Azərbaycanı 58-ci “Eurovision” Mahnı Müsabiqəsinin milli seçim turunda ölkəmizi təmsil etməyə iddialı 9 ifaçı yarışmasını başa vurub. Lent.az-ın məlumatına görə, həftə ərzində İctimai Televiziyanın canlı yayımda yarışan iştirakçılar həftənin birinci günü məşhur “Eurovision” mahnılarını, ikinci günü Azərbaycan estradasından nümunələri, 3-cü günü isə dünya hitlərini səsləndiriblər.
Həftənin 4-cü günündə sərbəst ifalardan sonra cümə günü 9 yarışmaçı əvvəlki günlərdə uğurlu hesab etdiyi musiqi nömrələrindən birini yenidən ifa etmək şansı qazanıb.
Hər həftənin qalibi tamaşaçılar və münsiflərin birgə rəyinə əsasən seçilir. Onların qərarına əsasən, üçüncü həftənin qalibi Fərəh Hadıyeva olub. Beləliklə də milli seçim turunun üçüncü yarımfinalçısı adını qazanıb. Qeyd edək ki, milli seçim turunun bu mərhələsi 8 həftə müddətində nəzərdə tutulub. Münsiflər heyəti və tamaşaçıların birgə rəyinə əsasən Vüqar Muradov və Rəvanə Əliyeva birinci və ikinci həftələrin qalibləri olub. Hər həftənin qalibi növbəti mərhələdə finala vəsiqə qazanmaq uğrunda yarışacaq.