Əməkdar artist: “Tez-tez aldanıram, pərt oluram” - MÜSAHİBƏ
13 iyul 2022 14:30 (UTC +04:00)

Əməkdar artist: “Tez-tez aldanıram, pərt oluram” - MÜSAHİBƏ

Bazar günü Dövlət Pantomima Teatrına dəvət almışdım. “İblis” tamaşasını seyr etməyə. Düzünü desəm, darıxacağımı düşünmüşdüm. Amma möhtəşəm təəssüratlarla ayrıldım.  
Teatrın giriş zalında diqqətimi “Qərib cinlər diyarında” filmindən Qəribin portreti çəkir. Mən bu rolu teatrın bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadənin oynadığını bilmirdim. Müsahibim Əməkdar artist, teatrın direktoru Elman Rəfiyev Bəxtiyar müəllimin haqqında böyük sevgi və hörmətlə danışır. Söhbətə çox uzaqlardan, düz 30 il öncədən başlayırıq. Lent.az müsahibəni təqdim edir:

-  Elman bəy, 90-cı illərdə biz sizləri televiziyalardan “Virtuoz” qrupunda gördük, sevdik.

-  Azərbaycanda Pantomima teatrının yaradıcısı və bədii rəhbəri Prezident təqaüdçüsü, Xalq artisti Bəxtiyar Xanızadə oldu. Pantomima teatrının ilk aktyorları Rövşən İsax, Siyavuş Hüseynli, Əsəd İsmayılov və mən Elman Rəfiyev idi. Bəxtiyar Xanızadə iş bölgüsü etmişdi, mən direktor olmalıydım, Rövşən rejissor, Səyavuş aktyor, Əsəd də ssenarist. O vaxt ANS telekanalında “Dubl 55555”, “Xaş gördük” adlı əyləncəli verilişlər hazırlayırdıq. Sonra onlar televiziya sahəsinə keçdilər, mən teatrda qaldım. “Virtuoz”da görünsəm də, əslində onlarla işləmirdim.

- Elə həmin dövrlərdə Muğam Trio "Dizlər"lə  partlayış elədiniz. Yenə repertuarınızda o tamaşa qalmaqdadır?

- Bəli qalır. O dünyanın bir çox ölkələrində nümayiş etdirildi, dizlərimizlə dünyanı gəzdik. Milli musiqimizi də sevdirdik, öz yaradıcılığımızı da. Hətta, sizə bir maraqlı fakt deyim. Möhtəşəm dövlət tədbirlərindən birinə dəvət almışdıq. Dizləri göstərəcəkdik. Xalq artisti Zabit Nəbizadə də çıxış etməliydi. O zamanlar çox adam elə bilirdi bu tamaşadakı səs Alim Qasımovun səsidir, amma əslində “Məhəbbətin qüdrəti” Zabit Nəbizadənin ifası idi. Soruşdum “Zabit müəllim, hansı mahnını oxuyacaqsınız?”. Dedi “Məhəbbətin qüdrəti”ni. Dedim, onu oxumayın, sizin mahnını biz dizimizdə oxuyacağıq, o da ifa edəcəyi mahnını dəyişdi.

- Zabit müəllim "Dizlər"dəki satirik məqamlardan incimirdi?

- Yox, bu onun obrazı deyildi axı.

- Sonralar dizlərin yeni mahnısı olmadı?

- Qurban Məsimov Kukla Teatrına getdi, indi orda baş rejissor işləyir. O dizlərlə nağara çaldı. O da maraqlı alınmışdı.

- Pantomima teatrında tamaşaçıya öz fikirlərini dilsiz çatdırmalısan. Ona lal teatr deyə bilərik?

- Pantomima teatrı əslində hərəkət teatrıdır. Bu bədən teatrıdır. Mimika jest teatrıdır. İnsan yarananda ona dil verilməmişdi, jestlərlə mimikalarla anlayırdılar bir-birlərini. Sonra insan danışmağı öyrəndi, aləm dəydi bir-birinə (gülür). Bəxtiyar Xanızadənin çox gözəl bir sözü var. Deyir siz məni sözlə aldada bilərsiniz, amma hərəkət və mimikanızla aldada bilməzsiniz. İnsanın dili yalan danışa bilər, mimikaları yox. Saxtalıq dərhal üzə çıxır, bədən yalanı tez büruzə verir. Teatr 1994-cü ildə yaranıb. Təzə yarananda dedik, bir eksperiment edək, tamaşamıza lal və kar insanları dəvət etdik. Çox həyəcanlıydıq ki, görək onlar bizi başa düşəcəklərmi? 

- Necə oldu nəticə?

 - Gəldilər, doyunca güldülər, əl çalıb getdilər. Çox bəyənmişdilər.

- Pantomimanın əsas tamaşaçıları kimdir?

- Bu gün bütün dünyada hərəkətli tamaşalara daha çox üstünlük verilir. Modern rəqslər, modern tamaşalar qoyulur. Bu anlamda bizim izləyicilərimiz çoxdur. 

- Çox ağır bir əsərə, “İblis”ə müraciət etdiniz. Çətin olmadımı?

- Burda daha çox rejissor yanaşması var. Bu tamaşada İblisin bütün dünyanı, insanları necə sardığını, bizimlə necə iç-içə yaşadığımızı görəcəksiniz.

- İnsanları müşahidə edərkən jestlərə, mimikalara daha çox diqqət edirsiniz yəqin ki. Bu mənada insan psixologiyasını yaxşı bilmiş olarsınız.

- Elədir. Artıq 28 ildir bu teatrda işləyirəm. Bu müddətdə bədən dilini və psixologiyanı mükəmməl öyrəndim. İki insan söhbət edəndə uzaqdan anlayıram ki, nədən danışırlar. Əllərinin hansı tezliklə, hansı səviyyədə hərəkət etdirmələrindən, mimikalarından. 

- Dodaq da oxuya bilirsiniz?

- Yox , yalan deməyim, onu bilmirəm, amma bədən dilinə baxmaqla insan barədə çox şey deyə bilərəm.

- Sizi aldatmaq olar?

- Olar. Çünki mən heç kimi aldatmadığım üçün düşünürəm ki, məni də aldatmazlar. Tez-tez aldanıram və pərt oluram. 1 aprel ən sevmədiyim gündür. İnsanların bir birini şit-şit aldatmalarını qəbullana bilmirəm.

- Sizcə insanlar niyə yalan danışırlar?

- Bəzən yalanı xilas naminə olur. Bir insanın həyatını qurtarmaq, hansısa baş verəcək pis hadisənin qabağını almaq xoş yalan demək olar. Amma böyük əksəriyyət yalanı danışır, çünki nəyəsə nail olmaq istəyir. Daha anlamırlar ki, qarşındakı səni görür, hiss edir. Mən şəxsən özüm yalan danışa bilmirəm, qızarıram.

- Bu illər ərzində öyrənə bilmədiniz? Ən azından rola girə bilərsiniz.

- Deyirəm, amma sonra nə dediyim yadımdan çıxır. Atam demiş ən böyük biclik düzlükdür.

- Aktyorların ömrü çox zaman asan keçmir. Peşman deyilsiniz?

- Yox, mən elə uşaqlıqdan aktyor olmağı arzulamışam. Bu sənətə seçilmək üçün gəlmişəm. Aktyor birinci özünü sevməlidir ki, onu sevsinlər. İnsanlara və sənətinə sevgi ilə yanaşarsansa, səni də sevərlər.

- Bəziləri məşhurlaşan kimi ulduz xəstəliyinə tutulur.

-  O da olur. Mən özümü tərbiyələndirmişəm, necə varamsa eləyəm. Pantomima teatrının həm aktyoru, həm direktoruyam. Vəzifəm burda vəzifədir, insanlar üçün sadəcə aktyoram. 

- Teatrınızın hansı problemləri var?

-  Elə bir problemimiz yoxdur. Binamız var, şəhərin mərkəzində və buna görə minnətdarıq. İkinci mərtəbəmiz təmir olunmalıdır, onu gözləyirik.  Mən Pantomima Teatrını mən 3,4 D adlandırıram. Bütün dünyada pantomima teatrlarının zalı kiçik olur. Bu yaxın məsafədən gəl indi tamaşaçını aldat görüm necə aldadırsan. Burda nəfəsini hiss edirlər, sən hərəkət edərkən küləyin zaldakıları vurur. Birlikdə nəfəs alıb-veririk.

-Tamaşaçılarla təmasınız olur?

- Olur, bəzən onları da tamaşaya daxil edirik. Hətta belə bir hadisə olmuşdu, işıqlar söndü uşaqlar valideynlərini məcbur elədilər, telefonlarının işıqlarını yandırdılar və biz telefon işıqları altında tamaşa göstərdik. Ən maraqlı bilirsiniz nədir? 30 il sonra Şuşada dizimizi yerə qoyduq (gülür), yenidən dizlərlə Şuşada tamaşaçı qarşısına çıxıb, əsl məhəbbətin qüdrətindən danışdıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5895

Oxşar yazılar