Gülay Fikrətqızı
21 sentyabr 2021 20:15 (UTC +04:00)

Gülay Fikrətqızı

"Atam saatını çıxardıb Əkrəm Əylisliyə verdi ki..." - Xalq şairinin qızı İLK DƏFƏ DANIŞDI

Lent.az Xalq şairi Fikrət Qocanın qızı Gülay Fikrətqızı ilə atası haqqında müsahibəni təqdim edir.

- Gülay xanım, artıq dörd aydır atanız Fikrət Qoca vəfat edib. Alışmaq çox çətindir?

- Bilirsiniz, həyat yoldaşımın da soyadı Qocayevdir. Oğlumuz anadan olanda adını Fikrət qoyduq. Adını yaşadan var. Atam həmişə mənə deyirdi ki, arada çaşıram, elə bilirəm sən mənim anamsan. Onun adını daşıyan nəvəsi olduğu üçün çox sevinirdi.

- Oğlunuz da babasının yolunu davam etdirir?

- Arada o da yazır-pozur, amma babası kimi şair deyil. Tamam başqa sahədə çalışır, atası kimi hərbçidir.

- Bir də bacınız var. Səhv etmirəmsə, uzun müddətdir Azərbaycanda yaşamır.

- 2004-cü ildən Amerikada yaşayır və artıq oranın vətəndaşıdır. Bir oğlu var. Bacımın oğlu da Amerikada hərbi sistemdə çalışır. Əvvəllər gəlib-gedirdi. Atam pandemiya zamanı vəfat etdiyi üçün dəfnə gələ bilmədi, çox pis oldu, üzüldü. Bizdən çox o əziyyət çəkdi. Atam xəstə olanda hər gün görüntülü zəng edib, danışırdıq. Mənə deyirdi, sən oradasan, toxuna bilirsən, mən burada təkəm.

Gülay Fikrətqızı və Nigar Adil 

 

- Ailədə hansı ənənə var ki, Fikrət müəllimdən sonra da onu davam etdirirsiniz?

- Elə bir xüsusi ənənəmiz yox idi. Hər şey qəfil olurdu. Evdə heç nə planlaşdırmadan istirahət edəndə, birdən atamdan zəng gəlirdi ki, gəlin bağa gedək. İstədiyim vaxt zəng edirdim, telefona cavab verirdi. Anam, atam yaşlı insanlardı. Pandemiyaya görə çox gedib-gəlməyə qorxurduq. Gündə bir neçə dəfə zəng edirdim. Hər dəfə də mənə o qədər xoş sözlər deyirdi ki... “Ay allah, gözümə işıq düşdü, nə qəşəng qız zəng edib mənə. Bu qızın nə gözəl səsi var”... Çox müsbət enerji ötürürdü mənə. Deyirdim ki, bu gün günüm əla olacaq. Artıq nəvəm var, amma atan əzizləyəndə, xoş söz deyəndə yaş neçə olursa-olsun özünü uşaq kimi hiss edirsən. İndi artıq onlar yoxdu.

- Necə ata idi?

- Cavan vaxtı, biz uşaq olanda sərt olub. Bilirsiniz necə, hökmlü olub. O, otağında işləyəndə, biz yerimizi bilirdik artıq. Onun otağına daxil olmağa ixtiyarımız yox idi. Amma zamanla o qədər mülayimləşdi, pambıq kimi oldu. Həmişə, hər yerdə gözəllik axtarırdı. Tez-tez deyirdi ki, pis insan yoxdur. Axtarsan onun o qədər gözəl xüsusiyyətini taparsan ki. Sadəcə diqqətlə baxmaq lazımdır. Nəvələr olandan sonra tamamilə dəyişdi. Son vaxtlar isə lap kövrək olmuşdu.

Amma onu da deyim ki, “mütləq mən deyən olmalıdır”, demirdi, bizim də fikrimizi öyrənirdi. Uşaq vaxtı mənim qeyd dəftərim var idi, təmsillər yazırdım. Sevinərək dəftərimi gətirdim ki, oxuyub fikrini desin. Oxuyandan sonra dəftərimi çırdı: “Mən istəmirəm sən mənim yolumla gedəsən. Bu yol çox çətindir, ağırdı. Mən sənə bu yolu rəva bilmirəm”. O dəftər cırılandan mənim yazmaq həvəsim öldü. Uzun zamandan sonra, bir neçə il əvvəl dedi ki, bilirəm ki, sənin yazıların var. Onları topla, kitab halına salaq. Dedim ki, yox, mənim yazılarım o səviyyədə deyil.

Uşaq vaxtı dəftərimi çırmağına çox peşman olduğunu da etiraf elədi. Dedim, sən yəqin gördün ki, mən yaxşı yazmamışam ona görə cırdın. Söylədi ki, “əksinə, sən çox yaxşı yazmışdın. Bildim ki, öz üzərində işləsən, yaxşı yazıların olacaq. Mən çox əziyyət çəkmişəm, istəmirəm sən də mənim çəkdiklərimi çəkəsən”. Bir dəfə “Ədəbiyyat” qəzetinə məndən xəbərsiz yazılarımı vermişdi.

- İnsanın atası sağ olanda çətinliyi problem kimi görmür. Düşünür ki, atam kömək edəcək, ən azından yol göstərəcək. Vəfat edəndən sonra hansı situasiyada yoxluğunu daha çox hiss etdiniz?

- Fikirlərimin çoxunu onunla bölüşürdüm. Ondan əlavə, şeir yazanda zəng edirdi. Deyirdi ki, şeir yazmışam, anan oxusun, qulaq as. Səsi telefonda yaxşı gəlmirdi deyə, anam oxuyardı. Fikrimi soruşurdu, bəyənəndən sonra deyirdi, “Facebook”da paylaşa bilərsən?”. Anam yazıb göndərirdi, mən də paylaşırdım. Nədənsə narazı olanda zəng edirdim ki, bu belə olmalıdı, belə yox. Gülüb deyirdi ki, qızım, sən düzgünlüyün dalınca çox qaçırsan, heç kimə heç nə demə, ancaq mənə danış, bəsdir. Amma indi daha çox susmağa üstünlük verirəm. Artıq susmuşam. Əvvəllər daha çox danışırdımsa, indi susuram.

Gülay Fikrətqızı 

 

- Deyəsən, AYB-də onunla birgə çalışırdınız?

- Həə, birliyin kitabxanasında çalışıram. Atam zəng edirdi ki, mənə filan kitab, jurnal, qəzet lazımdır. Gedirdim, tapıb gətirirdim. Arada yanına gedib, nəsə lazım olub-olmadığını soruşurdum.

- Həm də orada arxa-dayağınız idi.

- İnanın, doğrudan elə idi. İndi ora, AYB-yə getmək, işləmək mənim üçün çox çətindir. Səhərlər çox vaxt o ya sürücü ilə məni, ya da mən gedib onu götürürdüm. Sonra bir yerdə işə gedirdik. Ya da, işdə otağına keçəndə deyirdi ki, ayaqqabını daşın üzərinə elə möhkəm vurursan ki, səsindən bildim ki, gələn sənsən. Onun orada olması mənə bir ayrı özgüvən verirdi. Sağ olanda sanki qanadlarım var idi.

Ondan sonra özümü toparlamağa çalışıram, amma alınmır. Baxmayaraq ki, ailəm, nəvəm var. Mənim üçün həyatın ən böyük mənası idi. Ağlamağa da qorxuram. Anamı qorumalıyam. Deyirlər ki, zaman yaranı sağaldır. Amma ata yarası sağalmır, sadəcə yaramız qabıq qoyur və bir gün bizim də vaxtımızın çatacağını göstərir. Atam o dünyaya, mistik şeylərə çox inanırdı. Mən də həmçinin. Həmişə deyirdi ki, biz bilmədiyimiz bir dünya, eşitmədiyimiz səs var. Arada mənə elə gəlirdi ki, o, gələcəyi görür.

- Bununla özünü ölümə hazırlayırdı?

- Ölümünə bir gün qalmış ümumiyyətlə susdu. Heç nə danışmadı, demədi. Ancaq saatı, ayın tarixini soruşdu. Zarafatla dedim ki, harasa getmək fikrin, görüşün var? Cavab vermədi.

Ölümündən öncə işdən evə gələndə anama deyib ki, nəsə hər şey birdən-birə dəyişəcək. Neçə gün imiş işdən qanıqara gəlirdi. Elə xəstə də deyildi. Amma zəifləmişdi, yemək istəmirdi. Koronavirusla bağlı həmişə deyirdi ki, artıq yaşamağa maraq qalmayıb: “Belə həyat olar, biz yaxşı yaşamışıq, indiki cavanlar nə edəcək? Onlar nə həyat görəcək?” Belə baxanda haqlı idi. Məncə, o hər şeyi hiss edirdi.

Evdə şəkili var. Tək qalanda yenə də onunla dərdləşirəm, sirrimi bölüşürəm. Mənim üçün o ölməyib, ürəyimdədir. Elə bilirəm hər zaman yanımdadır. Həmişə onlara gedəndə qapını anam açsa da, məni birinci atam qarşılayırdı. Amma indi onlara gedəndə tez qayıdıb gəlirəm. Anama deyirəm məni bağışla, çox otura bilmirəm. Onun yoxluğu mənim üçün çətindi...

- Doğmalarımızı itirəndə bir təsəlli yerimiz də yuxudur. Yuxunuza gəlir?

- Ölən günü möhkəm külək var idi. Küləyin uyultusuna yuxudan ayıldım. Elə bildim kimsə ağlayır, qorxdum. Getdim yanına, gördüm yatmayıb. Dedim narahat deyilsən? Dedi yox, narahat olma, bala, get başını qoy yat, salamat qal. Gəlib yatdım, yuxuda gördüm ki, mən pilləkəndan yuxarı qalxıram, o, aşağıdan mənə sağol edir. Düşmək istədim ki, kömək edim onu da yuxarı qaldırım. Qoymadı dedi ki, yox, sən qayıtma, get. Sonra gördüm dəyirmi masa arxasındadı. Orada cavanlığındakı kimi yaraşıqlı görkəmdə, kostyumdadır. Səməd Vurğun, Cəfər Cabbarlı ilə bir masa arxasında əyləşib. Yuxudan ayıldım, gördüm anam ağlayır.

Bu aylar ərzində belə qəribə yuxularım çox olub. Yuxuda zəng etmək istəyirəm. Həyacanla deyirəm, məni eşidirsən? Deyir, qızım mən səni eşidirəm, məndən narahat olma.

Gülay Fikrətqızı 

 

- Artıq yaşı 80-i keçmişdi, bir çox xəstəlikləri də var idi. Hansı xəstəliyi ölümünə səbəb oldu?

- Ürək çatışmazlığı. Dövlət başçısı 2015-ci ildə onu müalicə üçün Türkiyəyə göndərəndə ürək həkimi dedi ki, sənin ürəyinin bir tərəfi demək olar ki, işləmir. Nə qədər ömrün var yaşayacaqsan. Ürək çatışmazlığı oksigen çatışmazlığına səbəb oldu. Mən elə hesab edirəm ki, zaman, vaxt gəlib çatmışdı. Hər kəsin bir zamanı var. Doğulduğumuz və öldüyümüz tarixi dəyişmək mümkün deyil. Çünki Tanrı artıq bunu yazıb. Allah onu elə çətinliklərdən, elə məqamlardan xilas edib ki... O, özü də bunu gözləyirdi.

- Ölümündən sonra Fikrət müəllimə nəsə yazdınız?

- Həə, bir şeir yazmışam ona.

Hər sözdə hər misrada,

Səni axtarıram mən.

Bilmirəm, bu dünyada

Niyə yaşayıram mən.

Öz yerimi tapmadım

Hər an sənə sığındım.

Elə bildim ölməzsən,

Fikrimdə də yanıldım.

Bir körpə uşaq kimi

Yolunu gözləyirəm.

Gözlərimin yaşını,

Silməni istəyirəm.

Sən mənim ürəyimdə

Qəlbimin içindəsən

Həyatımın önəmli

Ən həssas nöqtəsisən…

- Kişi kimi necə idi? Ananıza, sizə, bacınıza hansısa qadağaları vardı?

- Evdə elə bir qadağası yox idi. Xasiyyətini bilirdk, ona görə davranırdıq. Kimin övladı olduğumuzu unutmurduq. Özümüzü həmin çərçivədə saxlamağa borclu idik. Amma məktəbdə bizi qoymurdu bahalı, yaxşı nəsə almağa, geyinməyə. Deyirdi ki, elə uşaqlar var ki, onlar ehtiyac içində yaşayırlar. “Sizi elə görüb, pis olacaqlar. Gərək onlarla eyni səviyyədə olasınız. Niyə kimsə sizə baxıb öz əskikliyini hiss eləməlidir”.

- Ailə quranda sizin seçiminizə qarışdı?

- Övladlarına həmişə deyirdi siz kimi seçəcəksiniz, bəyənəcəksiz, onunla da ailə quracaqsınız. “Çünki bu sizin seçiminizdir. Səhviniz də, düzünüz də sizindir. Mənim buna qarışmağa haqqım yoxdur”. Heç kimin seçiminə qarışmayıb. Həmişə ağılla düşünməyi məsləhət görərdi.

-Gülay xanım, hansı sözü atanıza deməyə çəkirdiniz?

- İnanın, mənim beynimə o qədər “anamsan” fikrini həkk etmişdi ki, ona hər sözümü deyə bilərdim. Onun sağlamlığı ilə bağlı nəsə etməli olduğunu dedikdə, zarafatla deyirdi etməsəm nə olacaq? Cavab verirdim ki, demirsən, ananam, deməli eləmək lazımdı. Artıq bir yaşdan sonra onunla hər sözü bölüşürdüm, anama demədiyimi də ona deyirdim. Sirdaş idik. Danışırdıq, sonra bir-birimizə deyirdik ki, aramızda qalsın. Axır son illərdə hər şeyi bölüşə bilirdik. Hətta şeirlərinə də müdaxilə etməyə cəhd göstərirdim. Fikrimi əsaslandırmağa çalışanda razılaşmırdı, amma sonra görürdüm ki, mən deyənlərdən nəyi isə nəzərə alıb.

- Son illər sosial şəbəkələrdə xanımlara yazdığı şeirlər çox müzakirə edilirdi. Bununla bağlı iradınız olurdu?

- Yox, heç vaxt. O, şair idi, ürəyindən nə keçirdi, yazırdı. Şair gözəllikdən yazar.Nəyi gözəl görürdü, onu yazırdı. Deyirdi, xanımlardan gözəl nə var ki? Mən onların gözəllikləri haqqında yazıram, hamı da onların gözəl olduğunu bilsin. Xanımlar anadırlar, bütün ömürləri boyu zəhmət çəkirlər. Niyə də kimsə onların gözəlliyindən yazmasın? Bəlkə birinin doğrudan o sözlərə ehtiyacı var? Gözəllik haqqında yazmaq günah deyil, deyirdi.

Gülay Fikrətqızı 

 

- Gözəl qadınları sevən Fikrət Qoca deyirdi ki, səhvimi çox adam bilməyib. Ananız hansı səhvinə görə uzun müddət ondan incimişdi?

- Mənim anam qısqanc olmayıb. Evimizə çoxlu tanınmış şəxslər gəlirdi, məclislər təşkil olunurdu. Şahidiyəm ki, atam qadınlarla danışanda onların üzünə baxmırdı.

Anam onun gözəllərlə bağlı şeirlərini oxuyub, gülürdü. Atam deyirdi ki, mən hər qadında səni görürəm. Anam atamın ona münasibətini bilirdi. Bilirdi ki, ona baxdığı kimi heç kimə baxmır. Atam həmişə deyirdi ki, qocalıq yaxşı şeydi. “İnsan qocaldıqca, gözü zəifləyir, yarı həmişə onun gözündə gözəl görünür. Qırışlarını, saçının ağını görmür”. Gözəllikdən yaza bilər, amma sevdiyinə heç vaxt xəyanət edə bilməzdi. Hər kəsə hörmətlə yanaşardı, qadınlara isə xüsusilə.

- Dəfələrlə ölüm xəbəri yayılmışdı. Bu xəbərə özü və siz necə reaksiya verirdiniz?

- Çox vaxt zarafatla deyirdi ki, ömrümü uzadırlar. Yazıçı, şair dostlarından vəfat edən olanda çox pis olurdu, özünə gələ bilmirdi. Vaqif Səmədoğlu ilə çox yaxın dost olmuşdular. Onun ölüm xəbəri atamı həddindən artıq sarsıtdı. Sonra qardaşı rəhmət getdi. Bəzən gizlətməyə çalışırdıq. Amma alınmırdı. Fikrə gedirdi, gözləri dolurdu, günlərlə nəsə fikirləşirdi. Yəqin düşünürdü ki, artıq vaxtdır.

- Ən yaxın dost, qardaş və oğul itgisi. Bunların hansı Fikrət Qocanın ölümünü tezləşdirdi?

- Oğlu rəhmətə gedəndən sonra çox düşdü, çünki hiss olunurdu. Üzə vurmurdu, amma yavaş-yavaş əridiyini görürdük. Yaşamağa marağı yox idi, yemək yemirdi. Bunlar hamısı demək olar ki, ard-arda oldu. Amma ən çox qardaşımın itgisi onu incidirdi.

- Qardaşınız Yalçın 1996-cı ildə diplomtik fəaliyyətə başlayıb. Daha sonra həyatı tamamilə dəyişdi və bədbəxt hadisə nəticəsində vəfat etdi. Fikrət bəy onun ölümündə özünü günahlandırırdı?

- Yalçın savadlı idi, yaxşı yazıları vardı. Atam həmişə deyirdi ki, mən nəyi harada nəzərimdən qaçırtdım, harada mənim nəzərətimdən çıxdı? Onu axtarıram, tapa bilmirəm. Baxmayaraq ki, atam həmişə onunla maraqlanırdı. Yalçının vəfatından sonra atamın tez-tez fikrə daldığını görəndə və soruşanda ki, nə fikirləşirsən, deyirdi heç nə. Yalçın sağlığında tez-tez atamla danışırdı, görüşürdü. O, həmişə atamın oğlu, mənim də qardaşım kimi qalacaq.

- Ananız Raya xanımın 21 yaşı olanda ailə həyatı qurublar. Harada tanış olmuşdular?

- Atam birinci ailəsindən ayrıldıqdan 7 il sonra Ağdaşda Kürün qırağında anam babamgillə gəzəndə görüb, bəyənmişdi. Çoxları deyir ki, guya onların boşanmalarının səbəbkarı anam olub. Tamamilə yalandır. Onlar ayrılandan 7 il sonra atam anamı görür və bir-birlərini sevərək ailə qururlar.

- Ən çox tənqid olunan AYB rəsmisi idi. Haqqında xoşagəlməyən fikir yayımlananda siz və özü necə qarşılayırdı?

- Bilirdik ki, ona pis təsir edir. Ancaq heç vaxt şikayət etmirdi. Mən hirslənirdim, danışırdım ki, onu yazan axı səni tanımır. Bilirsiniz, mənə ən çox təsir edən nə idi? Onun həddindən artıq yaxşılıq etdiyi adamlar haqqında elə yazılar yazırdılar ki...Həmişə deyirdi ki, bir adamı hamı sevə bilməz, sevməyənlər də var.

AYB-də işləyəndə otağının qapısı heç vaxt bağlı olmurdu. Katibəsinə də deyirdi ki, qapıya gələni geri qaytarma. Kim ondan maddi yardım istəyirdisə, heç kimi əliboş göndərmirdi. Üzərində olmayanda tanıdığı birindən borc alıb gələni yola salırdı. Mən bunların hamısının şahidi olmuşam. Özü bunları heç vaxt deməzdi.

- Kimlər idi?

- Yazıçılardan idi. Bir misal çəkim. Atamın cildliyi çapa hazırlanırdı, müxtəlif mənbələrdən mahnı mətnlərinin toplanılması ilə mən məşğul olurdum. O, həmin vaxt Türkiyədən müalicədən yeni qayıtmışdı, hazırlanan kitaba özü şəxsən baxa bilməmişdi. Onun da yüzlərlə şeirləri var, təbii ki, hamısını əzbər bilmirəm. Təsadüfən bir şairin şeiri səhvən atamın kitabında çap olundu. Həmin insan günlərlə sosial şəbəkələrdə yazdı ki, Fikrət Qoca başqasının mahnısını mənimsədi, öz adına çıxartdı və s. Belə xoşagəlməz paylaşımlar etdi. Özü də o adamın atamla münasibəti yaxşı idi. Sonra atamla dəqiqləşdirdim, dedi, mənim şeirim deyil, tapşıraq çıxarsınlar. Həmin insanın sosial şəbəkələrdə nələr yazdığını da göstərdim. Nömrəsini tapıb, zəng elədi. Dedi, sən niyə belə yazırsan, mənə də zəng edib deyə bilərdin. Ondan sonra şeirləri özü bir-bir yoxlayırdı. Bəzən unutduğu olurdu, deyirdi ki, görən, bu mənim şeirimdi, mahnımdı? Deyirdim, sənindi, araşdırmışam.

Gülay Fikrətqızı və Nigar Adil 

 

- Əkrəm Əylisli ilə cavan vaxtı yaxın dost olublar. Ailədə cavanlığını xatırlayanda bu dostluqdan necə bəhs edirdi, heyfsilənirdi baş verənlərə? Onunla görüşmək, mövqeyindən çəkindirməyə çalışdı?

- Əkrəm Əylisli ilə bağlı bir məqam danışmışdı. Cavan vaxtlarında Türkmənistanda yaradıcılıq ezamiyyətindəykən Əkrəm Əylisli Bakıya qayıtmalı idi, cibində pulu olmayıb. Atam qolundakı saatı çıxardıb ona vermişdi ki, satıb, pul etsin. Atam dostlarına qarşı həmişə etibarlı olub.

Əkrəm Əylisli ilə həmin ərəfədə danışmağa cəhd edib-etmədiyi haqqında bir məlumatım yoxdur. Onu deyə bilərəm ki, heç Əkrəm Əylisli də onunla söhbətə can atmadı. Mən inanmıram ki, atama zəng edə, atam bundan imtina edə. Heç kimi heç vaxt çətin vəziyyətdə qoymazdı. Nə qədər qarşı tərəflə razı olmasa belə, fikrini bildirərdi. Heç kimin arxasınca da danışmazdı, həmişə sözü üzə deyirdi. Onun "Daş yuxuları" əsərini oxuyub bitirəndən sonra dedi ki, insan özü-özünə pislik edəndə onu xilas eləmək mümkün deyil.

- Ədəbiyyatdakı durğunluğu necə izah edirdi, narahat idi?

- Deyirdi, elə cavanlar var ki, gözəl yazır, onları önə çəkmək lazımdır. Bəzən gənc yazarlar ona kitablarını gətirirdilər ki, oxusun. Sona qədər, diqqətlə oxuyub, fikrini deyirdi. Yolu açıb, cavanlara yardım eləmək lazımdır, deyirdi. Kimə bu yolda kömək edib, onu dansalar daha mənim sözüm yoxdur. Ədəbiyyatdakı durğunluğa qaldıqda isə həmişə deyirdi ki, zamanla hər kəs ələkdən keçəcək, ondan sonra ən yaxşılar qalacaq. Ələnməsələr, o biri yaxşılar da itəcək.

-Gənc yazarlar çox vaxt Fikrət Qocanı, Anarı tənqid edirlər ki, artıq istirahət vaxtdı, gənclərə yer versinlər. Ömrünün son gününə qədər işlədi. Sizcə, işlərindən nəvə, nəticələrinə zaman ayıra bildi? Deyirdinizmi, bu yaşda işləmə, dincəl?

- Hər gün anam da, mən də deyirdik. Özü də yorulurdu. Bilirsiniz niyə çıxmırdı? Hər gün işə gedəndə deyirdi ki, gedim bu adama da kömək edim. Fikrət Qoca həmişə çətin vəziyyətdə olan şair, yazıçıların problemlərinin həll edilməsinə çalışıb. Həyatının son günlərində bir nəfər ona hansısa problemi ilə bağlı məktub yazmışdı. İşdən mənə yönəltmişdilər. Məktubu oxuyan kimi Anar müəllimə zəng etdi və həmin günün səhəri durub işə getdi.

- Onu tənqid edən yazarları oxuyurdu?

- Dəqiq deyə bilməyəcəm. Amma ümumilikdə maraqlı adam idi. Yəni, “bu məni tənqid edirsə, oxuyum görüm özü nə yazır”, düşüncəsi ilə oxumamış olmazdı. Onun iş otağında o qədər cavan yazarların kitabları var idi ki. İnanmıram ki, maraqlanmasın, oxumasın. Amma heç vaxt haqqında yazılan tənqidlərə əsəbiləşmirdi. Əksinə, mən hirslənirdim. Həmişə deyirdi ki, cavandır qoy danışsın: “Onun bu dəqiqə danışıb, fikrini deyən vaxtıdı, söz demək, irad tutmaq istəyir. Gəlib mənim yaşıma çatanda, onda anlayacaq. Hələki ona nəyisə sübut edə bilməyəcəyik. Hər kəs elə bilir ki, o haqlıdır. Mən də cavan olmuşam, mənim də müəyyən çıxışlarım olub, qadağalar qoyulub”.

Bəziləri deyirlər ki, Fikrət Qoca "saray şairi" idi. Ancaq mənim atam ən ağır zamanlarda, sovet dövründə heç kimin heç nə danışa bilmədiyi vaxtlarda danışırdı, əsərlərində xalqların azadlığı, cəmiyyətin problemləri və s. barədə çəkinmədən öz sözünü deyirdi, mövqeyini bildirirdi. Öz dediyini deyirəm: “Bu insan, Ulu Öndər Heydər Əliyev mənim həyatımı xilas edib, məni müalicəyə göndərdi, sağ qalıb övladlarımı böyüdə bildim. Sonra oğlu, cənab prezident İlham Əliyev mənə köməklik elədi. Mənə olunan yaxşılığı necə unuda bilərəm?” Həmişə də deyirdi ki, görərsiniz, İlham Əliyev Qarabağı azad edəcək. İnanırsınız, hər il bu sözü deyirdi. Deyirdim, ata sən uzaqgörənsən.

Gülay Fikrətqızı 

 

-Qarabağın, Şuşanın azad olunma sevincini necə yaşadı?

- Təsəvvür edə bilməzsiniz, necə sevinirdi. Deyirdi, nə yaxşı mən bunu gördüm, bu sevinci yaşadım. Müharibə zamanı ancaq yazırdı. Dayanmadan şeirlər yazırdı. Zəng edib oxuyurdu, mən də “Facebook”da bölüşürdüm. Əsgərlərimizlə birgə o da döyüşürdü. Həmin vaxtda İnternetə müəyyən məhdudiyyət qoyulmuşdu. Zəng edirdi ki, nə xəbər var, nə oxuya bilmisən? Şəhidlərin adı gələndə pis olurdu ki, onların yaşayan vaxtı idi, amma nə edək, torpaq başqa cür alına bilməzdi.

-Şeirlərinə yüzlərlə mahnı yazılıb. Ən çox hansını sevirsiniz?

- Sevil Əliyevanın mahnısına sözlər yazmışdı, “Sənsiz”. Orada bir cümlə var idi: “Səndən qalan xatirə, mavi dənizdi”. Əlavə bir söz də var idi, unutmuşam. Məndən soruşdu ki, o söz yaxşıdı, ya “mavi dəniz”? Mən insandan o boyda dəniz xatirə qalırsa, yaddaşdan silinə bilməz, dedim. O misranı saxladı. Atamın sözlərinə yazılan və mənim ən çox sevdiyim mahnılar “Sənsiz”, Sevil Əliyevanın sözlərinə yazılan “Ana”, Mehriban Əhmədovanın “Ata”, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir” mahnılarıdır.

Özü isə “Ana” mahnısını çox sevirdi. Onu dinləyəndə mənə elə gəlirdi ki, anasını xatırlayırdı. Atam anasını çox istəyirdi, onunla nəfəs alırdı.

-Hansı məsləhətini tez-tez xatırlayırsınız?

- Mənə yazdığı şeirdə deyirdi ki,

Son mənzilə süzən oxsan,

Elə yaşa bil ki, haqsan.

Haq yolunda sussan, qopsan,

Bükülüb, yay olacaqsan.

Həmişə deyirdi, çalış susma, qorxma, amma qışqırma da. Qışqıran adamı eşidən yoxdur. Sakit yolla öz fikrini bildir, amma mövqeyindən geri çəkilmə. Bir dəfə səni əzsələr, ondan sonra sən bitdin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13260
avatar

Nigar Adil

Oxşar yazılar