"Atam zorla əmimin dul həyat yoldaşını qardaşıma aldı" - Ramiz Duyğun
25 fevral 2020 10:12 (UTC +04:00)

"Atam zorla əmimin dul həyat yoldaşını qardaşıma aldı" - Ramiz Duyğun

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri, şair, publisist Ramiz Məlikovun (Ramiz Duyğun) APA-ya müsahibəsi

- Yuxarıda soldan sağa bacılarımdı; Böyükxanım, Elbəyim. Onun solundakı Əhməd adlı, böyük istedad sahibi, 24 yaşında həlak olmuş qardaşımdı. Rəssam, musiqiçi idi, böyük bir külliyyatı yadigar qalıb.

Danışan Ramiz Duyğundur, şair, publisist Ramiz Duyğun. Çoxunun 1970-80-ci illərdə Azərbaycan Televiziyasında efirə getmiş “Hünər” proqramının aparıcısı kimi tanıdığı polkovnik Ramiz Məlikov. Onun evində qonağıq. Otağa girər-girməz divardan asılmış köhnə bir ailə fotosu diqqətimizi çəkir. Ramiz müəllimsə bilmirəm marağımızdan, yoxsa bu yaşda keçmişə daha çox həsrət duyduğundan dolayı ayaq üstəcə foto haqqında ətraflı məlumat verməyə başlayır.

 

- Mən o zaman on yaşın içindəydim. Yadımdadı hər şey. Atam 1949-cu ilin iyul ayında, 49 yaşında öldü, atamdan 10 gün sonra da qardaşım dözmədi, ürəyi partladı. Mən - on yaşında uşaq birdən-birə qocaldım. Atamın qucağındakı da məndən böyük qardaşım Gülalıdır.

- Neçə uşaq olmusunuz?

- On uşaq. Anam dünyaya beş qız, beş oğlan gətirib. Hamısı dünyadan gedib. O şəkildə məndən başqa sağ qalan yoxdur. Atam Böyük Vətən Müharibəsinin əlili olub. Ciyərindən iki mərmi qəlpəsi çıxarılmışdı. Mən instituta girənə qədər dururdu, sonralar itdi. Ancaq mənim ürəyimdə o qəlpələr yaşayır.

- Atanızdan sonra bu böyük ailənin dolanışığı çətin olardı.

- Çətin idi, çox çətin. Atam Böyük Vətən Müharibəsi iştirakçısı olduğuna görə anam müavinət alırdı. Atam da, Əhməd qardaşım da Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdular. Berlinə qədər gedib çıxmışdılar. Hətta Şimali Qafqazda gedən döyüşlər zamanı vağzalda təsadüfən görüşüblər.

- Lap “Əsgər atası” filmindəki kimi olub.

- Hə. Əhmədin müharibədə yazdığı şeirlər ayrıca bir dəftərdir. İndi nəvəsində durur.

- Əhməd ailəli idi?

- Bu da böyük faciədir. Lap qıraqda oturan başıbağlı gəlin (şəkli göstərir) əmimin həyat yoldaşı olub. Əmim də Böyük Vətən Müharibəsinə gedib, amma qayıtmayıb. 48-ci ildə atam zorla əmimin dul həyat yoldaşını, Gülnisə bacımı Əhməd qardaşıma aldı.

- Zorla niyə?

- Qardaşım başqasını istəyirdi. Atam onu zorla qardaşıma verdi. Onların qısa ailə həyatından 49-cu ildə bir körpə dünyaya gəldi. Həmin o qızcığazın indi böyük balaları var. Yəni Əhməd bu dünyada yadigarsız qalmadı.

- Gəlinin sonrakı taleyi necə oldu?

- 1970-ci illərin sonuna qədər ailəmizdə yaşadı. Sonra vəfat elədi.

- Əvvəlki ərindən uşaqları var idi?

- Yox, əmimdən uşağı yox idi. Təzə evlənmişdilər, sonra əmim müharibəyə yollanır, qayıtmır. Atam deyir ki, mən qıymaram ki, qardaşımın arvadı başqasının qapısından çölə çıxsın. Ona görə də oğluna almışdı.

- Deməli, Sizin ailədən üç nəfər Böyük Vətən Müharibəsində iştirak edib: atanız, əminiz, qardaşınız. Bircə əminiz qayıtmayıb.

- Əmim qayıtmayıb, dayılarım, bibim oğlanları, xalam oğlanları qayıtmayıblar. Bu barədə mənim “Hünər” proqramında xüsusi araşdırmalarım olub.

- O veriliş efirə gedən vaxtlar mən uşaq idim, dumanlı şəkildə yadımda qalıb.

- Mən Böyük Vətən Müharibəsi mövzusunu ciddi surətdə araşdırmış və bu sahədə nadir mütəxəssislərdən biri olmuşam. 17 il “Hünər” verilişində aparıcılıq eləmişəm. O verilişlərin birini əmimlə qardaşıma həsr etmişəm. Əmimin məzarı Monteneqroda tapıldı. Sonralar tale elə gətirdi ki, mən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirəndən sonra qardaşım Əhmədin Belarusda döyüşdüyü qəsəbəyə təyinat alıb, oradakı hərbi hissədə 9 il xidmət elədim. Eh, mənim həyatım uzun faciədir. Xəlil Rza 1968-ci ildə “Ulduz” jurnalında “Səngərdə yaranmış sətirlər” adlı məqalə çap edib, orda qardaşımın bir şeirini də vermişdi. Xəlil Rza mənim böyük dostum olub.

Danışa-danışa gəlib divanda yerimizi rahatlayırıq. Üzünü taraş etmədiyinə görə narahatdır. Deyirəm eybi yox, Sizi nə qədər hərbi formada görmək olar, bir az da təbii olsun. Razılaşır.

- Papaq da yaxşıdır?

Çıxarır.

- Papaq da qalsın.

- Ev şəraitindəyik də, olsun (qaytarıb təzədən başına qoyur). Jurnalistlər gəliblər, xoş gəliblər şair Ramiz Duyğunun, polkovnik Ramiz Məlikovun evinə, belə xoş gəliblər (Elə bil bizdən ziyadə özü ilə danışır).

- Ramiz müəllim, Duyğun təxəllüsünü Sizə kimsə verib, yoxsa özünüz götürmüsünüz?

- Orta məktəb vaxtı götürmüşəm. Mən çox duyğulu uşaq olmuşam. Vurğun var, düşkün var, coşqun var, yorğun var, qaçqın var, Duyğun niyə olmasın? Mən Duyğun təxəllüsünü təsdiq etdirənəcən başım müsibətlər çəkib. 1973-cü ildə Salvador Alyende (Çilinin sosialist prezidenti, çevriliş zamanı həlak olub - M.A.) haqqında “Göy üzü damar-damar” adlı poema yazıb “Ulduz” jurnalına gətirmişdim. Rəhmətlik Əhməd Cəmil baş redaktor idi. Soruşdum, dedilər poeziya şöbəsinə Tofiq Bayram baxır. Poemanı aparıb onun qabağına qoydum. Tofiq Bayram poemanı əlinə alan kimi əda ilə dedi ki, Duyğun nədi ə? (Parodiya edir.) Allah rəhmət eləsin, həddindən artıq kobud adam idi. Nə isə, on gündən sonra yenidən redaksiyaya gəldim. Gördüm bu poemanın hər misrasının altını qırmızı qələmlə xətləyib. Bəyənmir mənim misralarımı. Birinci “Duyğun”un altından iki xətt çəkib. Soruşdum niyə? Dedi, “Duyğun” Azərbaycan sözü deyil. Dedim, Tofiq Bayram, əgər sən “Duyğun” sözünü qəbul eləmirsənsə, Azərbaycan dilini bilmirsən. Mənim başım çox bəlalar çəkib, Ağa. Mən üç dəfə özümü Azərbaycan ədəbiyyatında təsdiq eləmişəm. Məni Tofiq Mütəllimov qəbul eləmirdi, İsa İsmayılzadə qəbul eləmirdi. “Mənə köynək toxu” adlı gözəl bir şeirimi “Ədəbiyyat və incəsənət” qəzetində çap eləyib, imzamı “D. Ramiz” kimi yazmışdı.

- Kim yazmışdı?

- İsa İsmayılzadə yazmışdı. Biz ədəbiyyata bir gəlmişdik, odur, Ələkbər Salahzadədir. İstedadlı şairlər idilər. Mən onların hamısını böyük səmimiyyətlə qəbul eləmişəm. Getdim İsa İsmayılzadənin yanına, dedim, “D. Ramiz” nədir yazmısan, mənim təxəllüsümü bilmirsən?

- “Duyğun” təxəllüsünü bəyənmirdilər?

- Başa düşmürdülər. Hə, onu deyirdim axı, Tofiq Bayrama cavab verdim ki, mən Sizin iradlarınızın heç birini qəbul etmirəm. O, mənim üstümə qışqırdı ki, əsərini də götür get. Dedim götürmürəm. Səs-küyə Əhməd Cəmil çıxdı. “Oğlum-oğlum, niyə həyəcanlısan?” soruşdu. Məni hərbi formada görüb çaşmışdı. Əhməd Cəmil məni sakitləşdirdi, dedi özüm oxuyacam və çap edəcəm. Poemanın böyük bir hissəsi çap olundu, amma Ramiz Məlikov imzası ilə. Öyrəndim ki, Tofiq Bayram poemanı Ramiz Duyğun imzası ilə çap olunmağa qoymayıb. Qabil - bizim böyük şairimiz, məni qəti surətdə qəbul eləmirdi.

- Niyə qəbul etmirdilər?

- Qısqanc idilər. Bunlar əllərində dəyənək Azərbaycanın nə qədər istedadlı şairlərini məhv ediblər. Sənə Qabildən danışım. Yazıçılar Birliyinin plenumunda çıxışında deyib ki, Xəlil Rza bir kapitanı tapıb inandırıb ki, sən şairsən. Təsadüf elə gətirdi ki, mən “Ədəbiyyat və incəsənət” qəzetinə gəlib şeirlərimi bunun qabağına qoydum. Dedi “Duyğun” nədi? Dedim hələ bir şeirlərimi oxuyun, sonra danışarıq, oxumağa başladı. “Layla” şeirimə çatanda kükrədi.

Şeiri oxuyur:

Sən Dədəm Qorqudun bu günə sıçrayan çınqısı,

Sən comərd Babəkin evimdə tutuşan yanğısı.

Yuxunu toylarla, boylarla, oxşayar, boyaram,

Yuxuna Babəkin qılınclı eşqini, qalxanlı kinini qoyaram.

Yeganəm, təkim, layla, körpə Babəkim, layla.

Bunu o vaxt böyük oğlum Qəlbiyə yazmışdım. Qabil oxuyub dedi, belə layla olar? Məni gülmək tutdu. Dedim niyə bəyənmirsiz? Bu Azərbaycan ədəbiyyatında tamamilə yeni layladır. Üstümə qışqırdı ki, əgər Azərbaycan poeziyasında məndən başqa ikinci bir şair bu laylaya şeir desə, adımı dəyişərəm. Bir-iki il sonra “Gəncliyin səsi” almanaxında bu şeirim çıxdı. Rəhmətlik Bəxtiyar Vahabzadə ön sözdə yazmışdı ki, bu tamamilə yeni layladır. Deməyim odur ki, Qabil də mənimlə düşmən kimi idi. İş gəlib o yerə çatdı ki, Qabil məni qəbul elədi, dost olduq, 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinə qəbul olmağım üçün mənə zəmanət də yazdı.

- Onda neçə yaşınız vardı?

- 50.

- Nə əcəb o vaxta kimi Yazıçılar Birliyinə qəbul olunmamışdınız?

- Qəbul etmirdilər məni, paqonlarıma görə belə edirdilər.

- Necə olur ki, Sizinlə bir vaxtda ədəbiyyata gələn İsa İsmayılzadəni, Ələkbər Salahzadəni qəbul edirlər, Sizi qəbul etmirlər?

- Paqonlar. İndiyəcən bu tendensiya qalır.

- Heç olmasa, indi qəbul edirlər?

- Daha çarələri yoxdur. Mənim on şeir kitabım var.

- Sizə pis təsir etmədi ki, 50 yaşında birinə Qabil zəmanət verir?

- Yox. Əksinə sevindim ki, Qabil mənə təslim oldu, şair olduğumu təsdiq elədi.

- Hazırda ədəbi mühitlə, Azərbaycan Yazıçılar Birliyi ilə münasibətiniz necədir?

- Anarın yaradıcılığına böyük hörmətim var, bununla belə deyərdim ki, Anar kamil ədəbi məmurdur. Hətta o vəziyyətə gəlib çatıb ki, Azərbaycan Yazıçılar Birliyi Anar və Fikrət Qocanı müdafiə komitəsinə çevrilib. Əleyhlərinə biri nəsə deyən kimi o saat buynuzlarına alıb ora-bura çırpırlar.

- Nə əcəb sizə fəxri ad verilmir?

- Məsələ bundadır də, verilmir.

- Xalq şairi olmaq istəməzsiniz?

- Niyə olmaq istəmirəm? Heç yerdə adım yoxdur. Bunu Anar eləməlidir. Mən hərbçi kimi 25 medal sahibiyəm. SSRİ Silahlı Qüvvələrinin 15, Azərbaycan Silahlı Qüvvələrinin də 10 medalını almışam. “Azərbaycan bayrağı” ordenini almışam, bu orden Milli Qəhrəmanlara verilir. Mən Azərbaycan hərbi mətbuatının yaradıcısıyam. Əgər Azərbaycan hərbi jurnalistikası bu gün varsa, bu mənim sayəmdədir. Bütün güc nazirliklərinin jurnalistləri mənim şinelimdən çıxıb. Mənə yuxarı dairələrin qısqanclığı olub və var. 2005-ci ildə Milli Mətbuatın yaranmasının 130 illik yubileyi ərəfəsində Səfər Əbiyev məni çağırıb dedi ki, sən Azərbaycan hərbi mətbuatının banisisən, səni prezident təqaüdünə təqdim edirəm. Amma yuxarılarda soyuq yanaşıldı və təqaüd verilmədi. Səfər Əbiyev mənə 3 otaqlı mənzil hədiyyə elədi, onu da mənə vermədilər. Mən Xəlil Rza ilə çiyin-çiyinə meydanlarda çarpışmışam.

- Siz o zaman Sovet ordusunda xidmət edirdiniz. Eyni zamanda necə meydana çıxırdınız?

- Bəli, mən polkovnik rütbəsində, hərbçi ola-ola meydana çıxmışam.

Bu vaxt bir qız uşağı otağa daxil olur. Ramiz müəllim onu əzizləyib öpür.

- Allah saxlasın, nəvənizdir?

- Hə, qız nəvəmdir, Fidan... Başımın bəlası böyükdür e, oğul.

- Xəlil Rza ilə yaxın dost olmusunuz.

- Xəlilin müdafiə komitəsini yaratmışam. Onu qolundan tutub məhkəmə zalından azadlığa çıxaran kişi mənəm. Xəlil Lefortovoda yatanda bütün sənədlərini mən hazırlayıb müttəfiq respublikaların Yazıçılar Birliklərinə yollamışam. Hərbçi ola-ola, Milli Azadlıq Hərəkatında aktiv iştirak etdiyimə görə, Dövlət Təhlükəsizlik Komitəsi (DTK - red.) məni iki dəfə “verbovat” etməyə çalışıb, imtina eləmişəm, əvəzində qisas alıb.

- Necə?

- 1990-cı il 20 Yanvar hadisəsi mənim üçün təkcə milli yox, həm də ailə faciəsi oldu. DTK ailəmi dağıtdı. Bu, mənim ikinci ailəmdir.

- Ətraflı danışa bilərsiniz?

- İndiyə kimi mənə məlum deyil ki, ailəmin dağılmasının səbəbi nə idi. (Bayaqdan bizə mane olmasın deyə, hər dəfə ehtiyatla otağa girib-çıxan, çay süfrəsi hazırlayan yoldaşının eşitməməsi üçün astadan danışmağa başlayır). 26 il yaşadığım qadını - bütün lirikam ona həsr olunmuşdu - DTK bir günün içində məndən ayırdı. Günlərin bir günü xanım mənə dedi ki, səndən boşanıram. DTK onu qorxudubmuş.

- Sonralar öyrənmədiniz ki, DTK onu necə qorxudub?

- O qadın mənə dedi ki, səninlə yaşamaq istəmirəm. Bircə Xəlilin adını çəkdi və getdi.

- Bəlkə ailə başçısı, həyat yoldaşı kimi Sizdən narazı olub?

- Qəti sürətdə. Bizim ailəmiz ay kimi, gün kimi təmiz olub. Evi bağışladım ona, papağımı, bir də arxivimi götürüb o evdən çıxdım (təzədən ucadan danışmağa başlayır). Sonra Dilbər xanımla rastlaşdıq, ikinci dəfə ailə qurdum.

- Dilbər xanıma da şeirlər yazmısınız?

- Əlbəttə, əlbəttə.

- Yenidən sevgi tapmısınız, daha nə istəyirsiniz?

- Hansı hissdir, bilmirəm, amma gözəl, ulu hissdir. İki övladımız var. Vəsfi, Günay.

- Uşaqlarınızın adları da, qeyri-adidir: Qəlbi, Vəsfi.

- Hə, elədir.

- Mikayıl Mirzə ilə də dost olmusunuz.

- Hə, onunla da böyük dost olmuşam.

- Xəlil Rzanın şeirləri kimi Sizin şeirləri də oxuyurdu?

- Bəli. (Yoldaşına müraciətlə) Dilbər, “Prezidentin ürəyi” poemasını tap, qadan alım.

Dilbər xanım: 20 Yanvar vaxtı qırx gün Mirzə Xəzər onun “Haray dünya” şeirini oxuyub.

- Mənə qarşı Azərbaycan ədəbi mühitində indiyə qədər qısqanclıq, soyuqluq var. Bu gün Azərbaycan ədəbiyyatında hərbi-vətənpərvərlik mövzusunda Ramiz Duyğun qədər şeirlər yazan ikinci şair yoxdur.

- Ramiz müəllim, mənə maraqlıdır, vətənpərvərlik şeirləri məktəb tədbirlərindən başqa harda lazımdır?

- Bütün millətə, orduya lazımdır.

- Ordu şeiri neyləyir, orduya təlim, hərbi texnika gərəkdir.

- Ordu şeiri neyləyir? Orduda vətənpərvərlik hissi olmasa, o necə torpaqları alacaq? Böyük Vətən Müharibəsi zamanı almanların üzərində qələbəni birinci sovet poeziyası qazandı. Bu gün mənim narazılığım ondan ibarətdir ki, şairlərimiz Qarabağ müharibəsi haqqında yazmır, yatır. Məndən çox bu mövzuda yazan yoxdur.

- Seyran Səxavət də deyir ki, Qarabağ haqqında əsəri Müdafiə Nazirliyi yazmalıdır, yazarlar yox.

(Gülür), Seyran Səxavət də belə düşünürsə, daha nə deyim! Biz onunla cavan vaxtlarımızda çox yaxın olmuşuq. Vaqif Səmədoğlu çıxışlarının birində demişdi ki, əgər Qarabağı poeziya ilə geri qaytarmaq mümkün olsaydı, Xəlil Rzanın şeirləri bəs idi, indi İrəvana gedib çıxmışdıq. Tamamilə yanlış fikirdir.

- Mən bu məsələdə Seyran Səxavətə haqq verirəm.

- Dayan, bir dəqiqə.

Otaqdan çıxıb bir azdan əlində qəzetlə qayıdır.

- Yaralarımın qasnağını qopardın. Bu qəzetdə bir dəstə şeirim çap olunub. Birinci şeir “Qarabağdan xəbər ver” adlanır.

Saxla bütün xəbərləri,

Acı, tütün xəbərləri,

Zəqqum, zəhər xəbərləri,

Şirin, şəkər xəbərləri,

Ayağım altda dayanmayır, qaçır Yer,

Qarabağdan xəbər ver...

Şeirin hamısının müsahibədə getməyəcəyini desəm də yarıda kəsmir, söyləyir. Çaydan içib, Dilbər xanımın süfrəyə düzdüyü şirniyyatdan nuş edə-edə saata baxıram. İki. Üç. Dörd... Altı dəqiqə keçir... nəhayət şeir bitir.

- Bu poeziya lazımdır bizə. Bu gün Azərbaycan əsgərini biz döyüşə hazırlamalıyıq. Erməni bizə torpaq qaytaran deyil. Onu biz özümüz qaytaracağıq. Bu gün vətənpərvərlik şeirləri az yazılır, çoxu da zəifdir. Bayaq dedim axı, Böyük Vətən Müharibəsində qələbəni birinci sovet poeziyası qazandı. Onların önündə Azərbaycan ədəbiyyatı, Səməd Vurğun gedirdi.

- Bəs bu gün bizdə müharibə poeziyasının önündə kim gedir?

- Heç kim, Ramiz Duyğun. Məndən başqa bu mövzuda yazan şair yoxdur.

- Sizi daha çox “Hünər” verilişinin aparıcısı kimi tanıyırlar, yoxsa şair kimi?

- “Hünər” verilişinin aparıcısı kimi. O proqramın funksiyası Azərbaycan xalqına və gəncliyinə hərbi vətənpərvərlik hissləri aşılamaq idi. Həm də paralel surətdə Böyük Vətən Müharibəsindən qayıtmayan Azərbaycan oğul və qızlarının son ünvanlarını axtarırdıq.

- Sizə məktub yazırdılar ki, atam, qardaşım, yoldaşım müharibədə itkin düşüb, Siz də axtarırdınız?

- Bəli, bəli. Hər verilişdən sonra yüzlərlə məktub alırdıq. Düz 17 il fasiləsiz o verilişi aparmışam.

- Belə çıxır Azərbaycan televiziyasının ən uzunömürlü verilişlərindən birinin aparıcısı olmusunuz.

- Bəli. Gör, Anar bir dəfə bunu dilə gətirir? Anarın borcu idi məni təbliğ etmək. Anar gör, hərbi jurnalist kimi bir dəfə adımı çəkir? Mən bunu Anardan umurdum. Qısqanclıqdan, xəbislikdən onlar mənim adımı çəkməyiblər. Azərbaycan Böyük Vətən Müharibəsinə 700 min oğul-qız göndərib. Onlardan 350 mini qayıtmayıb. “Hünər” proqramı o 350 min nəfərin 13 min nəfərinin 17 il ərzində son mənzilini tapıb. Verilişdən sonra həmin adamların qohum-əqrəbaları gedib məzarların şəklin çəkirdilər, sonra bizə gətirirdilər.

- Sizin veriliş indiki dillə desək, reytinqli olub.

- Hələ də mənim verilişimdən danışırlar. Küçəyə çıxa bilmirəm. Hamı tanıyır.

- Müstəqillik qazanandan sonra da Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmusunuz və 16 il bu şöbəyə rəhbərlik etmisiniz.

- Doğrudur. 1991-ci ildə oktyabr ayında Müdafiə Nazirliyi yaradılanda nazir Valeh Bərşadlıya raport yazdım ki, həkim kimi əmrinizdəyəm. Çünki mən 11 il Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun hərbi kafedrasında çalışmışam. Azərbaycan Silahlı Qüvvələrində nə qədər hərbi həkim varsa, əksəriyyəti tələbəmdir. SSRİ Silahlı Qüvvələrində xidmət edə-edə də “Hünər” proqramını aparmışam. Hə, raportumu yazıb gəldim Valeh Bərşadlının qəbuluna. O, məni çox yaxşı tanıyırdı. “Hünər”də onun haqqında beş veriliş vermişdik. Məni görən kimi dedi ki, Ramiz, elə səni axtarırdım, səni Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsinə təyin edirəm. Gözüm çıxdı kəlləmə. Dedim, yoldaş general, mətbuat xidməti hara, mən hara? Dedi, hərbi jurnalistikanı bu respublikada səndən yaxşı bilən yoxdur. Beləcə mətbuat xidmətinin rəisi təyin olundum və sıfırdan bu şöbəni yaratdım. Düz 2007-ci ilə kimi bu vəzifədə çalışdım. 

- Mətbuat Xidmətinin rəhbəri işləyən vaxtı nəyinsə xətrinə yanlış xəbər verdiyiniz olubmu?

- Heç vaxt olmayıb. Mən əxlaq adamıyam, vicdan adamıyam. Həqiqətdən başqa heç bir xəbər verməmişik. Cəbhədə həlak olan əsgərlərin ailələrinə nazir adından başsağlığı verilməsi ənənəsini də mən gətirmişəm. Onu da deyim ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün nizamnamələrinin ana dilində yazılmasında birinci rolu mən oynamışam: Daxili xidmət nizamnaməsi, Sıra nizamnaməsi, Qarnizon və qarovul xidmətləri nizamnaməsi, İntizam nizamnaməsi. Bunların hamısının yaradılmasında mənim böyük xidmətim olub.

- O zaman hərbi dilimizi yaradanlardan biri sayılırsınız.

- Bəli. Ancaq buna qiymət qoyan yoxdur. Mən Səfər Əbiyevə iki dəfə əmr imzalatmışdım ki, Silahlı Qüvvələrdə Daxili xidmət nizamnaməsinin 38-ci maddəsinə uyğun olaraq bütün hərbi qulluqçular bir-birlərinə “yoldaş” deyə müraciət etməlidirlər. Bizim orduda “cənab” müraciəti dəbdədir. Düzgün deyil. Azərbaycan Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsində “cənab” müraciəti yoxdur.

- “Yoldaş” Sovet dövrünün qalığıdır axı.

(Əsəbi şəkildə) Xeyr! “Yoldaş” qədim türk sözüdür. “Yol” və “daş” sözünün birləşməsindən əmələ gəlib. Bundan başqa, Hərbi doktrinanın, Azərbaycan Respublikası Təhlükəsizlik Konsepsiyasının ana dilində yaradılmasında mən rol oynayıb, mətni redaktə etmişəm, hərbi geyimlərin ana dilində mətninin yazılmasında xidmətlərim olub.

- Ramiz müəllim, dilimiz qarşısında bu cür xidmətləriniz olub, daha niyə şair kimi qəbul olunmamağın qayğısını çəkirsiniz?

- Nə olsun, bu qədər xidmətim olduğu halda qiymətim verilməyib.

- Üstəlik Sizin bədii tərcümələriniz də var.

- Bəli, 1991-ci ildə Mixail Bulqakovun “İt ürəyi” romanını tərcümə etmişəm. Bundan başqa Anatoli Tutikin “Onlar başqa cür edə bilməzdilər” sənədli povestini, Konstantin Simonovun, Aleksey Surkovun, İlya Selvinskinin şeirlərini çevirmişəm.

- Çap olunub?

- “İt ürəyi” və “Onlar başqa cür edə bilməzdilər” çap olunub. Ancaq şeir tərcümələrimi ayrıca bir qovluq şəklində saxlayıram, kitab çıxarmaq üçün sponsor lazımdır.

- Fevralın 10-da 82 yaşınız tamam oldu. Bu yaşda özünüzə nə arzulayırsınız? Kitablarınızın çap olunmasını istəyirsiniz, yoxsa?

- Neçə kitabım çapa hazırdır. Həyatım haqqında kitab çap etdirmək arzum var. Bütün materiallar hazırdır, qalır çapı. Poeziya kitabım hazırdır, hərbi publisistikam çap olunmayıb, o hazırdır. Onların çap olunmağını istəyirəm. Ən böyük arzum isə... Bu gün məni heç nə qane eləmir. Nə yesəm, canıma sinmir, ağzımda dadını bilmirəm, nəyə qulaq assam, məni qane eləmir, ləzzət almıram. Mənim ən böyük arzum torpaqlarımızın qayıtmasıdır:

Şuşa gedib, dünyada qan, qırğın, tufan olub.

Şuşa gedib, nə bir məhkəmə, nə də ki, divan olub.

Şuşa əli yaylıqlı xanım Natavan olub,

Şuşa məni çağırır, Şuşa səni çağırır.

Yalnız torpaqlarımız qaytarandan sonra mənim yediyim, içdiyim canıma nuş olacaq. Nə qədər ki, torpaqlarımız qayıtmayıb, biz tam müstəqil, tam suveren olmayacağıq. İkinci arzum isə oğlum Vəsfinin, sonbeşiyimin toyunu etmək, onu ata görmək və bu dünyadan rahat köçməkdir. Bütün bu arzularım mənim şeirlərimdə də əks olunub.

Yenə saata baxıram. Düz iki saatdı söhbət edirik. Özünə bildirməsəm də, açığı mən yorulmuşam, nə yalan deyim, suallarım da bitib. Ramiz müəllimsə yorulana oxşamır, yaşlı adamlara məxsus dəqiqliklə ağzından çıxardığı hər sözü tələsmədən, səlis tələffüz edərək danışmağa davam edir. Və mənim xəyalım qəfil uzaq 80-lərə gedir... Hərbi formalı, şux görkəmli bir diktor bizim həbəşsima – sısqa ayaqlı və dombaqarın televizorun ekranında təmkinlə danışır, səsi qırov kimi otağı bürüyür, mənsə döşəmədə oturmuşam, oyuncaq tapançamı məchul düşmənə tuşlayıram...

Foto: İlkin Nəbiyev

 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32190
avatar

Oxşar yazılar