Əri ilə adına söz çıxan, ona evlənmə təklifi edən məşhur rejissorla MÜSAHİBƏ
14 mart 2024 17:05 (UTC +04:00)

Əri ilə adına söz çıxan, ona evlənmə təklifi edən məşhur rejissorla MÜSAHİBƏ

Lent.az-ın budəfəki müsahibi olduqca maraqlı insandır. Kinorejissor, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səida Haqverdiyeva həyatını ekranlaşdırası olsa, maraqlı bir film alınar. Nələr olub, nələr?. Müsahibəmizi oxusanız xəbər tutacaqsınız.

- Səidə xanım, sizi bütün məclislərdə, sosial şəbəkələrdə həyat yoldaşınız - Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə birgə görürük. Əslində ər-arvaddan daha çox, sevgili cütlüyə, nişanlıya bənzəyirsiniz...

- Hamı belə deyir. Hətta əvvəllər evli olduğumuzu bilməyib adımıza söz də çıxarmışdılar. Demişdilər Rəşad müəllim teatrın rejissorunu saxlayır. Çoxları uzun müddət evli olduğumuza inanmadı. O ərəfədə mənim üstümə çox gəldilər, hətta ailə dağıdan qadın kimi gördülər. Halbuki belə deyildi. Heç bir irada, söhbətə cavab vermədim. Sonda həqiqət üzə çıxdı. Gülməli olsa da, bəzən indi də qeyri-qanuni yaşadığımızı düşünənlər var. Yəqin elə bunlara görə rəhmətlik anam həmişə deyirdi ki, bircə dəfə ZAQS kağızını sosial şəbəkədə paylaş, camaat rahatlaşsın (gülür). Amma mən buna da ehtiyac duymadım. Çünki bizim münasibətimiz görüntü üzərində qurulmayıb axı.

- Nə üçün gizli saxlayırdınız ki?

- Bu mənim birinci, Rəşadın ikinci evliliyi idi. Biz evlənəndə Rəşad rəsmi şəkildə yeni ayrılmışdı. Baxmayaraq ki, münasibətləri iki il öncə bitmişdi. İki övladı var idi. Biz toy etmədik. Bunun üçün hansısa maneə də yox idi. Sadəcə toy anlayışı mənə yaddır,  duvaqdan həmişə zəhləm gedib. Hər qız kimi gəlinlik arzum olmayıb. Sizə maraqlı bir fakt deyim. Mən özüm ilk dəfə Rəşada onu sevdiyimi demişəm və qoşulub qaçmışam. Buna qaçmaq da demək olmazdı. Anamgil başqa biri ilə evlənməyimi istəyirdilər. Mən  də zəng vurub onu seçim qarşısında qoydum. Dedim sevirsənsə, gəl məni apar. Rəşadla bir-birimizi sevdiyimizi heç kim, ən yaxın dostlarımız belə bilməyib. Hazırlandım çıxdım, onunla getdim.

- Ailəniz narazılıq etdi?

- Əvvəl hə. Amma sonralar Rəşadı məndən də çox sevdilər. Anam deyirdi, o, bizim aramıza düşmüş bir mələkdir. Rəşad çox qayğıkeş, çox səxavətli, çox mehriban, ümumiyyətlə, yüksək insani keyfiyyətləri, xarakterik xüsusiyyətləri olan bir insandır. Onda olan mərhəmət heç kimdə yoxdur. Ona elə xarakterinə görə vuruldum. Bu günə qədər heç nəyə gözümün kənarı ilə baxıb keçməmişəm, nə arzum olubsa, reallaşdırıb. Rəşad mənim anamı öz anası kimi sevib. Onların ailəsində anaya qarşı xüsusi bir münasibət var. Rəşadın atası yazıçı jurnalist Rüfət Əhmədzadə öz anasını elə sevər, əzizləyərmiş. Bu da atadan övladlarına keçib. Mənim qayınanam Mirvari xanım möhtəşəm qadın idi. Oğulları onun başına pərvanə kimi fırlanırdılar. Rəşad öz anasına etdiyi hörməti mənim anama da edib. Onlar qaynana kürəkəndən çox dost idilər. Hərdən oturub mənim qeybətimi də qırırdılar (gülür). Təsəvvür edin, anam ağır xəstə idi, mən yorulub yatanda Rəşad onun tərli paltarını da dəyişib, yemək də yedizdirib.
 
- Heç pis cəhəti yoxdur Rəşad müəllimin?

- Var. İnadkardır, özünə zərər dəysə belə, haqlıdırsa dediyi sözdən geri çəkilməz. Nəyəsə yox dedisə, çətin sözünün üstündən geri durar. Gərək gözləyəsən, özü sakitləşib qərar verə.

- Evdə dalaşıb işdə küsülü necə qala bilirsiniz? O sizin rəhbərinizdir axı...

- Bizim küsülü qalmaq müddətimiz ən çox 6-7 dəqiqə sürə bilər. İşdə mən ona tabeyəm və Rəşad müəllim - Səidə xanım münasibətlərindəyik. Hətta işdə əməkdaşlara etdiyi güzəştləri mənə etmir. Biz hələ təzə evlənəndə evdə də çaşıb ona Rəşad müəllim deyirdim. Qayınanam da bir zarafat eləmişdi mənə, deyirdi kəndlərində bir sağıcı kolxoz sədri ilə evlənib. Evdə də ona “yoldaş sədr” deyə müraciət edirmiş.

- Rəşad müəllimin mənfi cəhəti barədə danışdınız. Bəs sizin mənfi cəhətiniz nədir?

- Çox qısqancam. Həyatımdakı hər kəs mənim üçün çox dəyərlidir və onu başqalarına qısqanıram. Rəşadı da, dostlarımı da. Hətta uşaq ikən ata-anamın sevgisini də bacı-qardaşlarıma qısqanmışam. İndi düşünürəm ki, haqsızlıq etmişəm onlara. Ona görə indi bacım üçün əlimdən gələni etməyə çalışıram.

- Səidə xanım, sizin illər öncəki şəkillərinizə baxanda tanıya bilmədim. Qara saclar, fərqli sima. Adətən qadınlar bu qədər radikal dəyişimi depressiyaya düşdükdə edirlər...

- Düz deyirsiniz. Anamın ölümündən sonra ağır depressiya keçirdim. O, xərçəng xəstəliyindən vəfat etdi. Atamı itirəndə daha gənc idim. Sözsüz ki, onun itkisi də ağır gəlmişdi. Düz 6 ay əzab çəkdim, həyatdan küsdüm. Amma anamın ölümü bir başqa ağır gəldi mənə. Sözlə ifadə edə bilmirəm. Çox ağır idi. Ana gedəndə dünya çox dəyişir sözünü düz deyirlərmiş. 2 il gecələr yuxu bilmədim. Nə illah etsəm də vəziyyətdən çıxa bilmirdim. Nə bilim, bəlkə də istəmirdim. Ümumiyyətlə, nəsə eləməyim gəlmirdi. Anama  çox bənzəyirdim: saçlarım, üz-gözüm, baxışlarım... Hər güzgüyə baxanda özümdə, aynadakı məndə ondan nə isə görürdüm. Bu mənə başqa bir əzab – həsrətin, mümkünsüzlüyün yükünü verirdi.  Nəticədə anama bənzəməyim deyə saçlarımı qara rəngdən ağ rəngə boyatdım, burnumu estetik əməliyyat etdirdim. Ümumiyyətlə, dəyişməyə qərar verdim. İnanmayacaqsınız, anamın ölümündə çəkdiyim o acıları başqa birinə yaşatmamaq üçün ana olmaqdan da imtina etdim.

- Anlamadım...

- Anasızlıq o dərəcədə dəhşətli gəldi ki, istəmədim mənim övladım da nə zamansa məni itirəndə eyni acını yaşasın. Qorxdum, anamı itirəndən sonra övlad sahibi olmaqdan, bir az onu mənsiz qoymaq ehtimalından qorxdum. Ana olmaq istəmədim.

- Ona qədər arzulayırdınız?

 - Ona qədər arzulayırdım. Zamanında həkimlər 5 il icazə vermədilər. Səbəbi də yanlışlıqla qoyulan diaqnoz və müalicə oldu. Nəticədə orqanlarım zədələnmişdi, reabilitasiya üçün yenidən müalicə almalı oldum. Ağır günlər yaşadım.
 Əslində isə xəstəliyim başqa idi. Şükür, sağaldım, Allah məni saxladı. Amma bu sevincim də uzun çəkmədi – anamı itirdim.  Həmin dözülməz günlərdə Rəşad yanımda olmasaydı yəqin ki, indi həyatda olmazdım. 1-2 ay ancaq yaşaya bilərdim. Rəşad həm də mənim böyük oğlum kimidir. Bilirsinizmi, özümü övladsız hesab etmirəm. Bacı-qardaşımın uşaqları var. Selcanı çoxu mənim qızım bilir. Bir də mənim teatrda “Oyuq” studiyam vardı. Artıq müstəqil teatr kimi fəaliyyətini davam etdirir. Orda 6 ana-atası olmayan uşaq var, onlar həm də mənim balamdır. Sadəcə evimdə gecələmirlər. Başqa nə qayğıları varsa, mən çəkirəm.

- Radikal dəyişiminizə, seçimlərinizə qarışmır ömür yoldaşınız?

- O sadəcə yol göstərir, seçimi özümə buraxır.

- Çoxlu dostlarınız var. Sizcə insanlar mövqeyinizi düşünüb ətrafınızda toplaşırlar, yoxsa siz yaxşı dostsunuz?

- Düşünürəm ki, mən yaxşı dostam. Və tanrının mənə verdiyi ən böyük lütflərdən biri də dostlarımdır. Allah həmişə qarşıma yaxşı insanları çıxarıb. Gözəl dostlarım var. İllərin dostları. Bir məsələni qeyd etdim. Son filmim “Köhnə çamadanlar”ı çəkmək üçün mənə dostlarım yardım etdilər. Aralarında hətta bunun üçün kredit götürənlər də oldu. Rəşad müəllim, özüm və dostlarımın birgə vəsaitləri ilə o film ərsəyə gəldi. Aktyorların çoxu qonorardan imtina etdi, çəkiliş qrupu yenə elə. Zaman bizə çox şey öyrədir. İllər sonra çox hadisəyə daha fərqli yanaşa bilirsən. 25 yaşımda çox fərqli idim, dəyişdim. Ətrafımdakı nadanlar, xainlər dəyişdirdi, amma zalım olmadım, daha çox anladım özümə daha çox dəyər verməyə başladım. İndi yaxşı insanlara bir məsləhət verərdim. Qarşınızdakını çox əhəmiyyətli hesab etməyin, buraxın öz həqiqətlərində boğulsunlar. Öz həqiqətləri o qədər çirkablıdır ki, onlar gözəlliyi qəbul etmirlər.

- “Köhnə çamadanlar” filminin Türkiyədə təqdimatı olmalı idi. Amma nədənsə baş tutmadı...

- Film I Qarabağa müharibəsinin qəhrəmanlarından və bu günümüzdən bəhs edir. Əsas etibarilə xatirələr əsasında çəkilən filmdə birinci Qarabağ müharibəsi döyüşçüləri təsvir olunur ki, onlardan da biri yəhudi millətindən olan qəhrəman Aqarunovdur. Qısaca onun da ömür yolundan bəhs etmişik. Obrazlı şəkildə. Filmimizin qardaş ölkədə nümayişini təklif edən təşkilat da məhz o hissənin çıxarılmasını istədi. Sözsüz ki, buna razılıq vermədim. Mənim torpaqlarım uğurunda qanından, canından keçən hər kəs milləti kim olursa olsun, əzizidir. Yeni təşkilatçılarla danışıqlar gedir, film orijinal versiyada təqdim olunacaq, gözləyirik.

- Səidə xanım, bu günlərdə Kino İttifaqlar birləşdi, Rasim Balayev sədr seçildi. Bu qurumdan nə gözləntiniz var?

- Rasim müəllimin seçilməsinə sevindim. İnanıram ki, kinomuz və kino insanları üçün  nələrəsə nail olunacaq. Konkret mənə gəlincə nəinki ittifaq, ümumiyyətlə mənim hansısa qurumlardan və ya fərdlərdən umacağım, istək və arzum, gözləntim yoxdur. Az öncə dedim, mən yaradıcılığım üçün heç bir təşkilata, quruma müraciət etməmişəm. Artıq növbəti filmimi çəkməyə hazırlaşıram və o da öz hesabıma olacaq.


 

# 72435
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar