“Nə qədər Azərbaycan var, o qədər də biz varıq…”
05 mart 2011 12:44 (UTC +04:00)

“Nə qədər Azərbaycan var, o qədər də biz varıq…”

…Azərbaycan yeni mədəniyyətin və yeni təfəkkürün astanasındadır. İndi dünyaya fərqli, çağdaş dövrün tələblərinə uyğun təqdim olunmağın, özünü tanıtmağın zamanıdır. Böyük dostumuz Vidadi Muradov məhz bu mədəniyyətin və təfəkkürün adamıdır…

Mən onun sənətkarlığının, yoxsa insanlığının, vətəndaşlığının vurğunuyam, hələ də bilmirəm. Uzun illərdi öz sənətində, insanlığında, vətəndaşlığındadı, ancaq belə insanlarla tanışlıq üçün çox qısa sayıla biləcək 1 il ərzində ondan böyük şeylər öyrəndim, böyük əməllərinin şahidi oldum. Bu müddətdə rəhbərlik elədiyi “Azər-İlmə”də dəfələrlə olsam da, hər dəfə Bakının mərkəzindəki bu cənnət yerə ayaq basanda əvvəllər görmədiyim yeniliklər tapdım, ustaddan yeni şeylər öyrəndim.

Nəinki Qafqazın, dünyanın barmaqla sayılacaq qədər nadir xalçaçılarından biri kimi onun Azərbaycan mədəniyyətindəki rolu haqda danışmaq söhbət və yazı mövzusundan xeyli genişdir. Və bu qənaət məndə yalnız 1 ildən az müddətdə yarandı. Bu müddətdə Vidadi müəllimin əli-əlinin üstündə sakit oturduğunun şahidi olmadım. O, xalçaçılıq sənətinə unudulmuş ənənələri gətirdi, Azərbaycan xalçaçılığının yeni nəzəri əsaslarını işlədi, ortaya sanballı kitablar qoydu, filmlər çəkdirdi, Azərbaycan xalçası haqda tarixdə ilk mahnı layihəsinə həyat verdi. İllərdir “Azər-İlmə” Azərbaycana gəlmiş nüfuzlu şəxslərin ziyarət elədikləri bir mədəniyyət mərkəzidir. Deməli, onun sənəti və zövqü dünyaya Azərbaycanı bir daha sevdirir və tanıdır. Vidadi Muradov həyatını, varlığını, sənətkarlığını belə Azərbaycana həsr eləmiş bir İnsandır. Özü dediyi kimi: “Nə qədər Azərbaycan var, o qədər də biz varıq”.

Ona görə də onun sənətkarlığının, yoxsa insanlığının və vətəndaşlığının vurğunu olduğumu hələ də bilmirəm. Ancaq dostumuzun bu Vətənə, bu xalqa nə qədər lazım olduğunu mən daxil, onu tanıyanların hamısı bilir.

…Bu gün böyük dostumuzun doğum günüdür. Vidadi Muradov həyatının 55-ci ilinə qədəm qoyur. Qarşıda yeni böyük işlərin, yeni böyük əməllərin dayandığını özü də, dostları da, onu tanıyanlar da bilirlər…

Azərbaycanımızın daha möhtəşəm şəkildə qurulan mədəniyyət qalasında Sizin də sənətkar və vətəndaş qeyrətinizdən pay var, ustad! 55-ə xoş gəldiniz!

İlham Tumas
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997

Oxşar yazılar