Bu axşam çökə bişirib  qonağa verin! - Yel çərşənbəsi
12 mart 2024 09:09 (UTC +04:00)

Bu axşam çökə bişirib qonağa verin! - Yel çərşənbəsi

Novruz mübarək qədəmləri ilə qapımızın astanasına çatıb. Bir zamanlar yalnız sudan ibarət olan həyata torpaq sonradan rəng qatıb. Amma həyatın varlığı üçün hava, yel də lazım idi. Yalnız o həyatı formalaşdıra bilərdi.

Lent.az xəbər verir ki, elə bu gün həyatı formalaşdıran, İlaxır çərşənbələrdən üçüncüsü, Yel, hava çərşənbəsidir.

İnanclara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.

Yel çərşənbəsi ilə bağlı çoxlu inanclar var. Ulularımız deyiblər ki, “Yel əsdirəni söyməzlər”, çünki onun arxasında Tanrı durur.

Yel çərşənbəsinin unudulmuş adətləri:

Cıdır falı: Bunu oğlanlar icra edir. Kəndin cavanları cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Buradakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qopmadır. Həm də yel kimi sürətli olan atın sahibini il ərzində bolluq, ruzi gözləyirdi. Hər halda, insanlar buna inanırdılar.

Çökə: Bu, unudulmuş adət yox, unudulmuş şirniyyat növüdür. Bizim bildiyimiz şəkərburaya oxşasa da, ondan əsaslı dərəcədə fərqlənir. Üzərindəki işarələr qədim xalqımızın mifoloji düşüncəsini özündə əks etdirib. Çökə ilk olaraq evə gələn qonağa verilirdi.

Başmaq falı: Çərşənbə axşamı ərgən qızlar evin qapısından arxası həyətə doğru qalıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə daban tərəfi yola sarı düşərsə deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Yaxud əksinə olarsa, o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar. Buradakı başmaq isə arxaik dünyagörüşlə əlaqədardı.

Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.

İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda əllərimizi ulu Tanrıya uzadıb ona dua edək.

Çərşənbəmiz mübarək!   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4753

Oxşar yazılar