İndiki dövrdə doğulan uşaqlar insanlığın heç vaxt qarşılaşmadığı ekstremal iqlim şəraiti ilə üzləşəcəklər və ən çox zərər çəkənlər isə yoxsul təbəqə olacaq.
Bu barədə Lent.az xarici KİV-ə istinadən xəbər verir.
Ekstremal iqlim hadisələri və onların nəticələri – istilik dalğaları, daşqınlar, quraqlıqlar, meşə yanğınları, siklonlar, məhsulsuzluqla bağlı araşdırmada alimlər müəyyən ediblər ki, 2020-ci ildə doğulan uşaqlar, 1960-cı ildə doğulanlarla müqayisədə, 10 000 ildən bir baş verən hadisələrlə qarşılaşma ehtimalına 2-7 dəfə daha çox malikdirlər. Bu da yalnız o halda ki, qlobal istiləşmə 2100-cü ilə qədər 2,7°C-lə məhdudlaşdırılsın.
Əgər dünya daha sürətli şəkildə isinərsə – yəni 2100-cü ilə qədər 3,5°C-yə qədər yüksələrsə – bu gün 5 yaşında olan uşaqların 92%-i həyatlarının hansısa mərhələsində ölümcül istilik dalğaları ilə üzləşəcək, 29%-i qıtlıqla, 14%-i isə daşqınlarla qarşılaşacaq. Müqayisə üçün: 1960-cı ildə doğulanların yalnız 16%-i ekstremal istiləri yaşayıb.
"Əgər iqlimi sənaye öncəsi dövrə nisbətən 1,5°C-lik səviyyədə sabitləşdirmək mümkün olsa, bu günün gənclərinin təxminən yarısı ömürləri boyunca misilsiz istilik dalğalarına məruz qalacaq. Temperaturun 3,5°C-yə yüksəldiyi ssenaridə isə bu göstərici 90%-i aşacaq", – deyə tədqiqatın aparıcı müəllifi, Kanadanın İqlim Modelləşdirilməsi və Təhlili Mərkəzinin alimi Lük Qrant bildirib.