“Hekayəmi mötəbər adamlar sevir, qalanları bəyənməsə də olar” – Anar
31 iyul 2024 15:26 (UTC +04:00)

“Hekayəmi mötəbər adamlar sevir, qalanları bəyənməsə də olar” – Anar

Bu günlərdə Xalq yazıçısı Anarın “Qatardan qalan adam” hekayəsi dərc olunub.

Yazıçının hər əsəri kimi bu hekayə də cəmiyyətdə müzakirələrə səbəb oldu, başqa sözlə desək, tərpəniş yaratdı, sükutla qarşılanmadı.

 Hekayənin qısa mətni belədir. Xaricə iş görüşməsinə gedən gənc, varlı azərbaycanlı iş adamı mənzil başına çatmamış siqaret almaq üçün Macarıstanda qatardan düşür. Buna qədər müəllif uzun-uzadı cümlələrlə onun həyatından bəhs edir və arada bir cümlə ilə şəkər xəstəsi olduğunu da bildirir. Siqaret aldıqdan sonra mindiyi qatara gecikir, üzərində telefonu olmadığı üçün kimsəyə zəng edə bilmir. Bütün pulu qatarda qalan, dil bilməyən uğurlu iş adamı kömək ala bilmədiyi üçün şəkər komasına düşüb ölür və heç kimin onun kədərli aqibətindən xəbəri olmur.

Hekayənin sonu dövrümüzün reallığının acı güzgüsüdür. Telefonun yoxdursa, sən hər şeyini itirmişsən, çünki süni intellektdən demək olar ki, asılı vəziyyətdəyik. Pulun və tanışlıqların yoxdursa, hər nə qədər qabiliyyətli olursansa ol, cəmiyyət səni qəbul etmir, hətta ayaqlayıb keçməyə belə hazırdır. Hekayənin buraxdığı təəssürat budur və gözlənilməz sonluq maraqlıdır. Sadəcə giriş bir qədər uzundur və darıxdırıcı üslubda yazılıb.

Ədəbiyyatsevərlərin bir qismi hekayəni müsbət dəyərləndirsə də, bir çox gənc yazarlar Xalq yazıçısının yeni hekayəsini tənqid edir.

 “Anar gör artıq nə səviyyəyə düşüb ki, belə hekayələr yazır” deyə müxtəlif şərhlər bildirilir. Bəziləri əsərin qəhrəmanının Anarın özü olduğunu , müəllifin  baş rolda özünün nəzərdə tutduğunu yazırdılar. Bu şərhlərin əksəriyyəti isə gənc yazarlardan və tanınmış media nümayəndələrindən gəlir.

Bəs görəsən Anar özü bu hekayəni necə qiymətləndirir və tənqidi fikirlərə qarşı münasibəti necədir?

 Lent.az-a açıqlama verən Xalq yazıçısı bildirib ki, intellektual adamlar onun bu hekayə ilə nə demək istədiklərini anlayıblar, yerdə qalanların fikri onun üçün önəmli deyil.

“Mən belə şeylərə fikir vermirəm. Hekayəni müsbət qiymətləndirənlər daha mötəbər adamlardırlar, onlara təşəkkür edirəm. Başqaları haqqında heç nə demək istəmirəm, mənim üçün heç bir əhəmiyyəti yoxdur. Hekayədə özümü nəzərdə tutduğumu deyənlər isə yanılıblar, düzgün analiz eləməyiblər”,- deyə yazıçı bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4422
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar