Britaniyada tapılan Tunc dövrünə aid 37 insanın qalıqları adamyeyənlərin qurbanlarına aid olub.
Lent.az xəbər verir ki, bu barədə “Science News” məlumat yayıb.
1970-1980-ci illərdə arxeoloqlar Çartehaus Uarrendə 15 metr dərinlikdə olan çuxurda insan sümükləri aşkar ediblər. Burada mal-qara, ev və vəhşi heyvanların sümükləri də var idi. Bir neçə onillikdən sonra Oksford Universitetindən arxeoloq Rik Şultinq və onun həmkarları qorxunc tapıntıları tədqiq edərək, kütləvi məzarlığın ən azı dörd min il əvvəl ortaya çıxdığını aşkar ediblər.
“Antiquity” jurnalında arxeoloqların məqaləsinə əsasən, ən azı 37 nəfərin sümüklərində diş izləri aşkarlanıb. Məlum olub ki, adamyeyənlər qurbanları parçalayıb qismən yeyiblər, sonra qalıqları böyük bir çuxura atıblar.
Alimlər qətliamın qonşu icmalar arasında baş verdiyini irəli sürürlər. Adamyeyənlər ya qonşularını əsir götürür, ya da qəfil hücumla öldürürdülər. Zərərçəkənlər çətinliklə müqavimət göstəriblər. Arxeoloqların yazdığı kimi, çox güman ki, amansız qətliam qisas məqsədilə törədilib. Şultinq kəşfin unikallığını qeyd edib. Bundan əvvəl Tunc dövrü ənənəvi olaraq Britaniya tarixinin ən dinc dövrlərindən biri hesab olunurdu.