Təbiət Tarixi Muzeyi
03 yanvar 2022 05:25 (UTC +04:00)

Təbiət Tarixi Muzeyi

Dil səviyyəsinə əmin olanlar Bakıdakı bu muzeyə baş çəksin -FOTOLENT

Çaxraxçıl, mərciməkquşu, cırıldayan cürə.

Bakının bu sakit və maraqlı muzeyində təbiət aşiqləri çox şey tapa bilər. Azərbaycanda tapılmış qədim canlılar, vətənimizdə yaşayan çöl quşlarının yumurtaları, müqəvvalar və s. 

Lent.az-ın xəbərinə görə, doqquzmərtəbəli binanın altında yerləşən muzeyin öz pərəstişkarları var. Söhbət Təbiət Tarixi Muzeyindən gedir. 1930-cu ildə yaradılmış müəssisə görkəmli ziyalı Həsən bəy Zərdabinin adını daşıyır. Muzey Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılıb və 1945-ci ildən Azərbaycan SSR EA-nın (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir.  

Zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarət olan muzeyin ekspozisiyasında Azərbaycanın zəngin faunası əks olunub.  Burada 1955-ci ildə aşkar edilmiş Binəqədi kərgədanının skeletinə, yaxud Cənub filinin yuxarı çənəsinə rast gəlmək mümkündür. 

Belə bir haqlı sual da ortaya çıxa bilər: axı Bakıda, daha doğrusu Azərbaycanda nə fil, nə də kərgədan yaşamır?
Bəli, tamamilə doğrudur. Söhbət müasir deyil, Buz dövründə yaşamış canlıların qalıqlarından gedir. Bunlar Azərbaycan deyil, dünya səviyyəsində dəyəri olan eksponatlardır. Daha doğrusu pulla qiymətləndirilə bilməyən tapıntılar. 

Muzeyin vitrinlərində 30-cu illərin əl yazılarına da rast gəlinir. Kağızlar saralsa da, xüsusi mürəkkəblə edilmiş bu qeydlər solmayıb, dəqiqliklə oxunur.

Muzeydə maraqlı nüanslardan biri də eksponatların adları ilə bağlıdır. Çaxraxçıl, mərciməkquşu, cırıldayan cürə, əncir quşu, qarıldaq, çöl belibağlısı... 

Bu adları yəqin ki, çoxları ilk dəfə eşidir. Bunların hamısı rəsmi olaraq termin statusu almış, latın və digər dillərdə qarşılığı olan, lüğətlərdə əks olunmuş adlardır. Terminlər danışıq dilində az işləndiyi üçün hamının onları başa düşməsi mümkün deyil və belə bir şey ümumiyyətlə tələb olunmur.

Lakin ölkəmizdə yaşamış və yaşayan canlılarla tanış olmaq üçün Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə baş çəkməyə dəyər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3066
avatar

Oxşar yazılar