“Adı Qəşəm...”-ŞEİRLƏR
30 oktyabr 2012 23:07 (UTC +04:00)

“Adı Qəşəm...”-ŞEİRLƏR

Bu saat gəlirəm

Oktyabrın əvvəlində gələcəkdim
Bağışla bir az gecikirəm
Bir az əlimdə ömür var
Bir az da qəm…
Mən gələnəcən mənimlə olduğun yerlərə get
Xüsusən dəniz qırağına
Balıqçıdan soruş, sən məni Qəşəmlə görməmisən ki?
Desə hə
Onda mən sabaha gəlirəm
Məni bizə çay verən qadının yadına sall
De bir kök kişi,
Saçı dağınıq
Yorğun, parıltısız dişi
Düymə gözlü
Adı Qəşəm
Orda, bir vaxtlar
Pəncərənin qabağında
Mənimlə əyləşən görməmisən ki?
Desə görmüşəm
Onda bu gün gəlirəm
Ayağın altında nazlanan toza
Quşların ağzından tökülən səsə
Və yaxud gizləndiyimiz adamlara
Sual versən
Mən onunla bu küçədə addımlayırdım
Gördünüzmü?
Əgər xatırlasalar
Elə bu saat gəlirəm.
***

Ay üzünə

İcimdəki bir yaradan keçib gəlirəm
ay üzünə.
Aləmdən
Ailəmdən qaçıb gəlirəm ay üzünə
Ürəyimin ağrısını yuyur ay üzün….
Məni yaman vurdular
Qürurum sınan yerdən
Qürurumu ay üzün sarıyır.
Gündə min dəfə yıxılıram
Məni ay üzün qaldırır.
Mən qorxağam, igid deyiləm
Mən güclü deyiləm zəifəm….
Mən kişi deyiləm insanam
Mən həqiqət deyiləm, səhvəm.
Ölümdən çox qorxuram-
məni aldadırlar-
deyirlər ölümdən sonra
həyat var…
Durub gəlirəm ay doğana-
durub gəlirəm ay üzünə…

***

Cız

Divara dərin bir cız cəkdim, cız
o anı tutub saxlayım deyə.
Bilirsən niye cız cəkdim divara?
Sözlər həmişə məni aldadıb.
divarın sevindiyindən heç sənin xəbərin oldumu?
adətən divara belə şey etibar etmirlər.
mismar vururlar polto asmağa,
nə bilim, saxta sözlər yazılmış qəzet yapışdırırlar
amma biz tarix yazdıq ora
vaxt yazdıq.
Bu cızdan sonra divar başladı
divar olmağa.
Gülüm, o cızın xatirinə divar özünü tarixi abidə hiss eləyəcək,
biz də bir şeyi sevindirə bilirikmiş, ay qız…
biz də bir şeyi xoşbəxt eleməyə lazım olduq, qadınım.
Bilmirəm divara nə yazdim, bilmirəm
ütülü xəttim qışqırdı bildim.
ağıla tabe olmuş ürəyə əlvida dedim,
mən səni sevdim,
divara qısılmış usaq kimi.
Səhər süpürgəçi qadın oxuya bilməyəcək bu yazını
Süpürgə ilə tozunu süpürüb daha da dərinləşdirəcək.
Gülüm, inan
dünyanın bütün palçıqları doldura bilməyəcək bu cızı,
lap bu binanı söksələr,
daşını, torpağını daşısalar da
yenə harasa sığınacaq bu yazı.
oğlumu gətirərsən o cızın yanına
oğlumun boyu hündürlükdə çəkmişəm
oğlumun alnına söykənəcək o yazı.
Elə -beləcə deyərsən
atan bir şeirini də belə yazdı.
bax sənin
bu nişanda,bir şair atan vardı.

***
Vaxt

sən mənə vaxtsan, mənə vaxt,
sən yatan kimi günəşim sönür.
Gözlərim hərifləri seçmir,
bilmirəm harda qalır eynəyim.
Demək sən yatan vaxtdı
Mənim eynəyimin itdiyi vaxt.
yuxudan durduğun vaxt
mənim işə getdiyim vaxtdı
çimdiyin vaxt
mənim yağışa döndüyüm vaxtdı.

***

Simayi-şəms

Dağların-
Gözəl dağların
Başı qarlı əzəl dağların
Ələsgərdən nişan qalan dağların
başında bir oda qurdum odum yox

vaxt dayanıb dəvə ayağınının cuxuruna baxır:
qum dənəcəkləri
bir-brinin əlindən tutub diyirlənir
elə bilir ki,
uşaqlardı, bir azdan böyüyəcək

dodağım-
mimdi dodağım
sözlə söndü dodağım
Ay kimi bulağa endi dodağım
Gördüm ki, içməyə bircə udum yox

Xəbərin varmı ki,
mən hər axşam ağaca gedirəm
və hər səhər ağacdan düşüb gəlirəm.

Yaratdın-
Sən yaratdın
Sən hamını tən yaratdın
Ürəkdə eşq çöhrədə qəm yaratdın
Bu dünyada özgəm yoxdu, yadım yox

Yenə unutmaq sevməklə başladı
Günəş çörəyə bənzədi
Ölüm yuxuya
Nə yaxşı ki, belə oldu
Insan gəldi dünyaya

Sənindi-
dözüm sənindi
görən gözüm sənindi
varım-yoxum, sazım-sözüm sənindi
mən sənnənəm sənnən ayrı adım yox
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1435

Oxşar yazılar