Fidan Hacıyeva: “İndidən həyəcanlanıram...”
11 aprel 2011 16:41 (UTC +04:00)

Fidan Hacıyeva: “İndidən həyəcanlanıram...”

“Hər dəfə Karmeni oynayanda özümü dünyanın ən xoşbəxt insanı sayıram. Karmen kimi hər dəfə səhnəyə çıxmaq mənim üçün ən möhtəşəm bayramdır. Budəfəki çıxışıma da ciddi hazırlaşıram və tamaşaçılara unudulmaz gecə vəd edirəm”.


Bu sözləri Lent.az-a Azərbaycanın əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva deyib. Əməkdar artist aprelin 17-də yenidən “Karmen” operasında əsas partiya ilə səhnəyə çıxacaq. İfaçı bildirib ki, artıq hazırlıqlara başlayıb, məşqlər gedir və afişalar paytaxtın mərkəzi küçələrinə vurulub.


Fidan xanımın sözlərinə görə, Jorj Bizenin “Karmen” operası ötən il olduğu kimi, bu dəfə də professor Hüseyn Əliyevin quruluşunda hazırlanır. Həmin gün operanı Azərbaycanın xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək. Azərbaycan səhnəsinin Karmeni Fidan Hacıyeva indidən həyəcanlanmağa başladığını deyib: “Hər dəfə səhnəyə çıxdıqda çox həyəcanlanıram. Bu, olduqca böyük məsuliyyətdir. Ancaq bu məsuliyyətin öhdəsindən gəlməyə çalışacağam. Bilirəm ki, tamaşaçılarımız Karmen üçün çox darıxıb. Bunu hiss edib, onlar üçün bu sürprizi etmək istədim. Karmeni sevən hər tamaşaçını həmin gün zalda görmək arzusundayam”.


F. Hacıyeva bəyan edib ki, “Karmen” operası ilə bir növ yaradıcılığına yenidən start verəcək. Belə ki, sənətçi “Karmen”in nümayişindən sonra daha bir neçə opera və yeniliklərlə tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, aprelin 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdiriləcək “Karmen” operasının biletlərinin qiyməti 20-30 manat arasında satışa çıxarılıb.

Xəyalə Muradlı
# 672

Oxşar yazılar