Habil Əliyev yubileyində hamını təəccübləndirdi
18 oktyabr 2012 00:49 (UTC +04:00)

Habil Əliyev yubileyində hamını təəccübləndirdi

Azərbaycanın görkəmli kaman ustası, xalq artisti Habil Əliyevin 85 illik yubileyi münasibəti ilə möhtəşəm tədbir keçirilib.

Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Flarmoniyasında təşkil olunan tədbirə mədəniyyət və turizm nazirinin müavini, millət vəkilləri, elm və incəsənət xadimləri, yubliyarın ailə üzvləri, sənət dostları qatılıblar.

Professor Rafael Hüseynovun aparıcılığı ilə keçirilən mərasimə Habil Əliyevin yaradıcılıq yolundan bəhs edən video-rolikin nümayişi ilə başlanılıb. Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik nitqini oxumaq üçün nazir müavini Ədalət Vəliyev çıxış edib.

Nazir təbrik məktubunda Habil Əliyevin Azərbaycan musiqi sənətinin inkişafında göstərdiyi misilsiz xidmətlərini qeyd edərək, onu yaradıcılığının bütün dövrlərində peşəsinə sadiq olan sənətkar kimi qiymətləndirib.

Tədbir boyu bir neçə dəfə xalq artistinin ayrı-ayrı illərdə ifa etdiyi ən məşhur mahnıların video yazısı nümayiş olunub.

Yubilyarı təbrik etmək üçün yerli sənətçilərlə bərabər Cənubi Azərbaycandan bir çox musiqçilər qatılıb. Onlar çıxış edərək, Habil Əliyevlə bağlı maraqlı xatirələrini danışıblar.

Xalq artistləri Aygün Bayramova, Arif Babayev, Azər Zeynalov, İlhamə Quliyeva, xanəndələr Babək Niftəliyev, Səbinə Ərəbli, İlkin Babayev, Ehtiram Hüseynov öz ifaları ilə yubilyara təbriklərini çatdırıblar.

Hər zaman öz müdrik, hazırcavab və zarafatcıl sözləri ilə seçilən Habil Əliyev yenə də öz ampuluasında idi.
Tədbirboyu bir neçə dəfə çıxış edən Habil Əliyev yaradıcılığı ərzində sənət yoldaşları ilə başına gələn maraqlı əhvalatları, yaşadıqları gülməli xatirələri danışaraq, qonaqlarda təbəssüm oyadıb.

Zarafatcıl olduğu qədər də kövrək olan xalq artisti qonaqlara təşəkkür edib: “Uzaqdan, yaxından gələn hər kəsə öz təşəkkürümü bildirirəm. Musiqiçisinə bu qədər dəyər verən xalqımla fəxr edirəm. Bəzi adamlar pullu olmaqları ilə fəxr edir. Mənim varım, dövlətim xalqımdır, sənətimdir”.

Sonda bütün tamaşaçıların gözlədiyi an gəlib çatdı. Belə ki, xalq artisti söz verdiyi kimi, 10 ildir ifa etmədiyi kamançanı əlinə alıb. Bir neçə dəqiqəlik kamançasını səsləndirən 85 yaşlı sənətkar tamaşaçıları yenidən təəccübləndirməyi bacarıb. Xalq artistinin ifasını qonaqlar ayaq üstə sürəkli alqışlarla qarşılayıblar.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3333

Oxşar yazılar