Gözəl ifası ilə yanaşı duzlu-məzəli deyimləri ilə də sevilən Xalq artisti Arif Babayev Aranda gənc müğənnilərdən biri ilə toy aparır. Aran qaydalarına uyğun toyun bəy tərifi hissəsində gənc müğənni Arif Babayevdən soruşur.
- Ustad, burda hamını tərifləmək lazımdı. Bəyin ən yaxın dostu rusdu, onu necə tərifləyim?
- Adı nədi?
- Aleksey.
- A bala, burda nə var ki, denən “Rusiyada bir çay var, adı Yenisey, gəlib xələt versin urus Aleksey”
***
Bir gün Arif Babayev qarmon ifaçısı Zakir Mirzəyevlə toya düşür. Zakir Mirzəyev rəqs havaları çalarkən ifalarında həddən çox improvizələr edir. Onu dinləyən ustad xanındə deyir: “Bu zalım oğlu çalanda bilmirsən dal-dala oynayasan, yoxsa qabaq qabağa”.