Avropa Qəzetçilər Dərnəyi Azərbaycanda 3 nəfərə mükafat verəcək
07 aprel 2011 18:13 (UTC +04:00)

Avropa Qəzetçilər Dərnəyi Azərbaycanda 3 nəfərə mükafat verəcək

Aprel ayının 10-da Türkiyənin İstanbul şəhərində Avropa Qəzetçilər Dərnəyinin növbəti mükafatlandırma mərasimi keçiriləcək.

Bu barədə Lent.az-a Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan üzrə təmsilçisi Afaq Fərzəlibəyova məlumat verib.

Artıq ikinci ildir ki, Azərbaycan da bu mükafatlandırmada iştirak edir. Bu yaxınlarda isə Azərbaycandan olan nümayəndə heyəti mərasimdə iştirak etmək üçün İstanbula yollanacaq. Afaq Fərzəlibəyova deyib ki, Avropa Qəzetçilər Dərnəyi (AQD) 10 ildir ki, ilin ən yaxşılarını seçir və mükafatlandırır: “Ötən il bildirmişdim ki, Azərbaycandan hər il bir insan mükafatlandırılacaq. Lakin biz dərnəyin baş ofisi ilə Azərbaycandan 3 adamın mükafatlandırılması üçün danışıqlar apardıq və bu, müsbət nəticə verdi. Bu il artıq 3 azərbaycanlı mükafatlandırılacaq. Ötən il bu mükafatı ilk dəfə Azərbaycana gətirən şəxs rejissor Samir Fərzəlibəyov oldu. Onun sonrakı fəaliyyətini gördükdə biz bir daha əmin olduq ki, düzgün seçim etmişik. Bu il mükafat üçün Azərbaycandan bir neçə namizəd var idi və biz də çalışdıq ki, ən yaxşılarına seçək”.

Qaliblərin kimliyinə gəlincə, Afaq Fərzəlibəyova deyib ki, bunu ayın 10-da açıqlayacaqlar. “İndi açıqlamaq dərnəyin qaydalarına ziddir. Bir məsələni qeyd edim ki, mən gələn il televiziya proqramlarının aktiv olmasını istərdim. Amma bunun üçün ilk növbədə onlar özləri bizə müraciət etməlidir. Digər tərəfdən, çox insan elə düşünür ki, AQD sırf jurnalist və ya media nümayəndələri üçün nəzərdə tutulan bir mükafatdır. Belə deyil. Bu mükafata iş adamları, sənətçilər, siyasətçilər, jurnalistlər, bir sözlə demək olar ki, hər kəs layiq görülə bilər”.
# 769

Oxşar yazılar