Zəlzələdə dağılan həbsxanadan heç kim qaçmadı
14 fevral 2023 07:30 (UTC +04:00)

Zəlzələdə dağılan həbsxanadan heç kim qaçmadı

Ağır cinayət törətmiş şəxslər insanları yalın əllə xilas etdilər. 

Lent.az-ın xəbərinə görə, 27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan bölgəsində 7,8 bal gücündə zəlzələ baş verdi. Türkiyənin 20-ci əsrdəki ən dəhşətli zəlzələsi gecə saat 01.57-də baş verdi və 50 saniyə davam etdi. Təkanlar Azərbaycan, Ermənistan və Gürcüstanda da hiss edildi. 

Ərazidə 117 000 tikili dağıldı, 33 min nəfər öldü, 100 mindən çox insan xəsarət aldı. Əsl humanitar fəlakət idi. Ankara hadisədən 2 gün sonra xəbər tutdu. Lakin bu günlərdə dünya hüquq sistemində bənzəri olmayan hadisə baş verdi.

Həbsxana uçsa da, heç bir məhkum qaçmadı. Faciənin miqyasını görən Ərzincan prokuroru məhkumların hamısını xilasetmə işləri üçün sərbəst buraxır. Maraqlıdır ki, səhər işə gedən məhkumlar axşam qayıdıb gəlirlər. Təbii ki o zaman xilasetmə işləri ancaq gündüz aparıla bilirdi. Beləcə, məhkumlar bir neçə gündə onlarla insanı xilas etdilər. Dünən adam öldürdüyünə görə həbs edilənlər bu gün insanları uçqun altından xilas edirdilər.

Təbii ki, gənc respublika da dustaqların bu davranışına laqeyd qalmadı. 1940-1942-ci illərdə verilən aministiya ilə dörd yüzədək dustağın hamısı cəzalarını tam çəkmədən azadlığa qovuşdu. 

Əslində onların hamısının bir dəfəyə azad edilməsi təklif olunsa da, hüquqşünaslar razı olmadılar. Onların fikrincə bu qədər məhkumun bir dəfəyə azad edilməsi kriminal vəziyyəti pisləşdirə bilər.  Bu səbəbdən məhkumlar 2 il ərzində tədricən azad edilirlər. 

Onları Ankaradan təlmat gözləmədən azad etmiş prokuror İzzət Akçal isə 60-cı illərdə dövlət naziri postuna yüksəlir. 

Bu da türk insanının həmrəylik nümunəsi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3369
avatar

Oxşar yazılar