeydən keçməli oldum. Hələ nə yaxşı ki, onun ağlına uyub işimdən uzaqlaşmamışam. Bu gün arxasına baxmadan dönüb gedib. Görəsən heç düşünmədimi ki, mən onu sanki səhranın ortasında tək, heç nəsiz qoydum getdim. Halı necə olacaq? Axı ən azından insan olaraq....

- Bildiyimə görə o sizin ikinci həyat yoldaşınızdır...

- Bəli. İkinci evliliyim idi. Əslində boşanmış qadınla evləndiyi üçün atası çox təzyiq edirdi ona. Ay aktrisadır, ay ayrılmış qadındır deyə-deyə çökdürdü aramızdakı münasibətləri.  Çox qəzəbli idim qayınatama. Həddən çox. Bu yaxınlarda eşitdim ki, onkoloji xəstəliyə tutulub. Çox pis oldum. Qəzəbim, hirsim bir anın içində su kimi axdı getdi sanki. 

- Bayaq dediniz hər qadının həyatında güclü bir kişi olmalıdır. Bundan sonra necə,  istəyərsiniz olsun o güclü kişi?

- Keçmiş ərim nə qədər gözəl duyğularım var idi, hamısının cəlladı oldu, öldürdü getdi nə gözəlliklər vardısa. Mən kişilərə yalnız dost, iş yoldaşı kimi baxa bilirəm. Sevgi filan, alınmaz məndə. Yoxdur o hiss artıq. O qədər ki, həyatın yükünü tək çəkdim zahirən zərif qadın kimi görünsəm də içimdə elə bil kişi yatır. Bir dəfə Türkiyədən bir aktyor dostum qonaq gəlib. Kişidir. Ona şəhəri gəzdirdim. Yorulduq, taksi çağırdıq. O taksinin pulunu özü vermək istədi, dönüb necə tərs-tərs baxıdmsa, yaxşı-yaxşı erkək Tükəzbanlığın tutmasın dedi. O erkək Tükəzban zəbt edib ruhumu. Evimdə təmir gedir. Dərnəgülə getmişəm. Tikinti materialları bazarına. Hər yerdə kişilər. Bir az gəzdim, sanki birdən ildırım vurdu məni. Öz-özümə dedim ki, sən burada nə gəzirsən? Axı, sən qadınsan. Mən özümə qadın kimi yaşamaq şansı vermədim. Həmişə hər yükü çiynimə çəkdim. Ana oldum, dost oldum, xidmətçisi oldum, amma şahzadə qadını ola bilmədim.

- Bildiyimə görə, birinci Qarabağ müharibəsində də iştirak etmisiniz. Yəni bu kişi mərdanəliyi ailə həyatı ilə gəlməyib, görünür elə xəmirinizdə olub.

- Bəlkə də.

- Müharibəyə gedəndə valideynləriniz narazılıq etmədi?

 20 yaşlı qız idim. Etməzdilərmi? Eşitmədim. İndi hiss edirəm ki, nə qədər incitmişəm onları. Amma peşman deyiləm. Çox patriot insanam mən. Dünyada elə bir sevgi yoxdur ki, o vətən sevgisini əvəzləsin. İnanın, elə sevgi yoxdur. İkinci müharibədə də getmək istəyirdim hətta. Veteran sənədim belə yoxdur, amma sənədlə adıma silah olub. Tək mən deyil, bu sözü Birinci Qarabağ savaşında vuruşan hər bir kəsdən eşidə bilərsiniz. Biz o vaxt məğlub idik, nəyimizə lazımdır veteran olmaq. Heç birimiz istəmirdik. Müharibə dəhşətdir. Ondan heç kim sağ çıxmır. Mütləq travmalar qoyur. O günlərdə rəfiqəmlə parkda gəzirdik. Toy fişəngləri atıldı, bir anlıq o atəş səsləri gəldi qulağıma, əlim - ayağım əsdi. Çox pis hala düşdüm. O günlər unudulmaz.
1992-ci ildə tələbəydim, Çingiz Mustafayev televiziyada çağırış etdi, dedi kim özünü qəhrəman hiss edirsə gəlsin. O çıxışdan sonra tələbə yoldaşlarımla Müdafiə Nazirliyinə müraciət etdik, dedilər, gedin dərsinizlə məşğul olun. Amma vaz keçmədik. Könüllü Ağdam rotasına getdik. 1 il qaynar döyüşlərdə olmuşam, kəşfiyyatçılıq etmişəm.

Ağdama gedəndə beş-altı qız idik, onlar qayıtdılar, mən qaldım. İnanın, müharibədə bir gecə yaşamaq özü qəhrəmanlıqdır. Hər gecə deyirdik ki, yəqin bu, son gecəmizdir. Müharibədə qalmağımı əsgər dostlarım istəmirdilər. Bir gün kəşfiyyata getmişdik. Sıra ilə durmuşuq, sırada səkkizinci idim, hamımız yerə uzanmışıq, siqnal gözləyirik. Bir anlığa yuxuya getmişəm. Gözümü açanda elə bildim ki, bir əsrdir yatmışam. Çox peşman idim. Komandirimiz Müşfiq Abbasov məni çağırdı, gözümün içinə baxa-baxa, əlləri ilə işarə etdi ki, bura gəl. Yanına gəldim, dedi bax. Baxdım ki, yanımızda bir, bir az aralıda iki meyit var idi. Onları mənə göstərməyinin səbəbi var idi. O istəyirdi ki, mən meyitləri görüb, qorxum və oradan gedim. Deyirdi bilmirəm, döyüşüm yoxsa sənin dərdini çəkim.

Həmin gecə mühasirəyə düşmüşdük. Müşfiq dedi sağ tərəflə qaç get buradan. Dedim sizi qoyub gedə bilmərəm. Silahı mənə tuşladı, dedi sənə əmr verirəm, get. Dedim  ölərəm, getmərəm. Alnımdan öpdü. Müşfiq Abbasov II Qarabağ müharibəsində şəhid oldu. İki oğlu ilə getmişdi. 

- Ölümdən, yaralanmaqdan qorxmurdunuz?

- Yox. Yanında o qədər əzizlərin, dostların ölür, deyirsən onlardan mən artığam? Adamın ağlından da keçmir. Əgər əsir düşsəm, ehtimalı ilə məni partlatsın deyə, əsgərlərdən birinə “limonka” vermişdim. Qismətdə yaşamaq varmış.

- Yaşamaq və o günləri xatırlamaq üçün “Qəhrəmanlıq nümunəsi” kitabını yazmaq,   “Gözümün nuru vətən” adlı sənədli filmini çəkmək...

- Bu mənim qazilərə borcum idi. Layihələrim var yenə qismət olsa reallaşdıracam.

- Sənətdə uzun bir yol keçmisiniz. Aktrisa kimi sənət taleyinizdən məmnunsunuz?

- Yox. Çox şey edə bilərdim. Həyat belə gətirdi ki, etmədim. Amma ruhumda o güc, o sevgi var, böyük işlər hələ qabaqdadır.

Fotolar: Rüfət Mustafayevindir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3309
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar