Şahruk Xan
28 aprel 2023 20:15 (UTC +04:00)

Şahruk Xan

2 yetimi övladlığa götürən, ən xeyirxah kral – Şahruk Xan

Lent.az “Göz önündə” layihəsində Hindistanın dünya şöhrətli aktyoru, müğənni, prodüser, “Bollivud kralı” təxəllüslü Şahruk Xandan bəhs edəcək.

O, Hindistanın ən yüksək titullarına layiq görülmüş az saylı aktyorlarındandır. Bu ölkədə bir Amitab Baççan və bir də Şahruk Xan dövlət tərəfindən xüsusi qvardiya ilə mühafizə olunur. O, ölkəsinin milli sərvəti sayılır.

Hindistanın ən yüksək “Padma Şri” mükafatına layiq görülmüş Şahruk Xanın adı dəfələrlə dünyanın ən nüfuzlu insanları siyahılarına liderlik edib. 80-dən çox bədii filmdə baş rol oynamış bu möhtəşəm aktyorun varidatı 540 milyon dollardan çoxdur.

2011-ci ildə “Los Angeles Times” onu dünyanın ən böyük kino ulduzu hesab edib.

Şahruk Xan 1965-ci il noyabrın 2-də Dehlidə müsəlman ailəsində doğulub. Əslən Pakistandan, Kəşmir vilayətindəndir. Xan soyadını Hindistanda böyüklüyünə görə dördüncü yerdə olan ən qədim nəslin nümayəndələri daşıyırlar. Bu soyadına görə, Amerikada bir neçə dəfə hava limanında problem yaşayıb.

Anası Fatimə Lətif Hindistan Milli Ordusunda xidmət etmiş General Mayor Şah Nəvaz Xanın qızı olub. (Oynadığı "Vir və Zara" filminin  ssenarisi onun nəslinin hekayəsi əsasında yazılıb). Şahruk 15 yaşında olanda atası xərçəng xəstəliyindən ölür, 10 il sonra anasını da itirən Şahruk müsahibələrindən birində bunu özünə ömürlük travma hesab etdiyini deyib.

O, ali təhsilini iqtisadiyyat və kütləvi kommunikasiya sahəsi  üzrə alıb. 1990-cı ildə aktrisa Hema Malini rejissor kimi debüt edir və Şahruku öz filminə çəkir. İlk filmdə epizod oynasa da, “Ən yaxşı aktyor oyunu” mükafatına layiq görülüb.

Beləcə onun ulduz yolçuluğu başladı. İlk illər əsasən psixi xəstə rollarına çəkilən gənc aktyor belə çətin obrazların öhdəsindən məharətlə gəlirdi. Səhnə onu sevdi və Şahruk tezliklə publikanın sevimlisinə çevrildi, milyonlarla fanatı yarandı.

Şahruk rus istehsalı olan “İdiot”, İngiltərə istehsalı olan ”Aşoka” filmlərində də çəkilib. Oynadığı “Zamanın nəfəsi” filminə görə “Oskar” alıb. Çəkildiyi “Devdas” filmi nüfuzlu Kann mükafatına, “Vir və Zara” BAFTA mükafatına layiq görülüb.

Onun oynadığı bütün filmlər beynəlxalq film prokatlarında ən çox gəlir gətirən filmlər olub.
 Şahruk Xan aktrisa Quri Çibberlə evlidir. Qauri induizmə sitayiş etdiyi üçün oğlu Aryan və qızı Suhan həm İslam, həm də induist dini tərbiyəsi alırlar. Üçüncü övladını surroqat ana dünyaya gətirib.Ən böyük arzusu özünü hazır hiss edəndə qızı ilə birgə Həccə getməkdir. Oğlundan bu mənada əlini üzüb. Oğlu narkotik maddələrin aludəçisidir.

Aktyor hazırda Mumbayda, 20 milyon dollarlıq villasında yaşayır. Evinin önündə hər gün onu bir anlıq da olsun görməyə can atan yüzlərlə insan dayanır. Ulduzun Londonda və Dubayda da malikanələri var. Özünün kinoşirkətini qurub. Şirkət film, televiziya verilişləri, reklam və şou-proqramların çəkilişi ilə məşğul olur.

Şahruk Xan xeyriyyə ilə ən çox məşğul olan aktyorlardandır. O valideynlərini terrorçuluqla mübarizədə itirmiş iki pakistanlı yetim uşağı övladlığa götürüb. Dünyada işsizlik, yoxsulluq, insan alverinə qarşı mübarizə aparan bütün təşkilatlara dəstək göstərir. 2011-ci ildə xeyriyyə fəaliyyətinə görə, UNESKO tərəfindən xüsusi mükafata layiq görülüb. Şöhrətinə baxmayaraq ulduz xəstəliyinə tutulmayıb, əksinə dünyanın ən xeyirxah adamı titulunu alıb.

Hazırda “Kim milyonçu olmaq istəyir” proqramının aparıcısıdır, tez-tez müğənni kimi konsertlər verir. Müğənni kimi ŞRK ləqəbini işlədir. Onun haqqında “Şahruk Xanın daxili və xarici dünyası adlı” sənədli film çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3378
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar