Ağıl dişləri müdrikliyə  necə təsir edir - ARAŞDIRMA
23 aprel 2026 15:18 (UTC +04:00)

Ağıl dişləri müdrikliyə necə təsir edir - ARAŞDIRMA

0

Alimlər ağıl dişlərinin varlığının insanın intellekt səviyyəsinə, yaddaşına və əqli qabiliyyətlərinə təsir edib-etmədiyini araşdırıblar.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, simvolik adına baxmayaraq, ağıl dişlərinin insanın intellekt səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Onların çıxması əqli qabiliyyətlərin inkişafı ilə deyil, yalnız orqanizmin yaş və fizioloji dəyişiklikləri ilə bağlıdır.

Xalq arasında "ağıl dişləri" adlandırılan üçüncü molyarlar, adətən, 17 yaşdan etibarən çıxmağa başlayır və  adətən 25 yaşa qədər tam formalaşır. Bu adın yaranma səbəbi də həmin dövrdə insanın artıq yetkin hesab olunmağı, həyat təcrübəsi və müstəqillik qazanmağı ilə bağlıdır ki, bu da müdrikliklə assosiasiya olunur.

Təkamül və müasir dövr

Əslində, bu dişlər əcdadlarımıza bərk və lifli qidaları - çiy kökləri, sərt toxumları və kobud bitki mənşəli qidaları çeynəmək üçün lazım idi. Lakin rasionun dəyişməsi və çənə quruluşunun təkamülü nəticəsində onlara ehtiyac artıq demək olar ki, yoxdur.

Müasir insanların çənəsi əcdadlarımıza nisbətən çox vaxt daha kiçik ölçüdə olur, buna görə də ağıl dişlərinin çıxması üçün kifayət qədər yer qalmır. Bu, iltihaba, ağrıya və qonşu dişlərə təzyiqə səbəb ola bilir. Buna görə stomatoloqlar bəzən onların çəkilməsini tövsiyə edirlər.

Mütəxəssislərin rəyi

Mütəxəssislər vurğulayırlar ki, ağıl dişlərinin olması və ya olmaması yaddaşa, məntiqə, öyrənmə qabiliyyətinə və ya digər koqnitiv funksiyalara heç bir təsir göstərmir. Bəzi insanlarda bu dişlərdən dördü də çıxa bilər, digərlərində isə bir, iki, üç ədəd çıxması və ya ümumiyyətlə heç birinin çıxmaması normal hal hesab olunur.

Üçüncü molyarların yoxluğu çox vaxt genetik xüsusiyyətlərlə bağlıdır və patologiya deyil. Əgər ağıl dişləri düzgün inkişaf edirsə, diskomfort yaratmırsa və digər dişlərin düzülüşünü pozmursa, onların çəkilməsinə ehtiyac yoxdur.

Sevda Rumi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar