Hyustondakı festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
08 oktyabr 2012 20:18 (UTC +04:00)

Hyustondakı festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib

Lent.az-ın məlumatına görə,oktyabrın 4-7-də ABŞ-ın Texas ştatının Hyuston şəhərində türkdilli xalqların ənənəvi mədəniyyət tədbiri olan “İpək Yolu Festivalı” keçirilib. Festivalin keçirilməsində məqsəd tarixi İpək Yolu üzərində yerləşən əsas ölkələrin mədəniyyətini bir araya gətirərək, Amerika cəmiyyətinin daha yaxından tanış etmək olub.
Qeyd edək ki, festivalın təşkilində rəsmi və əsas sponsorlarından biri kimi Azərbaycan Dövlət Neft Şirkəti və Hyuston-Bakı Qardaşlaşmış Şəhər Assosiasiyası böyük rol oynayıb.

Festivalın keçirildiyi yerdə iştirakçı dövlətlərin hər birinə ayrılmış məkanda müvafiq ölkənin mədəniyyəti, tarixi, incəsənətini əks etdirən stendlər qurulmuş, milli geyimlər nümayiş etdirilmiş, milli mətbəx nümunələri hazırlanıb. Azərbaycan üçün ayrılmış məkan turistlərin, eləcə də qonaqların ən çox maraq göstərdiyi məkan olmuşdur. Burada qurulmuş səhnədə Azərbaycan musiqiçiləri tərəfindən Azərbaycan mahnıları ifa edilmiş, xüsusilə əməkdar artist Gülyanaq Məmmədovanın ifası böyük maraq və alqışlarla qarşılanıb.

Azərbaycan icmasının üzvləri əcnəbilərin Azərbaycan barədə məlumatlandırılmasında xüsusi fəallıq nümayiş etdiriblər.

Festival çərçivəsində oktyabrın 6-da təşkil olunmuş rəsmi qəbulda yerli və federal dairələrdən yüksək səviyyəli rəsmilər, iştirakçı dövlətlərin Vaşinqtona akkreditə olunmuş səfirləri və Hyustonda yerləşən Baş konsulluqların rəhbərləri, eləcə də Hyuston şəhərinin meri iştirak edib.

Tədbirdə çıxış edən ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov ABŞ-da bu səpkidə festivalın keçirilməsinin əhəmiyyətindən bəhs edərək, mədəniyyətlərin təbliğinin xalqlar arasında körpü yaratdığını bildirib.

X.Məmmədov İpək Yolunun bir hissəsi olan Azərbaycanın Festivalda təmsil olunmasını ölkəmizin zəngin tarixi və mədəni irsinin tanıdılması baxımından mühüm olduğunu qeyd edib.

Festival çərçivəsində həmçinin səfir Elin Süleymanov “Azərbaycan: Xəzərin enerji incisi” mövzusunda seminarda çıxış edib. Səfir çıxışı zamanı Azərbaycanın enerji diplomatiyası, “Əsrin müqaviləsi”nın imzalanması və icrası, eləcə də hazırda gündəmdə olan irimiqyaslı enerji layihələri barədə məlumat verib.

Tədbirdə ARDNŞ-ın vitse prezidenti Xaliq Məmmədov, millət vəkili Qənirə Paşayeva və müxtəlif iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865

Oxşar yazılar