Əhməd Şəfəq: “Namərdə möhtac deyiləm…” - MÜSAHİBƏ
08 aprel 2011 16:27 (UTC +04:00)

Əhməd Şəfəq: “Namərdə möhtac deyiləm…” - MÜSAHİBƏ

Lent.az-ın “Persona” rubrikasının qonağı Türkiyənin məşhur müğənnisi Əhməd Şəfəqdir. Azərbaycan əsilli olduğunu vurğulayan Əhməd Şəfəq bizimdə söhbətdə dünyagörüşündən, sənətindən, ömür yolundan, arzularından danışdı...

- Bakıya gələrkən hansı hissləri keçirirsiniz?

- Mən Azərbaycana öz yerinə, qohum-əqrəbalarının yanına gəlirmiş kimi gəlirəm. Bakı, Quba, Zaqatala, Balakən, Qax, Sabirabad, o cümlədən çox sevdiyim Şamaxıda özümü yad hiss etmirəm. Konsert verməyə də Azərbaycanın bir oğlu kimi gəlirəm və səhnədə də çox rahatam. Məndən bəzən soruşurlar ki, Əhməd, həyəcanlandınmı? Həyəcanlanmıram, ürəkdən, ruhən özümü çox rahat hiss edirəm.
Onu da deyim ki, mən Azərbaycana Tənzilə Rüstəmxanlının dəvəti ilə gəldim. Bu, bəlkə də mənim ən böyük şansım olub. Onun mənim üçün cızdığı Azərbaycan təsviri yolunda hələ də irəliləyirəm. O tablo məni heç vaxt yanıltmadı.

- Sənətçinin missiyasını necə görürsünüz?

- Sənət hər kəsin məşğul olacağı bir iş deyil, Allahın verdiyi bir istedadla bağlıdır. Yazıçılıq, şairlik, müğənnilik, rəssamlıq istedaddan qaynaqlanır. Ziya Göyalp deyib ki, sənətkarlıq ziyalılıqdır, sənətkar Allahın verdiyi istedadı, qabiliyyəti xalqdan aldığı ilhamla birləşdirib onu bir əsərə çevirən, sonra bu əsəri xalqla paylaşan bir insandır. Sənətkarı zaman və məkan çərçivəsində əbədi yaşadan xalqla qurduğu ünsiyyətdir. Amma sənətkar xalqla ünsiyyəti əsərləri üzərindən qurmalıdır. Sənətkar xalqın ağrısına, acısına, ürək yanğısına, xalqının tələblərinə, arzularına bayraqdarlıq etməlidir. Əgər sənətkar bunu etmirsə, müəyyən zaman sonra xalqla əlaqəsini itirir və onun ilham qaynaqları azalır. Yəni xalqdan ilham ala bilmir. Belədə isə sənətkar getdikcə özünü təkrar etməyə başlayır. İlham nədir? Məsələn, illərdir ki, Azərbaycana gəlirəm. Azərbaycanda xalq sözləri, məsəlləri var, ö sözləri eşidirəm. Bir misal çəkim. 5 il əvvəl Bakıya gələndə burada olan Şahin adlı dostumdan soruşdum ki, necəsiz? Dedi ki, qardaş, it günündə qalmışam. Türkiyədə belə söz yoxdur. Mən bu ifadə əsasında bir mahnı yazdım:

Mən sənə demədimmi,
Unudaram səni yar.
Xain göz yaşı olsan,
Qurudaram səni yar.

Sən xəyala dalmısan,
Bu şəhərə aldanmısan.
Sən mənim canım idin,
İt günündə qalmısan.


Bəli. Bir əsər yaradarkən xalqla təmas önəmlidir. Amma eyni zamanda sənətini qoruyaraq, sənətini xırdalamayaraq xalqın istək və arzularının yerinə yetməsinə, problemlərinin həllini tapmasına da mütləq yardımçı olmaq məcburiyyətindəsən. Əks halda, ilham yollarını qapadarsan. Çünki mədəniyyəti yaradan xalqdır, mədəniyyəti yaradan da xalqdır. Amma xalq o mədəniyyətdən bir əsər meydana gətirməz. Xalq o mədəniyyəti yaşar və sən Allahın verdiyi qabiliyyətlə o mədəniyyətdən ilham alaraq, onu bir əsərə çevirirsən. Buna görə də sənətçilərin missiyası var. Lakin hər sənətçi bunu etməyi bacarmaya bilər. Məsələn, antik dövrdə Platonun sənətçilərdən zəhləsi gedib. O, sənətçiləri yunan mədəniyyətinə laqeyd qalmamağa çağırıb. Platon sənətçiləri öz xırda zövqləri üçün çalışmaqda günahlandırıb və xalq ənənələrinə, mədəniyyətinə sahib çıxmağa çağırıb. Platonun bir bənzətməsi var. Deyir ki, günəş şüaları mağaranın girişindən girir və oradakılar öz kölgələrini divarda görür, bu kölgələri gerçək zənn edirlər. Platon bununla sənətçilərin gerçək həyatdan uzaqlaşmasına işarə edir. İnsanlar ayaqlarını yerə basmalıdırlar. Xüsusən sənətkarlar ayaqlarını yerə daha çox basmalıdırlar.

- Bəs necə olub ki, Əhməd Şəfəq Türk Dünyasına, onun bir parçası olan Azərbaycana bu qədər bağlı yetişib? Ailədən, yoxsa yaşadığınız ömür yolundan qaynaqlanıb?

- Bütün amillərin rolu var. Bəli, ailədə də bu tərbiyəni aldım. Amma ömür yolu da çox önəmli amildir. Ömür yolu ifadəsi Türkiyədə yoxdur, Azərbaycanda bu ifadəni işlədirlər. Buna “həyat təcrübəsi” deyirlər. Ömür yolu daha dəqiq ifadədir. Həqiqətən insan hansısa bir yol üzərində gedir və bu yolda yaşadığı təcrübələri dərk etməsi ilə həyatına bir məzmun verir.

- Bu sualı ona görə veririk ki, bu gün Türkiyədə Türk Dünyasına bağlı olmayan, yalnız “Avropaya, Qərbə baxan” kifayət qədər çox sayda sənətçinin, o cümlədən jurnalistin olduğunu da görürük.

- Doğrudur. Ziya Göyalpın 1918-ci ildə qələmə aldığı “Türkləşmək, islamlaşmaq və müasirləşmək” adlı bir kitab var. Ziya Göyalp bu ideyanı Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadədən alıb. Ziya Göyalp kitabda şəhərlilər adlandırdığı Osmanlının son ziyalılarından bəhs edir. Ziya Göyalp yazır ki, həmin ziyalılar millətin dərdləri ilə maraqlanmır, öz mənfəətləri uğrunda mübarizə aparırlar. Bunlar qalan şeylərə də xırda məsələlər kimi baxır və öz mənfəətlərinin təmin olunması üçün də böyük səy göstərirlər. Qəbul etmək lazımdır ki, Türkiyədə xüsusən ziyalılar arasında bu anlayış hələ də davam etməkdədir. Yəni mədəniyyət, sənət, siyasət dünyasında bu anlayış sanki bir ictimai rəy anlayışı kimi qalmaqdadır. Bu zehniyyətə qarşı mübarizə aparan, milli ideya anlayışı ilə bu zehniyyətin zidd olduğunu, millətlə belə ziyalılar arasında fərq olduğunu söyləyənlər də var. Amma mən dünya, Türk Dünyasında gedən proseslərlə bağlı ailəmdə bir tərbiyə aldım, ömür yolumda təcrübə əldə etdim. Etiraf edim ki, Ziya Göyalpdan çox təsirləndim. Ziya Göyalp 1924-cü ildə vəfat edib. Onun son illərdə yazdığı kitabları, məqalələri oxudum. Ziya Göyalp Əli bəy Hüseynzadənin “Turan” şerindən təsirlənərək 1922-ci ildə bir şeir yazıb:

Vətən nə Türkiyədir türklərə, nə Türküstan,
Vətən böyük və müəbbəd bir ölkədir – Turan!


Bir məqamı vurğulamaq istəyirəm. Türk Dünyası artıq bir gerçəklikdir, xəyal deyil. Amma biz bu gerçəyi xəyal kimi də həyata keçirə bilmərik. Bu gerçəyin bir an reallaşması üçün hər şeyi tapdalayıb, önümüzə çıxan bütün problemləri, həqiqətləri bir kənara qoyaraq, arzumuzu yerinə yetirə bilmərik. Dünyada gedən proseslər çərçivəsində, bu proseslərə uyğun bir halda, ən azı dünyada gedən ədalətsiz düzəndən Türk Dünyasını qorumaq üçün bir əməkdaşlıq mühiti yaratmaq mümkün ola bilər. Bir sənətçinin də bu nöqtədə çalışması, mahnılarını bu istiqamətdə ərsəyə gətirməsi lazım gəlir. Türk Dünyası Balkanlardan Çin səddinə, Monqolustana qədər böyü bir coğrafiyadır. O coğrafiya çərçivəsində daha real əməkdaşlıq Türkiyə və Azərbaycan arasındadır. Ziya Göyalp deyib ki, biz Anadolu türkləri öncə türkiyəçi olmalı, sonra da oğuzçu olub, Oğuz Birliyini yaratmalı, daha sonra da Turan Birliyi ideyasını həyata keçirməliyik. Hazırda səylər həm Türk Birliyinin, həm də Oğuz Birliyinin qurulması istiqamətinə yönəlməlidir. Azərbaycanla Türkiyənin münasibətlərinin, qardaşlığının həm Türkiyədək, həm də Azərbaycandakı ictimai rəydə dərk edilməsi gərəkdir. Dünən ata-babalarımızın gördüyü işləri biz bu gün bir az ola bilməyəcək bir məsələ kimi görürük. Lakin dünən bu, daha çətin olub. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, böyük missioner Zeynalabdin Tağıyev çar imperiyası dönəmində yaşayıblar. Bu gün dünyada sərmayə kapitalizmi hökm sürür. Amma məncə, Zeynalabdin Tağıyev bütün Türk Dünyasının öncül götürməsi gərəkən bir sərmayədardır. Zeynalabdin Tağıyevin mili ideallar məsələsində göstərdiyi çox xeyirxah səylər var. Bunların hamısının dərk edilməsi gərəkdir. Dünən bunu ata-balalarımız etdilər. Əli bəy Hüseynzadə ilə Ziya Göyalp görüşmüşdülər, biz də görüşə bilərik. Mehmet Akif ilə Hüseyn Cavid görüşdü, biz də görüşə bilərik. Bu, artıq xəyal deyil, gerçəklikdir. Bu gerçəkliyin bu an özünü sübut etmiş 2 dövləti - Azərbaycan və Türkiyə var. Lakin bütün fikir qovğaları ziyalılar arasında olur. Ziyalılar bir fikrə sahib çıxarlarsa, o, ictimai rəydə qəbul olunar. Ziyalılar bir fikrə sahib çıxmaz, mili maraqların önündə getməzlərsə, ictimai rəy mütləq xaricdəki fikirlər tərəfindən tapdanır.

- İndiyə qədərki suallarımıza cavablarınız bir insan kimi dünyagörüşünüzü ortaya qoydu. Bundan sonrakı suallarımız bir insan kimi Əhməd Şəfəqin özü ilə bağlı olacaq. Uşaqlıq illəriniz necə keçib, ailəniz necə bir ailə olub?

- Mən İstanbulda anadan olmuşam. Atam və anam Rizədən İstanbula gəliblər. Ata babam isə 100 ilə əvvəl Qərbi Azərbaycandan Türkiyəyə gəlib.

- Yəni Azərbaycan əsillisiniz?

- Bəli, Azərbaycan əsilliyəm. Babalarım Amasiyadan gəliblər. Atam çörəkçi, anam da evdar qadın idi. Uşaq vaxtı da dəcəl deyildim, ciddi idim. Həm də uşaqlıq, gənclik illərimiz Türkiyədə ideoloji qovğalar dönəminə təsadüf etdi. Söhbət marksizm, ülküçülər və digər cərəyanlardan gedir. Mən türk millətçilərinin cərgəsində idim. Hazırkı dünyagörüşümün ilk kökləri o dönəmlə bağlıdır. Yəni dünyaya baxarkən türk millətçiliyinin mənə verdiyi tərbiyəni heç bir zaman yaddan çıxarmadım. Məktəb illərimiz qaynar keçib.

- Yeri gəlmişkən, ailədə neçə övlad olmusunuz?

- Ailədə 7 övlad idik. Ən kiçiyi mən idim. Türkiyədə sonuncu övlada “Qazan dibi” deyirlər. Yəni sonbeşik idim. 4 bacı, 3 qardaş idik. Qardaşlarımdan birini yol qəzasında itirdik. Digərləri həyatdadırlar.

- Türkiyədə hansı hadisə həyatınızda daha dərin iz buraxıb?

- Türkiyədə 1980-ci il çevrilişi bir miladdır. 1980-ci ildən əvvəl məktəbi tam bitirməmişdik. Mən universiteti 1980-ci ildən sonra bitirdim. Mən iqtisadçı təhsili almışam. Amma 1989-cu ildən etibarən jurnalist kimi fəaliyyətə başladım. 1989-cu ildən 1998-ci ilə qədər aktiv jurnalist kimi fəaliyyət göstərdim. Bir qəzetin baş redaktoru da oldum. Bütün qəzetlərdə köşə yazırdım. 1991-ci ildə “Türk əsrinə girərkən” adlı ilk kitabımı çıxardım. Bu, siyasi və fəlsəfi bir analizi əks etdirirdi. 1993-cü ildə “Qavramlara toxunmaq” adlı ikinci kitabım işıq üzü gördü. Bu, yenə siyasi-fəlsəfi mahiyyətli idi. Kitabda 83 qavramı bir az da millətçi baxışdan araşdırırdım. Üçüncü kitabım, “Yüksələn millətçilik və liberal xəyanət” 1995-ci ildə çap olundu. 1998-ci ildə artıq olduğum qəzetdən bir mübahisə üzündən ayrıldım. Əslində ayrılmadım, qovulduq.
Bir məqamı da ilk dəfə söyləyim. Birgə oxuduğum gənclər arasında gözəl səsləri olanlar vardı və onlar öz aralarında mahnılar oxuyurdular. Mən isə onlardan fərqli olaraq oxumaqla bərabər, mahnılar da bəstələyirdim. Lakin mahnı oxumaq, müğənnilik barədə düşünmürdüm. Məsələn, 2000-ci ildən sonra mənə böyük şöhrət qazandıran “Yalnız qurd” mahnısını 1995-ci ildə bəstələdim, lakin oxumadım. Hətta bir müğənni dostum vardı, oxuması üçün ona göndərdim. Ona 4-5 mahnı göndərmişdim. Amma göndərərkən bir səhvə yol verdim. Öz səsimlə oxuyaraq göndərdim. Dostum da dedi ki, bu səsin sahibi niyə mahnıları özü oxumasın?! Lakin mən qəzetçi, yaxşı bir köşə yazarı idim. Mən həm iqtisadiyyatdan, həm də siyasətdən yazırdım. Hətta qəzetlərdə iqtisadiyyat şöbələrində redaktor işləmişəm. Ancaq 1998-ci ildən sonra şərait dəyişdi və qəzetçilikdən də bir az uzaqlaşmaq gərəkdiyini anladım. 1998-ci ildə ilk albomumu çıxardım, uğurlu olmadı. Bir müddət sonra başqa bir firmada ikinci albomumu çıxardım. Bu, “Yalnız qurd” albomu idi. Albom bir anda məşhurlaşdı. Öncə fikrim belə idi ki, albom çıxaracam, səhnəyə isə çıxmayacam. Bir səhnə müğənnisi olmayacağımla, sadəcə, disk çıxaracağım, klip çəkəcəyimlə bağlı qərar vermişdim. Amma “Yalnız qurd” albomundan sonra o qədər böyük tələb gəldi ki, səhnəyə çıxmaqdan özümü saxlaya bilmədim. Həm də səhnə elə bir şeydir ki, bir dəfə çıxıb, o duzu qəbul edəndən sonra bunu özüm istəməyə başlayırsan. O gündən indiyə qədər 9 albomu çıxardım. Musiqi aləminə girdikdən sonra yazmaqdan da vaz keçmədim. Bu dəfə ciddi siyasi əsərlər yazmaq yerinə, tarixi romanlar yazmağa başladım. İki roman yazdım. İlk romanım “Qan Məclisi-1915” adlanır. Bu tarixi roman 1915-ci ildə İstanbuldan bəhs edir. Romanda İstanbul, ermənilərin köç məsələsi əksini tapır. Bu, yazmaqdan çox məmnun olduğum, faktlar əsasında yazılmış bir kitabdır. Roman olsa da, sənədli bir kitab kimidir. İkinci, “Qurd” adlı romanım daha populyardır və Türkiyədə çox dərc olunub. Bu roman da erməni məsələsi ilə bağlıdır. Birinci roman 1915-ci ildən bəhs edirsə, ikinci roman 2015-ci ildə Türkiyədə nə baş verəcəyi üzərində qurulub. Romana görə, 2015-ci ildə ABŞ Senatı qondarma “erməni soyqırımı”nı qəbul edir. Roman Türkiyən nə edəcəyindən bəhs edir. Növbəti kitabım artıq roman deyil. “Şöhrət sənəti öldürdü, cinayəti mən gördüm” kitabımda Türkiyədəki şöhrət sistemini anladıram. Eyni zamanda Türkiyənin mədəniyyət tarixini anladan bir kitabdır. Yəni Türkiyədə ziyalıların heç vaxt dərk etmədikləri öz mili dünyamızı, mədəniyyət dünyamızı anlatdım. Hətta o kitabda “Azərbaycanın verdiyi dərslər” adlı 4 səhifəlik bir məqaləm var.

Yenə ara-sıra bəzi jurnallarda yazıram, amma bir müğənni olaraq həyatımızı davam etdiririk.

- Yeri gəlmişkən. Əhməd Şəfəqin şəxsi həyatı nəzərə çarpmır, görünmür. Bu nə ilə bağlıdır?

- Bu məsələdən xüsusi ilə qaçıram. İstəmirəm ki, ailəvi şəkillərimi görsünlər. Mən əsərlərimlə, gördüyüm işlərlə anılmaq istəyirəm. Məsələ ailəyə, ailə fərdlərinə gəldiyi zaman maqazinləşir. Millətinin mədəniyyəti üçün çalışan bir sənətçi olmaqdan çıxırsan. Mən ailə məsələsinə həmişə çox diqqət etmişəm. Amma sağ olsun, bir jurnalist dostumu qızımın toyuna çağırdım. Dostum toya kamerası ilə bərabər gəldi. Bu, mənim istəmədiyim haldır. Uşaqlarımın öz həyatlarını yaşamasını istəyirəm, mənim kölgəmin onların üzərində olmasını istəmirəm.

- Yəqin azərbaycanlı dostlarınız var. Azərbaycanlıların dostluğu necə olur?

- Mən dostluq kəlməsinə inanmıram. Dost bu gün var, sabah yoxdur. Mənim Azərbaycanda ictimai xadim, ziyalı, aktyorlar, jurnalist olaraq tanıdıqlarım var. Bu şəxslərin çox insanlığını gördüm. İndiyə qədər heç xəyal qırıqlığı ilə üzləşmədim. Bunu Türkiyədə də hər kəsə söyləyirəm. Azərbaycanla bağlı qara piar aparanlar da var. Amma həmişə onlara deyirəm ki, Azərbaycan öncə çar Rusiyasının, 70 il də sovet Rusiyasının əsarəti altında qalıb. Belə bir əsarətdən qurtulduqdan sonra hələ Türkiyənin belə unutduğu bir çox ənənələri, dəyərləri özündə saxlayır. Məsələn, Novruz bayramı Azərbaycanın milli bir bayramıdır. Bu, bütün Türk Dünyası üçün olan bir bayramdır. Lakin Azərbaycan bu bayramı xalqların adət-ənənələrinə, mədəniyyətinə, mənəviyyatına, dinə qarşı mübarizə aparan o sovet rejimində də yaşadıb və qoruyub. Azərbaycandan bizim öyrənəcəyimiz çox şey var. Əli bəy Hüseynzadə 1906-cı ildə “Füyuzat” jurnalını çıxarıb. Orada yazılan məqaləsini oxudum. 1906-cı ildə də Azərbaycan çar Rusiyasının işğalı altında olub, kiçik bir ölkə idi. Amma bu işğal altında belə Türkiyə ilə münasibət qurub və Türkiyədəki ziyalılarla ciddi münasibət olub. 1906-cı ildə balaca bir Azərbaycan qocaman Osmanlı imperiyasının ziyalısı olan Zia Göyalpa ideya verib. Deməli, söhbət böyük və kiçik ölkədən getmir. Söhbət mədəniyyətin köklərini, əsaslarını kimin daşıyıb-daşımadığından, kimin yaşayıb-yaşamadığından keçir. Ona görə də azərbaycanlılarla dostluqdan son dərəcə məmnunam.

- Bəs sənətçi kimi guzəranınızı təmin edə bilirsinizmi?

- Türkiyədə ən çox konsert verən 10, 20 sənətçidən biri mənəm. Konsertlərdən qazandıqlarımla dolanıram. İndi İstanbulda bir kitabxana açmaq fikrim var. Şükür, dolanmam yaxşıdır. Orta imkanlı insan necə yaşayırsa, mən də elə yaşayıram. Yəni namərdə möhtac deyiləm.

- Arzularınızı da bilmək maraqlı olardı.

- Mənim şəxsi həyatımla ictimai həyatım arasında çox fərq yoxdur. 20 ildir ki, çox ictimailəşmiş bir həyatım var. Bundan sonra görmək istədiyim işlərlə bağlı fikrimdən çox şeylər keçir. Ən əsası bir bədii film layihəm var. Bu film layihəsinə əslində 5 il əvvəl Azərbaycanda başlamışdıq. Məqsədim Qarabağ məsələsini öncə Türkiyədə ictimai rəyə çatdırmaqdır. Tam olaraq anlada bilmədim. Yaxşı alınmadığı üçün o filmdən vaz keçdik. Ona görə də yenidən Qarabağ məsələsi ilə bağlı film çəkmək istəyirəm. İndi 1 il ərzində bu film üçün çalışmalara başlayacam. Bundan əlavə, əlbəttə, musiqi işlərinə davam edəcəm. Amma bəlkə də musiqi çalışmalarımı bir az da azaldacam. Çünki konsertlərim çox tez-tez olur, bunların sayını azaltmaq istəyirəm. Albomlar hazırlamaq üzərində də işlərimi davam etdirəcəm. Mən mahnılarımla həyatda qalmaq istəyirəm. Mahnılarım bir az məktub kimidir. Köşə yazırmışam kimi mahnılar yazıram. O mahnılar yaşadığımız zamanın əhvalını özündə əks etdirir.
Bir də mən millətin ruhlandırılmasını istəyirəm. Dünyada gedən proseslər özəl millət olan türkləri də sıradan bir millətə çevirmək təhlükəsini ortaya çıxarıb. Türk millətinin adiləşmə haqqı yoxdur. Türk milləti qürurlu bir millətdir. Üçüncü minillikdə də daha modern, daha çağdaş bir şəkildə, dünyadakı digər millətlərlə də yaxşı münasibət quraraq o qürurlu obrazını təkrar yaratmalıdır. Mən bunun həyata keçməsi yönündə bir ruhlandırma fəaliyyəti həyata keçirirəm və mahnılarımla buna çalışıram. Nə dərəcədə nail olub-olmadığımı bilmirəm, amma həyata keçirmək istədiyim budur.
Etiraf edirəm ki, Allah-təala bir çox insan kimi məni də fərqli qabiliyyətdə yaratdı. Mən tək burada mahnı yazıb, oxuyan bir insan deyiləm. Eyni zamanda kitablar, ssenarilər yazıram. Keçmiş illərdə bədii filmlərdə aktyor kimi oynadım. Arzum Qarabağla bağlı bədii film ideyasını həyata keçirməkdir. Allah nəsib edərsə, bunu gerçəkləşdirəcəm. 1 il ərzində bu filmi görəcəklər.

- O filmdə özünüzün azərbaycanlı obrazını canlandırmağınız barədə necə, düşünürsünüz?

- Bəli. İnşallah, Qarabağla bağlı çəkəcəyim o filmdə özüm də oynayacam. Türkiyədən də bu filmdə oynamaları üçün aktyorlar gətirəcəyik. Çəkiliş heyəti də Türkiyədən olacaq. Bu film Türkiyədə bütün kinoteatrlarda göstəriləcək.

Ramiz Mikayıloğlu
# 818

Oxşar yazılar