Tural Əliyev: “Bizimlə rəqabət aparacaq radio yoxdur...” - MÜSAHİBƏ
10 fevral 2010 13:00 (UTC +04:00)

Tural Əliyev: “Bizimlə rəqabət aparacaq radio yoxdur...” - MÜSAHİBƏ

Radionun rəhbəri Tural Əliyev ilk təbrikini Lent.az-dan aldı. Və radionun ötən bir ildəki uğurlarını, qarşıdakı planlarını bizə danışdı...

- Sayı çox olmayan, amma az da sayılmayan radiostansiyalar arasında “Media FM”in fəaliyyətə başlamasına xüsusi səbəb var idimi? Hansı düşüncələrlə yola çıxdınız?

- “Media FM” Bakı şəhəri üzrə yayılmaq üçün hesablanıb. Biz bu tenderi qalib gələndən sonra hazırlıqlara başladıq. Artıq efir fəaliyyətimizin 1 ili tamam olur. Təbii ki, tamam
fərqli düşüncələrimiz var idi.

- Nəyi Azərbaycan dinləyicisi hələ eşitməmişdi? Və nəyi dinləməyə hələ də ehtiyac var idi?

- Birinci növbədə, onların yaxşı musiqini dinləməyə ehtiyacları var idi. 5 pis mahnını dinləməkdənsə, bir yaxşı mahnını beş dəfə dinləmək yaxşıdır. Bizim stansiya işləyən bir qurum, daim yeniliklər etməyə qadir olan məkandı. Ona görə biz bura peşəkarları dəvət etdik. Bizim aparıcılarımızın hər birinin azı 5-6 il stajı var.

- Təcrübəli işçiləri yeni fəaliyyətə başlayan müəssisəyə cəlb etmək bir qədər çətin olmadı ki? Necə keçdi?

- Çox sadə! Azərbaycanın bütün yaxşı aparıcıları mənim dostlarımdır.

- Dostluq öz yerində, hər halda, peşəkarın belə bir təklifi qəbul etməsi üçün maraqlı nə isə olmalıydı...

- Öz köhnə iş yerini bugünkü iş yerinə dəyişib, hətta daha az məvacib almağa razı olanlar oldu. Yenə deyirəm, bütün yaxşı aparıcılar dostlarımdı. Bu yaxşıların arasından ən yaxşısını seçib, dəvət elədim. Sağ olsunlar, dəvətimizi yerə salmadılar. Mən onlara iş planını, necə radiostansiya istədiyimi başa saldım və əl-ələ verib işləməyi təklif etdim. Hamısı razılaşdı. Bu gün “Media FM”in ən önəmli kartı kadrlardı.

- Hər radionun öz siyasəti var. Təbii ki, öz düşüncələrinizi, məqsədlərinizi açıqladınız. Lakin məni prioritet maraqlandırır.

- Söhbət daxili siyasətdən gedirsə, bizim məqsədimiz odur ki, dinləyicilər anlasın ki, radio onlar üçün işləyir. Elə bir veriliş yoxdur ki, yaranan gündən bu günə qədər davam etsin. Bircə siyasi tok-şou qalıb. Qalan bütün verilişlər dəyişib. Dinləyicilər bilməlidilər ki, radiostansiyanın əməkdaşları əməlli-başlı işləyir. Bir verilişi fikirləşib 4-5 il davam etdirmək və iki ildən bir dəyişmək bu əməkdaşların işləməməyi deməkdir. Bəs onda radiostansiya neyləyir?

- Azərbaycan radio məkanında elə bir layihə varmı ki, məhz sizin stansiyada gerçəkləşib? Yəni analoqu yoxdur?

- “Media FM”in bütün layihələri, siyasi tok-şoudan savayı, yenilikdir. “İşləməyən dişləməz” - səhər tok-şousu... Azərbaycanda aparıcısız yeganə verilişdir. Aparıcısız deyəndə “non-stop” nəzərdə tutulmur. Bütün stansiya o veriliş üzərində işləyir. Bu gün işləyirik, sabah dinləyicilərə veriliş təqdim edirik. Daha sonra “Qızbibi” verilişi. Biz orada kişi olmaq üçün nə etməli, kişiyə nə yaraşır, bu barədə danışırıq.

- Mövzularınız tükənmir ki? Kişi olmaq üçün çox şey lazım deyil...

- Təəssüf ki, tükənmir. Lazım olanlardan lazım olduğu kimi istifadə etməmək ən böyük problemdir. Mobil telefon zəng vurub danışmaq, zəng qəbul etmək və ya ismarıc qəbul etmək üçündür, onda videokamera var, lakin öz cinsi əlaqələrini görüntüyə almağı mobil operator məsləhət bilmir. Bu, kişiyə yaraşmaz. Texnologiya inkişaf etdikcə görürsüz ki, bizim bəzi insanlar bunu düz qəbul etmir və səhv tərəfə istiqamətləndirirlər. “Cavan Zeynallı” verilişi cavanlara həsr olunub, Cavan Zeynallının da bundan xəbəri var.

- Etirazı olmayıb ki?

- Yox, əksinə. Niyə də etirazı olsun? İlk insandır ki, onun adına veriliş var. O, ruhən cavan insandır, buna görə də razı oldu.

- Rəqabətdə olduğunuz radiostansiya varmı? Varsa, rəqabət hansı istiqamətdə gedir?

- Söhbət efir rəqabətindən gedirsə, bizimlə rəqabət apara biləcək radiostansiya ötən il bağlandı. O ki qaldı bugünkü rəqabətə, yalnız və yalnız kommersiya rəqabətidir. Həmkarlar arasında elə bir radio yoxdur, varsa da bu, kommersiya rəqabətidir.

- Bu rəqabətdə üstünlüyünüz hiss olunur?

- Əlbəttə, efirdə hiss olunur. Sizə əminliklə deyə bilərəm. Stansiyaların aparıcıları arasında sorğu keçirsəniz, görəcəksiniz ki, o sorğunun nəticəsində onlar da vurğulayırlar ki, ən yaxşı aparıcılar “Media FM”də toplanıb. Ən yeni texnologiya “Media FM”dədi. Radiolar var ki, 90-cı illərin texnikası ilə işləyir. Bizim radio 2009-da yarandı və biz də 2009-un texnologiyasını almağa məcbur idik. İş “drayv”ı... Bu barədə “Media FM”ə çatan ikinci radiostansiya yoxdur. Hər gün uşaqlar işləyir. 8 saatlıq iş rejimidir. Başqa yerlərdə 8 saatlıq iş rejimi yoxdur. “Did layn” sistemləri var. Bir çox stansiyalarda bu yoxdur. “Did layn”ın nə olduğunu əməkdaşlar bilmirlər. Bütün bunlar toplananda, əlbəttə, fərqlər hiss olunmalıdır. Onu reklam şirkətlərinə izah etmək lazımdır ki, rəqabət olmasın.

- Gələcəkdə Azərbaycanın bütün rayonlarında fəaliyyət göstərmək fikriniz var? Yoxsa elə təkcə Bakının nəbzini tutmağa çalışırsız?

- Bir nömrəli planımız regionlara çıxışdır. Məktubla Milli Teleradio Şurasına müraciət etməyi nəzərdə tutmuşuq ki, lisenziyanı regionlara çıxmaq üçün də versinlər. Müsbət cavab alsaq, Novruz bayramında regionlardakı dinləyiciləri də sevindirə biləcəyik.

- Bir ildir fəaliyyətdəsiniz, bu bir ildə xoş hadisələr də olub, xoşagəlməz məqamlar da baş verib. Sizə sual verdiyim an ilk ağlınıza nə gəlir?

- Bu ən çətin suallardan biridir. Ağlıma ilk gələn odur ki, “Media FM”in ilk açılış günü fevralın 10-da olmalı idi. Amma bir balaca problem yarandı. Çox sağ olsunlar, sonradan bizə kömək etdilər. Hələ açılmayan radiostansiyaya profilaktika günü yazmışdılar. Biz açılmalı idik, amma eyni zamanda efirə çıxa bilmirdik. Ötürücümüz sönmüşdü. Çox sağ olsunlar, xahişimizi nəzərə alıb, başqa günə dəyişdilər.

- Siz rəhbərsiniz otağa qəfil gələndə işçilərin narazılığını eşitməmisiniz ki? Maaşdan və ya iş rejimindən?

- Mən dialoqa açıq insanam, işçilərimin yarıdan çoxu həyatda mənimlə həmişə yan-yana olan dostlardı. Digərlərinə də dost kimi yanaşıram ki, onlar ayrı-seçkilik hiss etməsinlər. Mən dialoqa açıq insanam. Onlar maddi problemini o vaxt da bölüşüblər, indi də bölüşürlər. O ki qaldı kollektivə, inanın mənə, əminliklə deyirəm, bütün texnologiyalar ikinci plandadır. “Media FM”in uğuru, yaxşı nəticəsi inkişafının əsas səbəbi komandadır.

- Komanda ilə dost kimi rəftar edəndə nəticə yaxşı olur, yoxsa rəsmi, rəhbər kimi?

- Bunlar bir-birilə bağlı məsələlərdi. Dostum anlayır ki, ayın 25-i anonsun təhvilini istəyirəmsə, bu 26-na qalmamalıdır. Yoxsa mənim üçün dost və ya qeyri-dost yoxdu...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1772

Oxşar yazılar