Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Heydər Əliyevi anıb
10 may 2011 14:15 (UTC +04:00)

Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Heydər Əliyevi anıb

Marneulidəki “Ataholdinq” İdman kompleksində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Azərbaycanlıların Mədəniyyət Mərkəzindən Lent.az-a verilən məlumata görə, tədbiri açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu, dünyada yaşayan 50 milyonluq azərbaycanlılara olan atalıq qayğısı, Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsi sahəsindəki müstəsna rolu barədə danışıb.
Milli Məclisin üzvü Qənirə Paşayevaya Heydər Əliyevin dünya azərbaycanlılarının rəhbəri kimi tarixi xidmətlərindən söz açıb. Qənirə Paşayeva deyib ki, onun gördüyü işlər gənclərə böyük örnək olmalıdır: “Heydər Əliyev dünya azərbaycanlılarına, eləcə də Gürcüstanda yaşayan soydaşlarımıza hər zaman diqqət və qayğı göstərib. Məhz onun uzaqgörənliyi sayəsində həyata keçirilən nəhəng layihələr bu gün öz bəhrəsini verməkdədir. Günü-gündən inkişaf edən həm Gürcüstan, həm də Azərbaycan iqtisadiyyatı bunun bariz nümunəsidir”.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqü Mehdizadə Gürcüstan və Azərbaycan prezidentlərinin səmimi dostluq münasibətlərindən danışıb və bu gündə bu dostluğun uğurla davam etdiyini söyləyib.
Marneuli rayon icra başçısı Zaza Dekanoidze Heydər Əliyevin nəinki azərbaycanlıların, eyni zamanda Qafqazın lideri olduğunu vurğulayıb. Heydər Əliyevin Gürcüstana hər zaman dostluq münasibəti bəslədiyini dilə gətirən Zaza Dekanoidze bu gün də bu dostluğun böyük əhəmiyyəti olduğunu qeyd edib.
Gürcüstan parlamentinin üzvü Azər Süleymanov mərhum prezidentlə görüşünü xatırladıb. Azərbaycanın Gürcüstandakı sabiq səfiri Hacan Hacıyev Heydər Əliyevin azərbaycançılıq ideyalarından bəhs edib. Onun sözlərinə görə, dünyada heç bir xalq Azərbaycan xalqı kimi parçalanmayıb: “ Heydər Əliyev azərbaycançılıq ideyaları ilə birliyimizin bərpasına nail oldu”.
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Axund Əli, Gürcüstan parlamentinin sabiq deputatları Hidayət Hüseynov, Ramiz Bəkirov, Marneuli rayon icra başçısının müavini Heydər Musayev, tələbələrdən Elida Muxayeva, Ləman Məmmədova, ulu öndərin Azərbaycan xalqı üçün gördüyü tarixi işlərdən söz açıblar.
Tədbir iştirakçılarına Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdiyi “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabını təqdim olunub. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, tələbələr, mətbuat nümayəndələri iştirak ediblər.
Həmin gün Gürcüstanın Marneuli şəhərində Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər keçirilib. Onlardan biri Azərbaycanda tanınmış “Next” qrupunun Marneulinin Nəriman Nərimanov adına Mədəniyyət evində keçirilən konserti olub. Konsertin təşkilatçıları Azərbaycanlıların Mədəniyyət Mərkəzi və biznesmen Tural Bayraməliyevdir. Konsertdə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə xanım Paşayeva, Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, Azərbaycanın Gürcüstandakı Səfirlik nümayəndəsi Şövqü Mehdizadə və Adil Əfəndiyev, şəhər rəhbərliyi, QHT rəhbərləri, ziyalılar, Gürcüstanın ali və orta təhsil ocaqlarında təhsil alan gənclər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1196

Oxşar yazılar