Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru və direktoru, Əməkdar artist Elman Rəfiyev Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı duyğularını Lent.az-la bölüşüb.
“İki gündür qardaş ölkədə baş verənləri böyük ürək ağrısı ilə izləyirəm. Elə bil ürəyimdən daş asılıb. Zəlzələ xəbərlərini o qədər böyük ağrı ilə hiss etdim ki, isti evimdə üşüdüm, isinə bilmədim. Türkiyədə çoxlu dostlarım var. Elə birinci Xalq artisti Cahangir Zeynalova zəng etdim, sonra bir - bir bütün dostlara zəng vurub xəbər tutdum. Əlimdə imkan olsa, gedib kömək edərəm. Hər kəs bacardığını eləməlidir. Lazımdırsa gedərəm, dağıntılar altından qalan insanların xilasetmə işlərində iştirak edərəm. Mən getməyə hazıram”,- deyə aktyor bildirib.
"Özümü o zəlzələdən əziyyətçəkənlərin yerinə qoyanda düşünürəm ki, mən də dostlarımdan bunu umardım. Türkiyənin bütün dünyada nə qədər sevildiyini gördüm. Dünyanın hər yerindən yardım gəlir.”
Elman Rəfiyev bildirib ki, bu fəlakətdə onu ən çox azyaşlı uşaqların taleyi narahat edir.
“Əgər uşaqlara yardım eləmək üçün dövlət onları gətirsə, qapımı döysələr məmnuniyyətlə bir uşağa sahib çıxar, dəstək olaram. Bu birinci insan olaraq borcumuzdur, ikinci də savabdır”,- deyən Əməkdar artist bir iradını da bildirib.
“Sosial şəbəkələrdə Türkiyəyə dəstək üçün hamı şəkillərini türk bayrağı fonunda paylaşır. Amma xahiş edirəm bunu edərkən gülən şəkillərinizi silin, bu günlərdə bizə gülərək şəkil paylaşmaq yaraşmaz. Bu bizim ortaq dərdimizdir”.