Filippində ağcaqanad öldürənlərə pul verilir.
Lent.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Ağcaqanadların pul qarşılığında öldürülməsi qərarı Addition Hills kəndinin başçısı Carlito Sernal tərəfindən verilib. Buna səbəb isə onun ərazisində Denq qızdırması hallarının artmasıdır. Qeyd olunur ki, xəstəliyin daşıyıcısı ağcaqanadlardır.
Sernalın dediyinə görə, iki qonşusu qızdırma səbəbiylə öləndən sonra bu qərarı verib. O qeyd edib ki, proqram bir neçə gün əvvəl başlasa da, artıq 700-ə yaxın ağcaqanad məhv edilib. Bir ağcaqanad öldürənə 1 Filippin pesosu (təxminən 2 qəpik) verilir.
Lakin Filippin Səhiyyə Departamentinin nümayəndələri Sernalın fikrini dəstəkləməyiblər. Onlar bildiriblər ki, mənfəət naminə yerli sakinlər ağcaqanad yetişdirməyə başlaya bilər. Bu isə vəziyyəti daha da pisləşdirəcək.