Ceyhun Mirzəyevin 65 illiyi qeyd olundu
11 aprel 2011 19:40 (UTC +04:00)

Ceyhun Mirzəyevin 65 illiyi qeyd olundu

Lent.az-ın məlumatına görə, tədbir Ceyhun Mirzəyevin yaradıcılığını əks etdirən video-çarxın nümayişi ilə başlayıb. Daha sonra Ceyhun Mirzəyevlə bağlı xatirələrini bölüşən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev onun Azərbaycanın kino tarixində özünəməxsus yeri olduğunu bildirib. C.Quliyev deyib ki, kinostudiyada işsiz olduğu müddətdə Ceyhun Mirzəyev “Mozalan” studiyasını yaradıb, onu dəvət edib, birlikdə 20-dək süjet ərsəyə gətiriblər.


Tədbirdə Ənvər Əbluç, Ramiz Əzizbəyli, Şamil Süleymanov, Kənan Məmmədov (“Fəryad” filminin operatoru) da Ceyhun Mirzəyevlə bağlı xatirələrini bölüşüblər. Ramiz Əzizbəyli uşaq rolunun ən yaxşı ifaçısına “Ceyhun Mirzəyev” mükafatının təsis olunmasını təklif edib.

Tədbirdə, həmçinin Ceyhun Mirzəyevin çəkildiyi filmlərdən, eyni zamanda indiyədək nümayiş olunmayan “Qara Qağayı” filmindən parçalar nümayiş olunub. Daha sonra “Qara Qağayı” filminin videoyazısının bir nüsxəsi aktyorun həyat yoldaşı Lidiya Mirzəyevaya təqdim olunub.


Qeyd edək ki, Dövlət Film Fondunun foyesində Ceyhun Mirzəyevin həyat və yaradıcılığına həsr olunmuş foto sərgi də tədbir iştirakçılarının marağına səbəb olub.


Xəyalə MURADLI
# 1029

Oxşar yazılar