Azərbaycanda çəkilən filmlərdə  pullar yeyiləcək,  kinomuz belə də qalacaq - Rejissor Yusif Əlizadə
30 aprel 2024 17:53 (UTC +04:00)

Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - Rejissor Yusif Əlizadə

Lent.az rejissor, aktyor Yusif Əlizadənin APA-ya müsahibəsinin bir hissəsini təqdim edir.

– Yusif müəllim, kino ittifaqları birləşdi. Və bu mövzu kifayət qədər müzakirə edildi. İstər Xalq artisti Rasim Balayevin sədr seçilməsi, istər ittifaqın işi və sair. Sizin fikriniz nədir? Nə düşünürsünüz?

– Heç nə! – bayaqdan bəri əlində saxladığı balaca qara çantasını ehmallıca stullardan birinin üzərinə qoyur, – ümumiyyətlə, mən kinoda çox təsadüfi adam görmüşəm. Orada elə adamlar var ki, onların mütləq şəkildə idarə heyətində olması lazımdır. Bu, kino adına, ittifaq adına çox gərəklidir. Amma... Belə olmaz axı!.. İdarə heyəti ittifaqın işini qurmalıdır. Hətta mən sizə deyim ki, bəlkə də, yaxşı ssenari axtarıb tapmaq, yaxud yazmaq, yazılmasına vəsilə olmaq da elə onların işidir.

Bilirsən, mənim ömrümün 40 ili kinoya gedib. Kinoya rejissor köməkçisi kimi gəlmişəm. Ona qədər avtomexanik idim. Yəni bunu ona görə deyirəm ki, bu işə heç bir aidiyyətim olmasa da, sonradan gəlmişəm və işi təməlindən öyrənmişəm. Ona görə də kimin nə edəcəyini, hansı vəzifənin hansı öhdəliklərinin olduğunu çox gözəl bilirəm.

– Yaxşı, bəs indi nə olacaq?

– İndi heç nə. Yenə də həmin şeylər olacaq. Nə qədər ki, Azərbaycan film sektorunda yaxşı filmdən daha çox yaxşı pullar yeyiləcək, elə belə də qalacaq.

– İttifaq kino çəkmir axı. Biz ittifaqın gələcəyindən danışırıq.

– Bu adamlar kinonun işçiləridir də. Orada ssenarist var, rejissor var, aktyor var, operator var. Kinonu yaradan, quran, çəkən, oynayan kimdir bəs? Onlar axtarıb ssenari tapmalıdırlar, yazmalıdırlar, nə bilim. Söhbət bundan gedir. Yaxşı ssenarini kim tapmalıdır? Siz? Mən? Bu xanım? Kim tapmalıdır?

– Kəsəsi, kino ittifaqlarının birləşməsindən müsbət gözləntiniz yoxdur.

– Bəli, yoxdur.

– Yəni belə çıxır ki, o boyda konfrans boş yerə çağırılmışdı? İttifaqlar boş yerə birləşmişdi?

– Mən Rasim Balayevə inanıram, o, dünya miqyaslı sənətkardır, aktyordur. Adam gərək haqqına danışsın. Bəlkə də, Rasim Balayev mənim üçün kumirdir. O dərəcədə böyük hörmət bəsləyirəm ona.

– Bəs idarəedici kimi?

– Onu hələ ki deyə bilmərəm. Bu işin altına təzə girib. Zaman lazımdır.

– Axı buna qədər də hələ Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri idi. İndi birləşib deyə təzə deyə bilmərik.

– Bilirsiniz, hər şeyi elə yuxarıda duran adamın, yəni rəhbər şəxsin üstünə atmaq düzgün deyil. Bu insafsızlıqdır.

– Sözsüz, komanda işi olmalıdır.

– Siz də orada idiniz də. Gördünüz. İttifaqın idarə heyətinə, təqribən, əlli nəfər seçildi. Ay qardaş, bir idarə heyətində bu qədər adam olar?

– İdarə heyətinin dəyirmi masasını təşkil eləsələr, gərək stadionda eləsinlər.

– Vallah, hə. Yox e, bu nə deməkdir? Bu qədər adam niyə olsun? Hətta o idarə heyətində bir evdən iki nəfər var, iki nəfər təmsil olunur. Belə şey olmaz axı. Bəlkə, işdə bunların nəsə sözləri düz gəlmədi, onda necə olacaq?

– Söhbətin davamı evdə olacaq. Məsələn, biri çay istəyəndə o biri verməyəcək.

– Elə də olacaq. Bəli.

 

# 2280
avatar

Oxşar yazılar