“CinemaPlus” rejissorun ciddi ittihamlarına qarşı SUSDU
14 mart 2024 17:38 (UTC +04:00)

“CinemaPlus” rejissorun ciddi ittihamlarına qarşı SUSDU

“Kinonun beynəlxalq standartlarına əsasən, istehsalçı filminin yayımından əldə olunan qazancın 50 faizinə sahib olur, qalan 50 faiz kinoteatra qalır. Yəni film kinoteatra 50-50 prinsipi ilə daxil olur. Xarici filmləri bu qaydada nümayiş etdirib, yerli filmlərə 60-40  faiz şərti qoyuldu. Yəni qazancın 60 faizi kinoteatra, 40 faizi istehsalçıya çatır. “CinemaPlus” konkret mafiya rolunu oynayır. “Güc məndədir, istədiyimi edərəm” deyir. Deyir ki, film mənim şəbəkəmdə yayımlanacaqsa, başqa yerdə getməyəcək və 60-40 faiz şərti ilə yayımlanacaq”.  

Bu fikirləri Lent.az-a verdiyi müsahibədə prodüser və kinorejissor Orxan Mərdan səsləndirib. O, yerli kinomuzun problemlərindən danışaraq  kinoteatrların istehsalçılara ağır şərtlər tətbiq etməsi barədə söz açıb. Xüsusilə, “CinemaPlus” şirkətini tənqid edib.

“Azərbaycan blokbasteri bir mövsümdə bütün amerikan, türk filmlərindən çox pul yığa bilir. 5 belə Azərbaycan filmi olsa, kinoteatr bütün xarici filmlərdən qazandığından daha çox qazanar. Kinoteatrlar görəndə ki, Azərbaycan filmi daha çox pul qazandırır, işi eksklüzivə keçirməyə başladılar. Daha çox qazanmaq üçün bir-birləri ilə rəqabətə girdilər, bu rəqabətdə də istehsalçıdan istifadə etdilər. “CinemaPlus” konkret mafiya rolunu oynayır. Bu şəbəkənin Gəncədə, Sumqayıtda kinoteatrı var. Ən vacib şərti də budur ki, kim bileti məndən ucuz satsa, mən sənə qazancı o ucuz bilet qiymətləri ilə hesablayıb verəcəm.  Məcburuq ki, gedib biz digər kinoteatrlara deyək ki, bileti ucuz satma. İstehsalçını araya salıb, bir-birləri ilə rəqabət aparırlar, istehsalçısının əli ilə başqa istehsalçıları vurmaq istəyirlər. Yerli istehsalçını monopolist qanunlarla sıxırlar. Bunlarınkı mafiya işinə daha çox oxşayır, deyir burda mənəm, Bağdadda kor xəlifə. Mənim şəbəkəm böyükdür, mən burada at oynadıram”- o bildirib.

Kino istehsalı sahəsi inkişaf etdirilərsə xeyli qaqzanclı, nüfuzlu sahədir. Kinoteatrların yerli istehsalçını sıxması inkişafın qabağındakı əsas əngəllərdən biridir. Filmə əsasən gənclər baxırlar. Gənc tələbənin isə 10 manatdan başlayan kino biletlərini tez-tez almağa yəqin ki, imkanı olmur. Tamaşaçı yoxdursa, kinoya çəkilən vəsait də havaya atılmış sayılır.

Rejissorun kifayət qədər ciddi olan iradlarına “CinemaPlus”dan  cavab almaq istədik. Mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, heç bir cavab olmayacaq, bu barədə danışmaq istəmirlər. Buna hörmətsizlik deyək,  yoxsa laqeyidlik? Oxucu özü cavab versin
 

# 2241
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar