Bu gün Polad Bülbüloğlunun ad günüdür.
Lent.az xəbər verir ki, Xalq artisti bu gün 75 yaşını qeyd edir.
Polad Bülbüloğlu adının nə önünə, nə sonluğuna əlavə sözə ehtiyac duyulmayan sənətkarlardandır.
1945- ci il fevralın 4-də Bakıda lirik-dramatik tenor, SSRİ Xalq artisti Bülbülün ailəsində dünyaya gəlib. Özünə soyad kimi atasının ləqəbini götürüb. Gözünü açandan evdə musiqi mühiti gördüyündən özü də Konservatoriyada Qara Qarayevin sinfini bitirir.
Azərbaycan bəstəkarı və müğənnisidir. 1988-ci ildən 2006-cı ilə qədər Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən bəri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982),Türkmənistanın xalq artisti(2017), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimidir.
Polad Bülbüloğlu populyarlığını itirməyən bir çox mahnıların müəllifi və ifaçısıdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və digər əsərlərin altında imzası var.
Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfirikimi Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb.Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.
Onun "Məhəbbət və ölüm" baleti Moskvada tamaşaya qoyulub. 3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.
2016-cı il mayın 18-də məşhur heykəltəraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.
2017-ci ildə "Rus ifaçılıq sənəti" (rus. Русское исполнительное искусство) İctimai Fondunun 25 illiyi medalına layiq görülüb.
2019-cu ilin iyul ayında Polad Bülbüloğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunub.
Ən böyük arzusu Şuşada atasının evini bərpa etməkdir. Allah arzusuna çatdırsın. Təbrik edirik.