Bəzən elə hekayələr olur ki, onlar üçün tammetrajlı film kifayət etmir, on mövsüm isə artıq həddindən çoxdur. Məhz belə məqamda mini-seriallar səhnəyə çıxır - hər kadrın dəyərli olduğu, süjetin sonsuz dialoqlarla uzadılmadığı ideal format.
Bu, bir neçə saatlıq ekran vaxtına sıxışdırılmış, bir həftəsonuna “udula” bilən, amma təsiri həftələrlə insanı düşündürən konsentrat emosiyalardır.
Lent.az həftə sonu izləyə biləcəyiniz 10 təsirli filmi təqdim edir.
Bir gecə
Nyu-Yorkda yaşayan pakistan əsilli tələbə Nazir Xan, ya da sadəcə Naz, bir gecə valideynlərinə məxsus taksidən istifadə edərək macəra axtarışına çıxır. Və onu tapır - cazibədar bir yad qadını. Lakin arzu çox tez kabusa çevrilir. Səhər polis qızın cəsədini tapır və Naz qətldə ittiham olunur.
8 seriyadan ibarət bu serial mürəkkəb və dolaşıq bir cinayət istintaqından bəhs edir. Ədalət sistemi öz şəffaflığını və ədalətini sübut edə biləcəkmi?
Qara quş
Hadisələr 1990-cı illərin ortalarında ABŞ-ın Orta Qərb bölgəsində cərəyan edir və keçmiş məktəb futbol ulduzu olan Ceyms Kinin həyatından bəhs edir. Polis olan atasına baxmayaraq, o, cinayət yolu seçir.
Narkotik və silahın qanunsuz saxlanmasına görə 10 il müddətinə, vaxtından əvvəl azad olunma şansı olmadan həbs edilir. Cəzanı yüngülləşdirmək üçün FTB ilə riskli bir razılaşmaya gedir. Onun vəzifəsi dəli bir serial qatili Larri Hallun etimadını qazanmaq və onun 18 qurbanının harada dəfn edildiyini öyrənməkdir.
Asılılıq
Əczaçılıq nəhəngi Purdue Pharma bazara OxyContin adlı yeni ağrıkəsici dərman çıxarır və həkimlərə onun demək olar ki, asılılıq yaratmadığını vəd edir.
Virciniyada bir mədən şəhərciyində çalışan doktor Samuel Feniks tərəddüd etmədən bu dərmanı xəstələrinə təyin edir. Əvvəlcə hər şey möcüzə kimi görünür, lakin tezliklə insanlar sürətlə asılı hala düşür, dozalar artır və şəhər xaosa sürüklənir.
Ceykobu müdafiə edərkən
Endi Barber — Boston şəhərində dairə prokurorunun müavini və nümunəvi ailə başçısıdır. Həyat yoldaşı Lori isə xəstə uşaqlara yardım edən xeyriyyə mərkəzinə rəhbərlik edir. Lakin onların həyatı, 14 yaşlı oğulları Ceykob sinif yoldaşını öldürməkdə şübhəli bilinərək polis tərəfindən saxlanıldıqda alt-üst olur.
Oğlunun günahsız olduğuna inanan Endi, məhkəmədə onun bəraət alması üçün hər şeyə hazırdır.
Hill Hausun kabusları
Stiven Kreyn “Hill Hausun kabusları” adlı kitabın müəllifi olan məşhur yazıçıdır. Bu, onun uşaqlıq xatirələrinə əsaslanan avtobioqrafik romandır. Stiven valideynləri Hyu və Oliviya, qardaşı Lyuk və bacıları Şirli və Teo ilə birlikdə mistik bir evdə yaşayırdı.
Ailə paranormal hadisələrlə üzləşir və Oliviyanı itirərək evi tərk etməyə məcbur qalır. Anasının ölümü bütün ailəni dərin travmaya sürükləyir. İllər sonra Stiven bu ağrılı xatirələrdən kitab yazır, lakin bu, ailə üzvlərinin hamısının xoşuna gəlmir.
Mühafizəçilər
Süjet polisin maska taxdığı alternativ bir reallıqda cərəyan edir. Polis əməkdaşı Çarli Satton Roşaxın ideyalarından ilhamlanan “Yeddinci Kavaleriya” qruplaşmasının hücumu zamanı yaralanır.
Keçmiş polis Anjela Abar istintaqa qarışmağa qərar verir və onu keçmişin sirli hadisələrinə aparan gizli bir təşkilatın izinə düşür. Serial ədalət, kimlik və mənəviyyat mövzularını araşdırır.
Keçid yaşı
Kiçik bir şəhərdə baş verən dəhşətli hadisə Miller ailəsinin həyatını alt-üst edir. 13 yaşlı Ceymi sinif yoldaşını öldürməkdə ittiham olunaraq həbs edilir.
Atası, yerli polis və sosial xidmət orqanları istintaqa başlayır və bu proses gözlənilməz nəticələrə gətirib çıxarır. Günlər keçdikcə yeni faktlar üzə çıxır və böyüklər yeniyetmələrin problemlərinə daha dərindən baxmağa məcbur qalırlar.
Gecəyarısı messası
Çətin həyat yaşamış Rayli Flinn sakit bir balıqçı adasına qayıdır və ailəsinin yanında təsəlli tapmağa çalışır. Ada sakinlərinin həyatı kilsə ətrafında cəmlənib.
Yeni keşiş ata Polun gəlişindən sonra adada izaholunmaz hadisələr baş verməyə başlayır - həm möcüzələr, həm də qorxulu əlamətlər. Rayli və digər sakinlər hiss edirlər ki, burada nəsə qaydasında deyil.
Silahdaş qardaşlar
Məktəbi bitirdikdən sonra dörd dost vaxtlarını əyləncələrdə və məqsədsiz keçirirlər. Həyatının mənasızlığından bezən Maykl radikal bir addım atmağa qərar verir və dostlarına bank soymağı təklif edir. Bu ideya həyatlarına məna qatmaq cəhdi olsa da, hamı üçün faciə ilə nəticələnə bilər.
Dava-dalaş
Deni və Emi tamamilə fərqli həyat sürürlər, amma heç biri öz həyatından razı deyil. Təsadüfi bir qarşılaşma onların taleyini dəyişir. Deni az qala Eminin maşını ilə toqquşur və onun tərəfindən təhqir olunur. O, bunun qisasını almaq istəyir. Emi də geri qalmır. Onlar bir-birinə zərər verməyə başlayırlar.