Firəngiz Əlizadənin əsərləri Ukrayna səhnəsində
07 aprel 2011 18:19 (UTC +04:00)

Firəngiz Əlizadənin əsərləri Ukrayna səhnəsində

Aprelin 10-dək davam edəcək festivalda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin də əsərləri səslənib.

Bəstəkarlar İttifaqından Lent.az-a verilən məlumata görə, M.V.Lisenko adına Ukrayna Milli Konservatoriyasının Sütunlu Zalında Milli Kamera Orkestrinin konserti olub. Ukraynanın xalq artisti Volodimir Sirenkonun rəhbərlik etdiyi Milli Kamera Orkestrinin ifasında Dmitrii Libinin, Levko Klodubun, Vidmantis Bartulisin, Sergey Zaşitkonun, İqor Şerbakovun və Sergey Prokofyevin əsərlərinin səsləndiyi konsert F.Əlizadənin “Metomorfoz” əsəri ilə bağlanıb.

Yerli mətbuatda Firəngiz xanımın festivalda bu əsərinə geniş yer ayrılıb və onun yaradıcılığı barədə müxtəlif səpkili yazılar dərc olunub. Kiyevdə çıxan “Den” (“Gün”) qəzeti onun adını dodekafon musiqinin görkəmli nümayəndələri Vebern, Berq, Şönberq, Messian, Con Keycin əsərləri sırasında qeyd edib.

Kiyevdən qayıtdıqdan sonra səfər barədə təəssüratlarını bölüşən Firəngiz xanım deyib ki, vaxtilə Ukraynaya tez-tez səfərlər edib: “Ukrayna bəstəkarlarının yaradıcılığını diqqətlə izləmişik. Çünki bu bəstəkarlıq məktəbi keçmiş SSRİ-də ən qabaqcıl və güclü məktəblərdən olub. Mənim görkəmli bəstəkar, müasir Ukrayna musiqisinin aparıcı simalarından olan Valentin Silvestrovla dostluğum, tanışlığım hələ tələbəlik illərindən başlayıb. Hazırkı festivalda bu böyük bəstəkarı yenidən görmək, onun yeni əsərlərini dinləmək maraqlı idi. Bu cür möhtəşəm forumun keçirilməsində Ukrayna Bəstəkarlar İttifaqının yeni seçilmiş sədri, görkəmli bəstəkar İqor Şerbakovun əməyini böyük vətənpərvərlik nümunəsi hesab edirəm”.
# 657

Oxşar yazılar