Opera və Balet teatrına Ukraynadan aktyor dəvət edilib – FOTO
30 oktyabr 2012 16:18 (UTC +04:00)

Opera və Balet teatrına Ukraynadan aktyor dəvət edilib – FOTO

Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında R.Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünya opera sənətinin incilərindən sayılan bu tamaşada əsas partiyalardan biri olan Nedda partiyasını ifa etmək üçün Opera teatrının rəhbərliyi tərəfindən Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti, Vokalçıların P.Çaykovski adına müsabiqəsinin qalibi Yekaterina Straşenko dəvət olunub.

Y.Straşenko hazırda Avropada ən çox tələb olunan və populyar olan vokalçılardan biridir. Almaniya, Danimarka, Hollandiya, İngiltərə, İspaniya, Fransa, İtaliya və Yaponiyada çox uğurla baş tutan qastrol səfərlərində olub. Tokioda keçirilən Beynəlxalq opera festivalında Y.Straşenko Nedda partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş mükafata layiq görülüb.

Xarici KİV-ləri onun çıxışlarını yüksək qiymətləndirərək Straşenkonu “operanın qızıl səsi”, “parlaq aktrisa, opera divası və ulduzu” adlandırırlar. Tənqidçilər isə onun fenomenal vokal göstəricilərinə, gözəl səs tembrinə və cəlbedici xarici görünüşə malik olduğunu qeyd edirlər.

“Payatsı” operasının tamaşasında ukraynalı qastrolçu ilə yanaşı opera sənətçiləri Azərbaycanın xalq artistləri Azər Zeynalov (Kanio), Əvəz Abdullayev (Silvio), həmçinin gənc vokalçı Anton Ferştandt (Tonio) da çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132

Oxşar yazılar