“Lənkəran xanının vəziri” yeni quruluşda
28 mart 2011 12:27 (UTC +04:00)

“Lənkəran xanının vəziri” yeni quruluşda

Teatrın mətbuat katibi Elçin Cəfərovun Lent.az-a verdiyi məlumata görə, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidir. Tamaşada xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, Aslan Şirinov, Əlvida Cəfərov, Elnur Qədirov, İlyas Əhmədov, Elnar Qarayev və başqaları iştirak edirlər.


Akademik Milli Dram Teatrının təqdim etdiyi yeni quruluşda milli kolorit, şən yumorla yanaşı, 18-ci əsrdə hökm sürən idarəçilik üsul-idarəsinə sarkazmla işarələr vurulur. Rejissor ilk səhnələrdən tamaşaçının diqqətinə çatdırır ki, Xan sui-qəsd xofu ilə yaşayır. Tamaşa Xanın gəlişi zamanı təhlükəsizlik tədbirləri ilə başlayır. Hadisələrdən məlum olur ki, vəzir Mirzə Həbib öz vəzifəsini qorumaq üçün baldızı Nisə xanımı Xana ərə vermək fikrindədir. Nisə xanım isə Xanın qardaşı oğlu Teymur ağanı sevir. İki arvadının, qaynanası Pəri xanımın və baldızı Nisə xanımın kələkləri Mirzə Həbibi gülünc vəziyyətə salır. Tamaşa xoşbəxt sonluqla, dənizdə batan Xanın yerinə Teymur ağanın xan seçilməsi və sevgilisinə qovuşması ilə bitir.


“Lənkəran xanının vəziri” tamaşası dahi ədib M.F.Axundovun 200 illiyinə həsr olunur.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965

Oxşar yazılar