Dünya şöhrətli aktyor, Hollivud ulduzu Corc Kluni bu günlərdə verdiyi bir müsahibədə əkiz uşaqlarının dilini anlamadığını bildirib. Kluninin 6 yaşlı əkizləri poliqlot kimi böyüyürlər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktyor Ella və Aleksandrın italyan dilini öyrəndiklərini, tez-tez öz aralarında bu dildə danışdıqları üçün onları anlamadığını bildirib. “Kaş onların mənim bilmədiyim bir dili öyrənmələrinə razı olmayaydım”, - o, təəssüflənib.
Corc Kluni çox maraqlı ömür yolu olan aktyorlardandır. Uşaq vaxtı üzünün bir tərəfinin iflic olması səbəbindən ətrafındakılar ona Frankşteyn ləqəbini veriblər. O, 1961-ci ildə ABŞ-ın Kentukki ştatında dünya gözəli Nina Bryus və jurnalsit Nik Kluninin ailəsində doğulub. Ailəsi katolik irland ailəsidir. Ulu nənəsi Avraam Linkolnun xalası olub.
Corc ulduz olana qədər sadə ayaqqabı satıcısı işləyib. Hətta çətin günlər də yaşayıb. İlk dəfə “Təcili tibbi yardım” adlı çoxseriyalı filmdə rol almaqla aktyor karyerasına start verən Kluni sürətlə inkişaf edib və şöhrətlənib. Lakin ulduz aktyor, çətin günlərində ona dayaq duran 14 nəfəri unutmayıb. O, özündən yaşda çox böyük olan 35 illik dostlarının hər birinə 1 milyon dollar hədiyyə edib.
Bəli, milyon dollarlar artıq Corc üçün böyük pul sayılmır. Elə təkcə 2017-ci ildə onun illik gəliri 239 milyon dollar təşkil edib. Aktyor 1 milyard dollar investisiya yatıraraq, “Casamigos Tequila" adlı tekila şirkəti açıb. Şirkətin illik gəlirləri qənaətbəxş səviyyədədir.
Corc Kluni hüquqşünas Amal Kluni ilə evlidir. O , əkizlərinin şəkillərinin mediada yayılmasını sevmir.