Şəmkirin altından tapılan qədim qalanın sirləri - REPORTAJ
03 sentyabr 2009 10:00 (UTC +04:00)

Şəmkirin altından tapılan qədim qalanın sirləri - REPORTAJ

Yerin altından tapılan general otağından araq şüşələri çıxıb

Allahın hər günü televiziyamız ölkəmizdə qəfil partlayan “arxeologiya bumu” barədə verilişlər, xəbərlər yayımlayır. Elə hər gün eşidirik ki, orda-burda ciddi tarixi əhəmiyyətli, indiyə qədər məlum olmayan, varlığı bilinməyən qalalar, qəbirlər, qablar, məişət əşyaları və daha nə bilim, nələr tapılıb. Sağ olsun mətbuatımız və televiziyamız, tapıntılarla bağlı hər təzə informasiyanı həməncəcik əhaliyə çatdırırlar.

İnformasiya öz yerində. Bir halda ki, arxeoloqlarımız belə fəallaşıb, ölkədə bu işə qarşı belə ciddi maraq yaradıblar, mən də kənarda qalmaq istəmədim. Fikirləşdim ki, kriminal dildə desək, “hadisə yeri”nə şəxsən özüm gedim, tapıntılara baxım, arxeoloqların iş başındakı vəziyyətləri, həyat tərzi ilə tanış olum, söhbətləşim. Arxeologiyanın bizə məlum olmayan tərəflərini, incəliklərini öyrənim. Odur ki, daban götürdüm hazırda qazıntı işləri aparılan rayonlara. Şəmkirdə, Goranboyda, Ağcabədidə oldum, rayonların birində dağın başına qalxdım, birində çölün düzündə azıb qaldım, birində... nəsə, hər üç rayonu bir yazıya sığışdırmaq yorucu olduğundan, hər rayonda çalışan arxeoloqların vəziyyətini, həyatını, söhbətlərini ayrı-ayrı sizə çatdırmaq istəyirəm. Başlayaq Şəmkirdən.

Birinci yazı: Şəmkir

Əvvəlcə bunu deyim ki, Şəmkirə ilk səfərim idi. Uzaqdan baxana halva asan gəlir, adam şəhərdə qazıntı aparılan kəndin adını öyrənəndə elə bilir ki, iş tamamdı. Rahatca gedib tapacaq. Ta demirsən ki, kəndin də ucqarı-yaxını, daş-kəsəklisi, rahatı var. Və əgər keçmiş jurnalist, hazırda isə əməkdaşlıq elədiyim qəzetlərdən birinin baş redaktoru olan İsrail Musayev həmin günlərdə Şəmkirdə olmasaydı, centlmenlik nümayiş etdirərək, bələdçiliyi öz üzərinə götürməsəydi, orada işləyən arxeoloqlar bir yana dursun, heç rayon mərkəzini də tapa bilməzdim.

Bu gün bir şəhrə vardım
Bürcləri gözəl-gözəl


Biz Şəmkirin Muxtariyyə kəndi yaxınlığında qazıntı aparan ekspedisiyanın yanına çatanda əməlli-başlı gün günorta olmuşdu. Neyləyək, səhər tez oyansaq da, tez yola çıxsaq da, uşaqlı-böyüklü rastımıza çıxanlardan soruşa-soruşa ancaq bu vaxt gəlib çıxa bilmişdik. Hələ dəstənin yanına çatmamış, indiyə qədər torpağın altında qalan və bu yaxınlarda arxeoloq “lapatka”sına tuş gələn Şəmkir qalası özünün əsrlər sınağına davam gətirmiş əzəməti, bürcləri, divarları ilə adama “gəl-gəl” deyirdi. Qalanın üstündə, hələ qazılmamış yerdə arxeoloqların günün qızmarında altında sərinlədikləri, içməli sularını saxladıqları qamış çardaqları boylanırdı. Günorta yeməklərini təzəcə bitirmiş işçilərin bəziləri uniforma köynəklərini soyunub, kustar əlüzyuyanın altında bədənlərinin qurşaqdan yuxarı hissəsini yuyub, sərinlənirdilər.

Bizi görəndə yuyunanlar da, torpağı ehtiyatla qazanlar da, əlindəki fırça ilə bugünkü tapıntıları təmizləyənlər də bir neçə dəqiqəliyə əl saxladılar. Yaxınlaşıb salamlaşdıq. Yanlarına müsahibə, reportaj üçün gələn jurnalistlər onlar üçün adi hala çevrilsə də, hiss elədik ki, gəlişimizə sevindilər. Birinə yaxınlaşıb, əl verdim. Salamımı aldı, amma elə o dəqiqə dedi ki, ona yox, rəhbərin köməkçisinə yaxınlaşım. Gənc köməkçi, gülərüz oğlan Xəqani özü mənə yaxınlaşdı. Söhbətdən əvvəl bir neçə şəkil çəkmək istədiyimi deyəndə xahiş elədi ki, bir az gözləyim. İşçilərin hamısına uniformalarını geyinməyini tapşırdı. Və dedi ki, indi ekspedisiya rəhbəri özü mənə yaxınlaşacaq.

Cəmi bir neçə dəqiqədən sonra ekspedisiya rəhbəri gəlib çıxdı. Ekspedisiya rəhbəri sifətini televiziya ekranlarından tanıdığınız tarix elmləri doktoru Tarix Dostuyevdir. Amma yəqin ki, televiziya Tarix müəllimin üzünün və söhbətinin xoşluğunu ötürə bilməz. Tarix müəllim həvəslə, yorulmadan bütün qalanı gəzdirdi. Qalanın bürcləri, divarları, keçidləri, ovdanları, yeraltı kanalizasiyası, su quyuları barədə bircə-bircə danışdı. Məlum oldu ki, indi tapılan Şəmkir qalasının neçənci əsrdə tikildiyi hələ dəqiq məlum deyil. Amma arxitektura, tapılan məişət əşyaları, istifadə olunan materiallar eramızın 10-cu əsrindən o yana gedib çıxır. Qalanın tikintisində işlənən materiallar adamı ümumiyyətlə valeh eləyirdi. Üç növ daş – zəyəm, çay daşı və qırmızı kərpicin kombinasiyası möhkəmliyə xidmət etməkdən savayı, həm də proporsional, naxışlı düzülüşü ilə maraqlıdır. Tarix müəllim dedi ki, o vaxtlar bu üç rəngdə daş günəş şüaları altında bərq vuraraq, qalanın görünüşünü daha da gözəl eləyirmiş. Materialların isə ikinci bir özəlliyi də bu imiş ki, düşmənlər hücum edəndə, qalanın divarına ox, nizə atanda nizələr divara dəyib, geri qayıdırmış. Söhbət ki qalanın qorunmağından düşdü, ulu əcdadlarımızın mühafizə və müdafiə taktikalarından da bir az danışım. Babalarımız o qədər çoxbilmiş olublar ki, qədim şəhərin divarlarının elə ikicə addımlığındaca qalanın divarlarını hörüblər. Yəni əgər düşmən şəhər divarlarını yarıb keçsə də ikicə addımdan sonra qalanın divarlarına tuş gəlir. Belə dar yerdə isə etiraf edin ki, qala divarını yarmaq bir yana dursun, heç nəfəs almaq da olmaz. Bax beləcə, yağı düşmən böyük tələfat verərək, geri çəkilmək məcburiyyətindədir. Üstəlik, tikintinin strukturuna baxsaq, qala bürclərinin başında bir deyil, iki keşikçi sırası (yeri gəlmişkən ocaq qalayıb, yuxusuz oturan keşikçi bürclərinin birində həmin ocaqların külünü hələ də saxlayan kül quyusu da aşkarlanıb) düzülürmüş. Yəni, sizin anlayacağınız, babalarımıza hələm-hələm düşmən bata bilməzmiş.

Tarixi dolaşıqlar

Tarix müəllim dedi ki, bəzən burada tapılan məişət əşyaları adamı dolaşdırır. Nədən ki, şəhərin, qalanın tikintisi bir dövrə deyil, bir neçə dövrə aiddir. Yəni zaman keçdikcə, qalada dəyişikliklər, təzə tikintilər inşa olunub. Özü də maraqlıdır ki, müasir dövrə keçdikcə arxitektura inkişaf etmək əvəzinə, kustarlaşıb, adiləşib. Məsələn, ən son dövrə aid tikililərin materialları adicə çiy kərpicdəndir. Amma əsrlərlə müharibələr, monqolların yürüşünü, daha nə bilim nələr keçirmiş qalada bir əşyanın tən yarısını məsələn onuncu əsrə aid tikintidən, ikinci yarısını isə on ikinci əsrə aid tikintidən tapmaq olur. Yalnız uzun-uzadı ekspertiza, yoxlamalardan sonra müəyyən eləmək olur ki, bu əşyanın başına gələn iş müharibələrin, hücumların nəticəsində baş verib. Burada müharibələrin, hücumların olduğunu sübut edən daha bir fakt isə bir metrlik məsafədən iyirmidən çox nizə ucluğunun tapılmasıdır.

Tarix müəllimlə tarixi müsahibə

Bayaqdan fikir verirəm ki, söhbətimi Tarix müəllimin danışdıqları üzərində qursam da, fikrimi onun özü kimi ifadə edə bilmirəm. Odur ki, özümə təklif elədim: söhbəti elə onun öz dilindəncə sizə çatdırım. Amma söhbətimizin bu qismi tarixi məlumatlardan daha çox, iş prosesi barədədir.

- Tarix müəllim, burada çalışanların əynində fərqli rənglərdə uniformalar var. Bunun nəsə bir anlamı varmı?

- Əlbəttə. Ağ rəngli uniforma elmi işçilərə məxsusdur. Burada təcrübə keçən tələbələr boz rəngdə köynəklər geyiblər. Sarı köynəkləri geyinənlər isə günəmuzd haqq müqabilində bizə kömək edən yerli camaatdır.

- Yəni fəhlələr?

- (Gülümsəyir). Yox. Biz onlara “fəhlə” demirik. Texniki işçi deyək ki, həm mədəni səslənsin, həm də xətirlərinə dəyməsin.

- Onların hər gününə nə qədər pul verirsiniz?

- Hər günə 10 manat.

- Bəs yeməkləri?

- Yeməklərini özləri ilə gətirirlər. Bəzilərinin evləri lap yaxındır, gedib evində də yemək yeyə bilir. Buradakıların çoxu elə yaxınlıqdakı kəndin sakinləridir.

- Bəs tələbələr?

- Elə tələbələrin də hamısı Şəmkirlidir. Müraciət eləyiblər, təcrübələrini burada keçirlər. İşdən sonra da evlərinə gedirlər. Yəni qalacaq problemimiz yoxdur. Burada, çardağın altında da soyuq suyumuzu, çayımızı saxlayırıq.

- İş vaxtınız necədir?

- Səhər saat 9-dan, günorta saat 4-5ə qədər işləyirik. Saat beşə qalmış burada bir vurhavur düşür ki, gəl görəsən. Hamı tez hazırlaşıb, evə qaçmaq istəyir.

- Baxıram ki, aralarında heç qadın yoxdur. Tarixçi qızlar bu işə maraq göstərmir?

- (Qətiyyətlə) Müraciət eləyirlər, amma mən rəhbəri olduğum ekspedisiyaya qızları götürmürəm.

- Necə yəni götürmürsünüz? Qızlar bu işə yaramır?

- Onlar yerə bir bel də vura bilmirlər. Arxeologiya ağır fiziki zəhmət tələb edən işdir. Qızlar burada bizim əl-ayağımıza dolaşırlar. Bir də ki, qız arxeoloqun kənd yerində nə işi var?! Bir-iki qız gəlmişdi bura. Bilmirdik işimizi görək, yoxsa buraya şəhərdən qız gəldiyini eşidib, bura qaçışan kənd oğlanlarını qaladan aralayaq. Qalanın yanında avtoşluq edən kim, özünü şəhərli qızlara göstərmək üçün atını səyirdən kim. Kimə demək olar ki, bura yaxınlaşma? Bir sözlə, qızlar ancaq əsəb, gərginlik gətirir. Bizsə burada ciddi işlə məşğuluq.

- Yaxşı, əgər mən desəm ki, yanınızda bir-iki həftə qalıb, arxeoloqların həyatından reportaj hazırlamaq istəyirəm, məni dəstəyə götürməzsiniz?

- (Yaxında dayanıb, arada söhbətə həvəslə müdaxilə eləyən tələbələr məmnunluqla gülümsəyirlər. Tarix müəllim özü isə gülür və söhbəti yumşaltmağa çalışır). Niyə götürmürük?! Elə danışırsınız ki, elə bil biz qadın düşməniyik. Götürərik, götürərik.

- Tarix müəllim, yerli camaatın tapıntınıza münasibəti necədir? Gəlib, maraqlanan, nəsə soruşan var?

- Çoxu gəlib soruşur. Əvvəllər həvəslə məlumatlar verirdik. Sonra başa düşdük ki, bu marağın əslində bizə ziyanı var. Onlar bizimlə danışıb, bir növ “kəşfiyyat” aparırlar ki, görsünlər buradan qiymətli əşyalar tapmaq olar, ya yox. Neçə dəfə olub, biz işimizi qurtarıb gedəndən sonra yerli camaat gəlib, buranı qazıb, nəsə axtarıb. Tikintiyə nə qədər zədə vurublar! Axı elmi işçinin qazmağı ilə, kənd adamının qazmağı eyni deyil. Biz çox ehtiyatla işləyirik ki, nəsə zədələnməsin. Amma sadəcə tarixi baxımdan maraqlananlar da az deyil. Kənd müəllimləri gəlir, şagirdlər gəlib soruşur, maraqlanır. Hətta bu il bir məktəbin son sinfi son zəngi burada qeyd elədi.

- Qiymətli əşya demişkən, qazıntı zamanı nəsə tarixi əhəmiyyəti olan və ya çox qiymətli bir şey tapan elmi, texniki işçiyə nəsə mükafat düşür?

- Yox. Bilirsiniz, bu, bizim işimizdir. Texniki işçinin işi qazmaqdı, elmi işçinin işi tapılanları təmizləməkdi, ekspertizanın işi müəyyənləşdirməkdi. Həm də nəsə tapmaq tək adamın işi deyil ki. Bir metr eni-uzunu olan yerdə az qala beş-altı adam işləyir.

- Birdən torpağın altından qızıl, nə bilim, işləməli gümüş əşya çıxsa, ola bilər ki, texniki ya da elmi işçi onu gizlədə bilsin?

- (Gülür) Yoox! Bayaq dedim axı, bir dar yerdə neçə adam işləyir. Bir adam nəsə tapırsa, onu dörd-beş adam görür. Nəyisə daldalamaq mümkün deyil.

- Bəs o dörd-beş adam sözü bir yerə qoyub, tapıntını gizlədə bilməz?

- Qızım, bu iş neçə illərdir ki, sınanmış bir şeydir. (Hövsələsi daralır) Arxeoloji tapıntını gizlətmək mümkün deyil!

- (Bu sualı qəsdən verirəm) Bəs elmi rəhbər tapıntını gizlədə bilər?

- Qızım, axı niyə sizin ağlınıza ancaq belə pis-pis fikirlər gəlir?! Elmi rəhbər tapıntını niyə gizlətsin?! Deyək ki, mən buradan nəsə qiymətli bir şey tapdım, onu gizlətdim. Onun qiyməti çox da baha ola bilməz. Amma o tapıntını sənədləşdirəndə, onun üzərində işləyib, elmi-tarixi qənaətlərə gələndə şöhrətim, elmi dərəcəm, hatta maaşım artacaq. Odur ki, mənə o tapıntını gizləmək deyil, sənədləşdirmək sərf eləyir. Razı qaldınız?

- Sağ olun. Bugünkü tapıntılarınızı mənə göstərə bilərsiniz?

- Əlbəttə. Amma gözləyin onları təmizləsinlər, torpağını yusunlar, baxın, şəklini çəkin. Sizdən gizlədəsi heç nəyimiz yoxdu.

Tələbələr və işçilər bugünkü tapıntıları yuyub gətirir. Çardağın altındakı masaya, ağ vərəqin üzərinə düzürlər. Burada şüşə qolbağlar, saxsı qablar, və digər əşyalar var. Təxminən on-on ikinci əsrə aid olan şüşə qolbağlardan birini qoluma taxıb (havayı deyil e, kimin 800 illik tarixi olan qolbağı var?!), təkcə Tarix müəllimlə deyil, jurnalistlə danışmağa bərk həvəsli olan tələbələr və texniki işçilərlə də söhbətimi davam etdirirəm:

- Bax, bu iki sümük nədir?

Tələbələr həvəslə izah eləyir:

- Bunlar aşıq-aşıq oyunu üçündü. Qalanını başında dayanan əsgərlər, gözətçilər bekarçılıqdan aşıq-aşıq oynayırmışlar.

Fəhlələrdən biri isə belə vacib tarixi məlumata sahib olmadığından, amma eyni zamanda söhbətə müdaxilə etmək istədiyindən, öz informasiyasını bölüşür:

- Bunları qoyunun sağ və sol ayağının diz sümüyündən düzəldirlər.

- Hansı tapıntılar daha maraqlıdır?

Tələbələr:

- Məsələn, burada arxitekturasından zabit, general otaqlarına oxşayan tikinti tapmışıq, rusların vaxtında tikilib. Oradan çoxlu araq şüşələri çıxdı.

- (Gülürəm) Dolusu var idi?

- (Onlar da gülür) Ruslardan araq qalar? Bir də bir qazan tapmışıq. Üstündə təsvirlər Nizami Gəncəvinin əsərlərinin illüstrasiyasına bənzəyir. Belə güman edirik ki, şirlə döyüşən Bəhram Gurun təsviridi. Dünən də bir mis qazan tapmışdıq, təyin eləmişik ki, 10-cu əsrə aiddi.

- Tarix müəllim, arxeoloqların bir-birinə qoyduğu “kliçkalar”, ləqəblər var?

- (Gülür) Var-var! Məsələn, biz tunc dövrünü araşdıran arxeoloqlara “bronzovik” deyirik. Mis dövrü ilə məşğul olanlara “medovik”. Enioliti araşdıranlara isə “Eniolitovets”...

- Qala bürclərinin bir çoxunun üzərində bərpa işləri aparmısınız. Bu nəyə lazımdır?

- Nə iti gözünüz var!? Biz o bərpa işlərini elə aparırıq, heç bəzi mütəxəssislər də baxanda fərqinə varmır. Amma biz bu işlərə “bərpa” demirik. “Konservasiya” deyirik. Ona görə ki, biz bərpa edəndə tərkibcə həmin dövrün materiallarına çox yaxın, bəzən hətta eyni olan maddələrdən istifadə edirik ki, yamaq görünməsin.

- Gələcəkdə ekspertiza müəyyən edə bilər ki, onlar bu əsrə aiddir? Yəni arada neçə yüz ilin fərqini ayırd eləmək olar?

- Ekspertizaya heç bir ehtiyac yoxdur. Biz bu konservasiya işlərini gizlətmirik ki! Hamısını sənədləşdiririk. Millimetrinəcən!

- Tarix müəllim, burada ilan var?

- (Bərkdən gülür) Var. Amma narahat olmayın, çətin ki, sizi ilan vursun!

Günel Mövlud

Qeyd: Şəmkirdəki qazıntılar Mədəniyyət və İncəsənət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu və Regionların İnkişafı ictimai birliyinin dəstəyi ilə aparılır
# 1212

Oxşar yazılar