Rejissor: “Gənclər teatrdan qaçaq düşür”
13 oktyabr 2012 15:29 (UTC +04:00)

Rejissor: “Gənclər teatrdan qaçaq düşür”

Lent.az-ın məlumatına görə, bunu Musiqili Komediya Teatrının baş rejissoru Yusif Əkbər deyib. Onun sözlərinə görə, hazırda teatrlarda məvacibin azlığı gəncləri bu sahədən uzaqlaşdırır: “Qazanc gətirən sahələr çox olduğundan bəziləri şirkətlərdə çalışır, bəziləri də toylarda tamadalıq edir və sair. Sonra da nəticə xoşagələn olmur. Gənclər teatrdan qaçaq düşür. Amma bu fikri də hər kəsə şamil etmək olmaz. Sənətinə bağlı olan, aza qane gənclərimiz çoxdur. Onlar bu sənəti seçəndə gözləri önünə çətinlikləri də gətirirlər, uğurları da. Odur ki, hamını qınamaq düzgün deyil”.

Rejissor Gənclərin II Ümumrespublika Teatr Festivalının keçirilməsini dəstəkləyərək, bunu teatrın inkişafına xidmət kimi qiymətləndirib: “Gəncliyə yol açan, onlar arasında istedadlıları üzə çıxaran gənc nəslə qanad verən belə festivalı yalnız alqışlamaq olar. Başqa cür ola da bilməz. Gənc nəsil arasında nə qədər çox istedadlı olarsa, bir o qədər incəsənətimiz, mədəniyyətimiz qazanmış olar. Gənclər müasir düşüncəyə malik, yenilikçi olurlar. Və bu yenilikçi ideyaları ilə hər zaman biz yaşlı nəsli də öz ardınca çəkib aparırlar. Gənclik yeni nəfəs, yeni ab-hava deməkdir. Mən cavan istedadlarımızla fəxr etmişəm. Bizim teatrda da belə istedadlar çoxdur. İstərdim ki, bu festivaldan çıxan gənclər Azərbaycan teatrını beynəlxalq arenada təmsil etsinlər, beynəlxalq təcrübədən bəhrələnib, bu ənənələri Azərbaycana gətirsinlər. Belə də olacağını gözləyirəm. Bu festival ən birincisi teatrı gənclərə sevdirəcək və onları teatra cəlb edəcək. Bundan gözəl nə ola bilər ki”.

Qeyd edək ki, layihənin ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. İnformasiya dəstəyi Guney.az və Lent.az xəbər saytları və Araz FM radiosudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar