Amaliya Pənahova: “Mənimlə şəxsi intriqa aparırlar” - MÜSAHİBƏ
29 yanvar 2010 11:00 (UTC +04:00)

Amaliya Pənahova: “Mənimlə şəxsi intriqa aparırlar” - MÜSAHİBƏ

Onun ismi qarşısında titullarını, fəxri adlarını sadalamağa ehtiyac yoxdur. Təkcə adını çəkmək kifayətdir ki, həm kinoda, həm də teatrda sözün əsl mənasında yaratdığı obrazlar gözlər önündə canlansın. “Mən xoşbəxtəm ki, bu sənətdəyəm”, - deyir. Onun çətinliklərinə, əzablarına, qayğılarına də baxmayaraq. Və bütün bu çətinlikləri yara-yara sənətinin zirvəsinə yüksəlib. İndi həmin zirvədən ətrafa nəzər yetirəndə çox sevdiyi və fəxr etdiyi sənətində baş verən mənfiliklər bəlkə də onu bir az pərişan edir. Amma o yenə də sınmır. Öz missiyasını heç bir çətinliyə baxmayaraq, davam etdirməyə çalışır. Yaratmaq və yaşatmaq missiyasını.

Lent.az-ın müsahib qonağı “Şöhrət” ordeni alan yeganə teatr aktrisası, xalq artisti Amaliya Pənahovadır.


- Maşallah, Amaliya xanım, həmişə kimi yaxşı görünürsünüz. Özünüzü necə hiss edirsiniz?


- Bilirsiniz ki, mən 45 ildən çoxdur, səhnədəyəm. 35 ildir, aktyor, 17 ildir, teatr rəhbəri kimi çalışıram. Teatr sahəsi çox çətin sahədir. Tamaşaçı da çox amansızdır., bir anda sevir, bir anda unudur. Gündəmdə qalmaq üçün gərək daim öz üzərində çalışasan. Bu baxımdan həmişə çalışıram. Mən hər şeyi zəhmətimlə qazanmışam. Aktyor fəaliyyətimdən də qalmıram, kinolara çəkilirəm. Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Bu illər ərzində doktorluq işimi müdafiə etmişəm, professoram. Müdafiə etdiyim elmi işimin müəlliflik hüququ mənə verildi. Çünki o mövzu işlənməmişdi. Mənim üçün indiyədək heç nə asan başa gəlməyib. Müdir kimi özümü çox məsuliyyətli hiss edirəm. Çünki əvvəl aktyor kimi tək fəaliyyət göstərirdimsə, indi bir rəhbər olaraq, bir çox aktyorun yaradıcılıq taleyinə məsulam. Ən xırda məişət problemlərindən tutmuş, yaradıcılıq məsələlərinə qədər onların qayğısında dururam. Bu baxımdan çox məsuliyyətli işdir. Bildiyiniz kimi, Bakı Bələdiyyə Teatrının binası yoxdur. Yarandığı gündən Şəhriyar Mədəniyyət Mərkəzində yerləşirdi. Sonra teatrımız qaldı havada, yer ayırmadılar. Kiminsə hörməti varsa, səxavəti varsa, yaxud bizim maddi imkanımız əl verirsə, icarəylə çalışırıq. Teatrların səhnələri boş olanda icarəyə götürüb çıxış edirik. Əvvəl heç olmasa, məşq etmək üçün daimi yerimiz vardı. İndi o da yoxdur. Teatr Xadimləri İttifaqının zalında, foyesində məşq edirik. Amma buna baxmayaraq, Bakı Bələdiyyə Teatrının fəaliyyəti göz qabağındadır. Elə olmasaydı, teatr haqqında 3 kitab yazılmazdı. Bakı Bələdiyyə Teatrı 1992-ci ildə çox çətin bir dövrdə yarandı. Bizim kollektiv elə həmin gündən cəbhə bölgələrində idi. Cəbhə bölgələrində bombardmana düşdük, əsgərlərlə səngərdə, kazarmalarda gecələdik, yaralılara qan verdik. Murov dağlarından Batabat dağlarına qədər ən qorxulu bölgələrdə olduq. Bununla yanaşı, teatr xarici ölkələrdə qastrol səfərlərinə getdi. İranda 2 beynəlxalq festivalın iştirakçısı olduq və mükafatlarla qayıtdıq. Dəfələrlə Türkiyəyə səfər etdik. Elə 8 dəfə İstanbulda olmuşuq. Türkiyə Hərbi Qüvvələrinin Akademiyasında çıxış edərək qızıl ödüllər qazanmışıq. 20 illik fasilədən sonra Azərbaycan teatrları arasında birinci Bakı Bələdiyyə Teatrı Gürcüstanın Marcanaşvili adına Akademik Dram Teatrında “Nadir şah”, “Dəli Domrul”, “Ölülər” tamaşaları ilə çıxış etdi. Yunanıstan, Fransa, Almaniya, Rusiyada Azərbaycan teatr mədəniyyətini nümayiş etdirdik. Türkiyəsinin şərqində 3 dəfə qastrolda olduq. Sonuncu dəfə qastrolumuzu Naxçıvandan başladıq. İqdır, Qars, Ərzurum, Van, Ərzincan, Yozqat, Ankaraya kimi getdik. “Nadir şah”, “Türk sancağı” tamaşalarını nümayiş etdirdik. Və eyni yolu geri qayıtdıq.


- Rəhbərlik etdiyiniz teatr özünüz də sadaladığınız kimi, bu qədər uğurlar qazanıb, mükafatlar alıb, Azərbaycan mədəniyyətini tanıtdırıb. Bunun müqabilində bir binanı sizə çox gördülər?

- Biz binasız qalanda birinci dəfə dedilər ki, təmirdən sonra yenidən ora qayıdacağıq. Ona görə biz ilk iki il susduq, ümid etdik ki, qayıdacağıq. Sonra elə oldu ki, bizi ora qaytarmadılar. Məsələni qaldırmağa başlayanda isə bəzi “çinovniklərə” bu xoş gəlmədi və bizi teatrı bağlamaqla hədələməyə başladılar. Bunu şəxsən mənim üzümə dedilər. Yəni, Amaliya bina söhbətini qaldırıb. Mən bina söhbətini elə-belə qaldırmamışdım. Çünki görürəm, prezidentimiz teatrlara necə diqqət ayırır, yeni avadanlıqlarla təchiz edir. Sənətkarlara böyük dəstək olur. Yeganə Bakı Bələdiyyə Teatrı çıxdaş edildi. Bu, mənim üçün çox təəccüblü oldu. Səsimi ucaldanda məsələ qaldırdılar ki, teatrı bağlasınlar. Bağladılar da. Amma mən prezidentə məktubla müraciət etdim. Çox sağ olsun, növbəti dəfə sübut etdi ki, sənətə, sənətkarlara qiymət verir. İndiyə kimi heç bir teatr bağlanmayıb. Bir dənə Amaliyanın teatrı – işləyən teatr bunlara mane oldu, onu bağlamaq istədilər.

- Nəyə görə, birdən-birə sizə və teatrınıza qarşı belə bir münasibət sərgilənməyə başladı?

- Səbəbi odur ki, teatr üçün bina tələb etdim. Mən düşünürəm ki, bu şəxsi münasibətlərdir, mənimlə şəxsi intriqa aparırlar. Bu günə kimi Bakı Bələdiyyə Teatrının sənətkarları nə fəxri adlara layiq görülürlər, nə bir prezident mükafatı alırlar. Heydər Əliyev teatrın 10 illik yubileyində 23 sənətkarımıza yüksək fəxri adlar verdi. Bu, bəzi adamların xoşuna gəlmədi ki, ulu öndər bunu onların başının üstündən etdi, kimlərləsə məsləhət etmədi. Çünki Heydər Əliyev teatrımızı dəstəkləyirdi. Hələ heç bir teatrda məvacib artmayanda, bizə aparıcı teatr statusu verərək əmək haqlarımızı 50 faiz qaldırdı. Bu, bəzilərinə xoş gəlmədi. Və o intriqa bu gün də davam edir.

- Kimdir, sizinlə intriqa aparan, bəlkə konkret adlarını çəkəsiniz.

- Yox, hələ ad çəkmirəm. Lazımi vaxt yetişəndə artıq adları da açıqlayacağam. Mən güman edirəm ki, prezidentin teatrı bağlanmağa qoymamaqla yaşatmasının özü elə onlara bir cavabdır. Bu gün bizə binasız çox çətindir. Heç kim də şəraitimizlə maraqlanmır. Mən danışan kimi o saat bizi çıxdaş etdilər. Nə bir tədbirlərə dəvət edirlər, nə bir bizim şəraitlə maraqlanırlar. Hara quş qoyurlar? Nə üçün belə edirlər? Gözləyirlər yenə ölkə başçısı müdaxilə etsin və desin ki, Bələdiyyə Teatrına bina verin? Niyə aidiyyəti orqanlar özləri bu işi görmür? Bu, Amaliya Pənahovanın şəxsi mülki deyil, dövlət teatrıdır.


“Elə məmurlar, vəzifə başında olanlar var ki, bu gün Azərbaycan teatrının inkişafını istəmirlər”

- Mədəniyyətin inkişafına öz töhfəsini verən bir aktrisa kimi belə bir münasibət görəndə sizə ağır gəlmir?


- Bilirsiniz, mən buna artıq alışmışam. Mən 21 il çalışdıqdan sonra xalq artisti adını aldım. Mərhum Heydər Əliyev birinci katib olanda Moskvaya Nazirlər Kabinetinin sədr müavini vəzifəsinə gedirdi. Sənətkarlarla vidalaşırdı. Onda 100 nəfərə fəxri ad verdi. O siyahıda mənim də adım vardı. Onun getməyindən istifadə edib siyahıdan mənim adımı çıxardılar, yerinə heç işləməyən adamın adını saldılar. Axşam mən qayıdıb gəlib tamaşamı oynadım. Çünki mən ulu öndərin mənə olan münasibətini bilirdim. Ondan qabaq mənim üç tamaşama baxmışdı. Sonradan “Oqonyok” jurnalının nümayəndəsi məndən müsahibə götürdü, üz qabığında şəklimi verdi. Bir il gec ad aldım, amma haqq öz yerini tutdu. Sözümü ona gətirirəm ki, belə haqsızlıqlar çox görmüşəm. Hər belə şeydən küsüb incisəydim onda nə olardı? Mən bilirəm, axı nə üçün bunlar edilir. Elə məmurlar, vəzifə başında olanlar var ki, bu gün Azərbaycan teatrının inkişafını istəmirlər.

- Sizcə, nəyə görə istəmirlər?

- Çünki dilin, ədəbiyyatın inkişafını istəmirlər. Teatr sintezli sənətdir. Orda hər şey cəmlənir. Onda sənin gənclərin klassiklərini tanıyacaq, ədəbiyyatını, tarixini biləcək, dilə bağlanacaq. Ayıb deyil, televiziyada gənclərə sual verəndə yazıçıları, sənətkarları tanımır. Amma Amerikanın hər hansı bir dumbul vuran zəncisini elə gözəl tanıyır. Kimdir burda günahkar – sənətkarlarımız? Xeyr. Bunlara rəvac verənlər günahkardır. Deməli, istəyirlər ki, millət inkişaf etməsin, öz kökünü tanımasın. Mən bunu belə hesab edirəm.


- Sizinlə şəxsi intriqa aparmağın kökündə hansı məsələ durur?

- Mənim bu cür danışmağım. Elə bilirsiniz, belə danışıqlar mənə dost qazandırır? Əksinə, düşmənlərimin sayını artırır. Mənimlə olan intriqaya görə, 100-dən çox aktyorumuz fəxri adlardan, prezident mükafatlarından, evlərdən məhrum edilib. Amma sədaqətlidirlər, teatrı sevirlər.

“Yeganə bizim teatrdır ki, ayrı-seçkilik qoyulur”

- Heç indiyə qədər teatrınızda dövlət tərəfindən ev alan aktyorunuz olub?


- Heç kim almayıb. 7 ildir, teatra bir fəxri ad belə verilməyib. Necə ola bilər, hər yerin layiq olanı da, istedadsızı da ev alır, amma bizim istedadlılarımız kirayədə yaşayır? Evsiz, təqaüdsüz qalıblar? Artıq ada layiq olan aktyor və aktrisalarımız var. Əməkdar artist adını da indi almasalar, həvəsdən də düşürlər. Yeganə bizim teatrdır ki, ayrı-seçkilik qoyulur. Onu da məxsusi edirlər.


- Ümumiyyətlə, aktyorlarınızın dolanışığı, məvacibi necədir, aldıqları ilə həyatlarını keçindirə bilirlər?

- Düzdür, bu gün aktyorların məvacibləri artır. Amma bu, da heç nə vermir. Gərək birdən-birə bir neçə dəfə artsın ki, gözə görünsün. Heç olmasa, orta səviyyəyə çatsın. Bizim teatrda ən çox maaş alan 100-150 manat alır. Necə dolansınlar bu pulla? Sumqayıtahşər gün gedib gəlsinlər, kirayə pulunu ödəsinlər? Ailəni dolandırmaq üçün televiziyaya, radioya, kinostudiyaya da gedirlər. Elə aldıqları maaş yol puluna gedir. Görün, bunlar necə fədakardırlar. Sonra da deyirik ki, aktyor yetişmir. Bu problemləri görən bir gənc aktyor olmaq istəyərmi? Nə qədər istedadlı olur-olsun yenə də sənətə gəlməz. Baxmayın ki, bəzən təsadüf nəticəsində bəziləri bahalı maşınlarda gəzirlər. Onlar aldıqları məvacib nəticəsində olan şeylər deyil. Aktyor məvacibi ilə bunu etmək mümkün deyil. Mən yenə də deyirəm. Əgər başqalarına etməsəydilər, mən də razılaşardım. Axı belə deyil. Bələdiyyə Teatrından başqa bütün teatrları dəstəkləyirlər. Başa düşmürəm, kimin gözünə çöp düşdü bu teatrla? Sən Amaliyanı istəməyə bilərsən. Amma sənin ixtiyarın yoxdu, bu boyda sənətkarı görməyəsən. Bir də Amaliyanı nəyə görə istəməməlisən? Sənin ailəni dağıtmayıb, evində oturmayıb, çörəyini yemir. Bəs nə üçün Amaliya Pənahova çıxdaş edilsin? Müslüm Maqomayev, Lütfiyar İmanov gileylənə-gileylənə həyatdan köçdülər. Allaha şükür, Arif Məlikovdan əl çəkdilər. Qalanlar da bir neçə sənətkardır. Nə oldu, elə biz düşmən olduq millətə, təkcə onlar yaxşıdırlar? Onlar öz vəzifələrinin öhdəsindən gəlmirlər.

- Onlar deyəndə siz kimi nəzərdə tutursunuz?


- Mən öz sahəmin adamlarını nəzərdə tuturam. Başqa sahəyə müdaxilə etmərəm. Şəxsən mənim başıma gətirilənlərin cavabını verirəm. Mən aidiyyəti orqanlara məktublar göndərirəm. Heç birindən keçmir. Bu necə ola bilər? Mən özüm şəxsən bina tikdirə bilmərəm axı. Gərək yer ayrılsın, dəstəkləyən insanlar tapılsın.

- “Azdrama”da rejissor və aktyorlar arasında baş verən konflikt barədə nə deyərdiniz? Deyilənlərə görə, orda rollar pulla satılır.

- Bu barədə dəqiq bir söz deyə bilmərəm. Mən Mərahim Fərzəlibəyovla 12 il işləmişəm. Bu illər ərzində 10-dan çox tamaşasında baş rol almışam. Amma bir dəfə də olsun onun qabağına bir stəkan çay qoymamışam. Mən inanmıram ki, Fərzəlibəyov kimdənsə pul alıb rol bölsün. Bəlkə tamaşaçı onları istəmir, bu artıq başqa söhbətdir. Mən “Azdrama”da işləyəndə də deyirdilər, “Amaliya qoymur biz inkişaf edək, bütün rollar elə ona verilir”. Məgər mən özüm istəyirdim? Çox yorulurdum. Bir həftədə 8 tamaşa oynayırdım, hamısı da baş rol. Tamaşaçı məni istəyirdi. Dublyorum səhnəyə çıxanda fit çalıb, ayaqlarını yerə çırpırdılar. Artıq 17 ildir, getmişəm o teatrdan. Oynayardılar da bu illər ərzində. Mən inanmıram ki, rejissor, müdir özü-özünə düşmən olsun, tamaşaçı istəyən aktrisanı səhnəyə buraxmasın. Çünki burda maddi məsələ də var. Yəni bilet satılır. Heç bir tamaşaçını da məcbur etmək olmaz ki, istəmədiyi aktyorun tamaşasına bilet alıb gəlsin. Kimsə kimdənsə inciyib, intriqa apardığı üçün belə sözlər deyirsə, bu artıq başqa məsələ. Bəs özləri baş rollarda oynayanda niyə demirdilər ki, pulla alıblar. Mən bunlara inanmıram. Mədəniyyət adamlarında pul var ki, kiməsə də versinlər. Bu artıq paxıllıq, göz götürməməkdir. Mənim də başıma belə hadisələr çox gəlib.


- “Azdrama”dan getməyinizə səbəb yalnız teatr yaratmaq istəyiniz olub,
yoxsa dediyiniz belə hadisələrin də təsiri yan keçməyib?


- Mən teatr yaratmaq, öz sözümü demək istədim. Aktyor asılı insandır. Rejissordan, tamaşaçıdan, zamandan çox asılıdır. Adətən sözü keçməyən məxluqdur. Əgər savadı, biliyi, istedadı, dünyagörüşü çatırsa, söz deyə bilir. Belə olmadıqda, pis-yaxşı olsa da rejissora tabedir. Mən də artıq böyüdüm. 30 il az vaxt deyil. Mən bu illər ərzində ancaq baş rollar oynamışam, xırda rollar yox. Bu mənim öz istəyim deyildi, tamaşaçı tələbatı, rejissorların arzusu idi.


- Sizcə, görmək istədiyiniz, arzusunda olduğunuz teatrı yarada bildiniz?

- Bəli, çətin də olsa yarada bildim. Mənim teatrım üçün şərait də yaradılsaydı, biz dünyaya car çəkərdik. Amma şəraitsizliyimizə baxmayaraq, biz 10 ölkədə olduq və ordan qalib olaraq qayıtdıq. 17 ölkənin qatıldığı Beynəlxalq Trabzon festivalında bizi üçüncü dəfə oynamağa məcbur etdilər. Bu, elə-belə deyil, deməli bəyənilir. Çünki mənim müəllimlərim güclü olub, sənət təcrübəm və məhəbbətim çox böyükdür. Bu, məni yaşadır. Ona görə də mən çətinliklərdən qorxmuram. Lap bura olmasın, başqa ölkə olsun. Türkiyə həmişə məni dəvət edir ki, orda teatr yaradım.

“Mən Cənnət Səlimovanın ürək yanğısına inanmıram. Çünki o şələ bu günə kimi heç nə etməyib”

- Bəs nə vaxtsa bütün bu çətinliklərdən bezib usansanız dəvəti qəbul edərsiniz?


- Mən hesab edirəm ki, hər çətinlikdən qorxub qaçmaq olmaz. 90-cı illərdə də çox sənətkarlar xaricə getdilər, sakit həyat sürüb pul qazanıb qayıtdılar. Amma mən vətənimdə qaldım, cəbhə bölgələrində oldum. Məni heç kəs məcbur etmirdi. 1974-cü ildə teatrın 100 illik yubileyi münasibətilə Moskvaya qastrola getmişdik. 5 tamaşanın 3-də baş rolda çıxış edirdim. Eləcə də Şillerin “Məkr və Məhəbbət” faciəsində Luiza rolunda oynayırdım. Beynəlxalq əsər olduğu üçün rus tamaşaçısına çox yaxın idi. Tərcüməsiz, birbaşa oturub bizimi dildə tamaşaya baxırdılar. Tamaşa başa çatandan yarım saat sonra aktyor çıxışından çıxanda gördüm tamaşaçılar küçədə dayanıb gözləyir. Sözün düzü, bir az qorxdum. Çünki o vaxt belə şey yox idi. Mənim rusca təmiz danışığımı görəndə orda qalmağı təklif etdilər. Mən “çox sağ ol”, - deyib qayıtdım. Elmi işimi müdafiə edəndə də yazdım, “vaxt vardı, Moskva Kinematoqrafiya İnstitutuna daxil olub aktrisa olmaq üçün burnumun ucu göynəyirdi. Nə yaxşı onda məni valideynlərim qoymadı, mən Azərbaycanda qaldım. İndi məni ora dəvət edirlər. Amma mən xalqıma daha lazımlıyam. Necə ki o vaxt, indi də eləcə”.

Yox, mən başqa ölkəyə getmərəm. Azərbaycanımda qalıb davamçılar yetişdirmək lazımdır. Yoxsa, Cənnət Səlimova kimi insanlar deyir, “mən 40 ildir, institutda dərs deyirəm, hələ heç bir tələbəmə deməmişəm artist ol, çünki artist olmaq bir şey deyil”.

Mən başa düşə bilmirəm belə halda o artistlərlə necə işləyir, sonra da deyir ki, artistlərini sevir. Məvacibləri az olsun, acından ölsünlər onları necə lazımdır, işlədək. Bu məntiq mənim üçün yaddır. Bu yaxınlarda mən ATV kanalında çıxış edirdim. Teatr insanları da orda oturmuşdu. Xadim də deyərdim onlara, amma o danışıqdan sonra yox. Əgər sənin 70 yaşın varsa, 70 ildir, bu ölkədə yaşayırsansa, niyə millətin dilinə hörmət edib Azərbaycan dilini indiyə kimi bilmirsən? Onda hansı ixtiyarla milli mədəniyyətə, ədəbiyyata, milli tarixə köklənən bir qurumda dərs deyə bilirsən və hələ heç kəsi də yetişdirə bilməmisən. Amma qışqırırsan, “mən 40 ildir dərs deyirəm”.

Sonra da deyirsən ki, Üzeyir Hacıbəyovun qəhrəmanları gödək yubka da geyinə bilər, lüt də ola bilər, siqaret də çəkə bilər, təki onun musiqisi səslənsin. Məgər Üzeyir Hacıbəyov yalnız musiqini təbliğ edirdi? Librettonu da, musiqini də özü yazırdı. Bu artıq kökündən vurmaqdır.

- Ümumiyyətlə, sizin üçün teatrın müasirləşməsi nə deməkdir?

- Teatr mədəniyyəti mənəviyyata xidmət edir və etməlidir. Biz Rusiya, Fransa, İtaliya, İngiltərə mədəniyyəti kimi öz mədəniyyətimizi hələ təbliğ edə bilməmişik. Bizim bu gün məqsədimiz mədəniyyətimizi dünyaya təbliğ edib milli kökümüzü göstərməkdir. Müasirlik lüt gəzmək deyil. Müasirlik rejissor yozumunda, baxışında olmalıdır. Ədəbiyyatına balta vurmaqda yox. Mənim verilişdə verdiyim cavabların çoxu montaj edildi. Müasirliyi müasirlik xətrinə etmək olmaz. Əgər o sənin mənəviyyatına, tarixinə, milli kökünə, klassiklərinə ziddirsə, o cür müasirliyə getməyə ixtiyarın yoxdur. Mehriban Əliyeva muğamlarımızı YUNESKO-da təsdiqlətdi. İndi də aşıq musiqisi üzərində bu işlər aparılır. Onda deyək biz köhnəlmişik də. Bütün xarici ölkələr öz mədəniyyətini milli köklər üstündə qurur. Bəs bizdə niyə danırlar? Çünki bu millətin nümayəndəsi deyillər. Ya da sadəcə olaraq millətə düşmən kəsiliblər. Mən belə hesab edirəm. Çünki millətini sevən, inkişafının güdən heç vaxt kökünü baltalamaz.

Cənnət Səlimova deyir ki, gərək aktyor ac olsun. Niyə mənim aktyorum ac olmalıdır, ələ baxmalıdır? Ac qarına tox qarınların qarşısında çıxış etməlidir? İnsan hüquqlarından danışırıqsa, bu nə dərəcədə düzgün fikirdir? Amma sən belə deyə-deyə aktyorlarına ev də , torpaq da, fəxri ad da almısan. Çünki sənin rəfiqən səni çox yaxşı dəstəkləyir, amma bizə düşmən kəsilib. Mən Cənnət Səlimovanın ürək yanğısına inanmıram. Çünki o hələ bu günə kimi heç nə etməyib. Dili bilməyə-bilməyə hər teatrda tamaşa qoyur. Onun “Muskomediya”da axırıncı tamaşasına baxın. Aktyorları suçlayırlar ki, danışıqlarını bilmirlər, nöqtə-vergülü düz qoymurlar. Buna rejissor cavabdehdir. Bəs onda rejissor nəyə lazımdır? Axı hər aktyor öz üzərində işləyə bilmir. İşləyə bilsəydi, onda elə hamısı rejissor olardı ki. Bilirsiniz, çox bisavad söhbətlər adamı hirsləndirir. Məsələyə bisavad yanaşırlar, ya da bunu məxsusi şəkildə xalqı məhvə aparmaq üçün düşmənçiliklə edirlər. Mən bunu belə qiymətləndirirəm. Mən azərbaycanlı ola-ola Cavidi dəfələrlə oxuyub başa düşürəm. Onun çox qəliz cümlələri var. Sən dili bilmədən Cavidi necə tamaşaya qoya bilərsən? Sonra da deyirsən ki, Cavid ondan-bundan mövzu oğurlayıb. Ona ümumiyyətlə, kim icazə verir belə danışsın?


- 137 illik Azərbaycan teatrının hazırkı durumu necə, qaneedici sayıla bilər, ya yox?

- Zaman-zaman teatrın tənəzzülü və yüksəlişi olub. Bütün tamaşalar şedevr ola bilməz. Bu heç doğru da deyil. Bütün tamaşaları bəyənsək, deməli bizim zövqümüz yoxdur. Bəli, Azərbaycanda rejissor qıtlığı var. Əgər müasir rejissorların yetişməsini istəyiriksə, milli kadrlarımızı 1-2 illik xaricə təcrübəyə göndərmək lazımdır. Ordan bura dəvət etməkdənsə, burdan ora göndərsinlər ki, sabah bir milli kadrımız yetişsin. Ona görə yox ki, o, öz kökünü, milliyətini, mənəviyyatını dansın. Dünya teatr prosesindəki yenilikləri, yozumları öyrənsin və özü nəticələr çıxararaq burda tamaşalar hazırlasın. Bax, bununla biz udacağıq. Düşünürəm ki, teatrlara göstərilən bugünkü diqqət sözsüz ki öz nəticəsini verəcək. Dramaturgiyada isə qıtlıq ola bilməz. Elə klassiklər hər şeyə bəsdir. Bəli, deyirik ki, bugünkü müharibədən yazan yoxdur. Yazanlar var. Sadəcə, o faciəni dərindən öyrənməyə zaman gərəkdir. Amma hər hansı hadisəni tamaşa şəklində qoymaq olar. 1994-cü ildə “Vətənə igidlər gərəkdir” tamaşasını qoydum. Orda ilk dəfə Salatın Əsgərovanın obrazı yaradılmışdı. Milli qəhrəman adı alan şəhidlərimiz haqqında yazılmalıdır ki, gənclərimizi vətənpərvərliyi aşılayaq.

- Bəs kinonun bugünkü vəziyyətindən nə deməyə bilərsiniz?

- Müstəqillikdən sonra kinoda istedadlı sənətçilər yetişib. Bir çox festivaldan qalib çıxıblar. Cahangir Mehdiyev, Ayaz Salayev, Cəmil Quliyev, Şamil Nəcəfzadənin adını çəkə bilərəm. Rövşən Almuradlı Cavad xanı çəkdi. İldə bir kino çəkilsə, o da sərvətdir.


- Bu il parlament seçkilərində növbəti dəfə namizədliyinizi vermək fikriniz var?

- Nə bilim Vallah, vaxtım olsa. Çünki başımı elə problemlərə qatıblar ki, başqa şeylərə həvəsimi öldürüblər. Hələ o haqda fikirləşmirəm. Əlbəttə, millət vəkili olanda əlində səlahiyyət olur. Yuxarı qurumlarda oturanlardan tələb edə bilərsən. Amma mən millət vəkili olsam da, olmasam da o funksiyanı çiyinlərimdə daşıyıram. Məgər mən 90-cı illərdə Azadlıq meydanında olanda millət vəkili idim? 1988-ci ildə Topxana meşələrinə balta vurulanda Amerikada səsimi ucaltdım. Məgər bunun üçün millət vəkili olmaq lazımdır? İlk növbədə vətəndaş olmaq və milləti sevmək lazımdır. Deputat olub olmamaqla heç nə itirmirəm. Nə xalq artisti olanda, nə müdir olanda, nə də millət vəkili olanda dəyişdim. İnsan olaraq, xislətim necədirsə eləcə də qalıb. Mən elə mənəm, dəyişmirəm, Amaliya Pənahova olaraq qalıram.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920

Oxşar yazılar