Azərbaycanda bir çox yerli və xarici sənətçilərin konsertlərini təşkil edən Nahid Emiloğlu sentyabrda Yaşıl Teatrda konsert verəcək bəzi sənətçilərlə görüşüb. Lent.az-ın məlumatına görə, Günay İbrahimli, aktyor Fərda Xudaverdiyev, meyxanaçı Vüqarla görüşən N. Emiloğlu sentyabrda olacaq konsertlərdən danışıb. Təşkilatçı mətbuatdan gileylənərək bəzi məsələlərə toxunub: “Bir çox sənətçilər öz müsahibələrində və açıqlamalarında təşkilatçılardan gileylənirlər. Mənsə öz növbəmdə bu tənqidləri nəzərə alıb, sentyabr ayına ardıcıl 7-i konsert təşkil etdim. Amma bu layihə öncəsi nədənsə bəzi internet portalları müğənnilərin konsertlərini işıqlandırmaq istəmədi. Xaricdən hər hansı bir müğənni gətirdiyim zaman mənə müraciət edən mətbuat işçilərinə hər bir şərait yaratmışam. Amma bəzi media nümayəndələri öz müğənnilərimizə nədənsə biganə yanaşırlar. Biz Azərbaycan müğənnilərinə niyə dəstək olmayaq? Ancaq xaricdən gələn sənətçiyə dəyər verməliyik? Müğənni öz pərformansını ancaq toyda göstərməlidir? Konsertlər təşkil olunmalıdır ki, sənətçi özünü orada göstərə bilsin. Mən bu şəraiti onlar üçün yaradıram. Ancaq mətbuat da dəstək olmalıdır ki, sənətçilərin və bizim əziyyətimiz yerdə qalmasın”.
Sonra müğənni Günay İbrahimli öz təəssüratlarını bölüşüb. O, da öz ilk konsertini təşkil edən N. Emiloğluya minnətdarlığını bildirib: “Çox həyəcanlıyam. Çünki ilk konsertimi verəcəm. “De onun adı nədir” adlanacaq konsertimdə bir çox yeni mahnılar, rəqs qrupları və sürprizlər olacaq. Konsert öncəsi hər şey yüksək səviyyədədir. Yeni dekorasiyalar, geyimlərim hazırlanır. Bilet satışları da qaydasındadır”.
Aktyor Fərda Xudaveriyev isə bunları deyib: “ Nahidlə danışıb, qərara aldım ki, mən də payızda sevənlərimlə görüşüm. Aktyorlar arasında yeganəyəm ki, payız mövsümündə solo konsert verəcəm. Konsertimdə 2-3 müğənninin də çıxışı gözlənilir. Deyə bilərəm ki, sizləri çox maraqlı gecə gözləyir. Konsertimə gələnlər həm düşünəcək, həmdə güləcək”.
Meyxanaçı Vüqar iddialı danışıb:” Məni şair, meyxanaçı kimi tanıyırdılar, ssenari müəllifi kimi yox. Yeni meyxanalarım var. Mən tamaşaçılarımın zövqün nəzərə almışam. Meyxanaçılardan heç kimi konsertimə çağırmamışam. Həmkarlarımdan kim gəlmək itəsə mənə müraciət edə bilər. Meyxanaçılar arasında mənim kimi tamaşa və səhnə mədəniyyəti olan ikinci bir meyxanaçı yoxdur. Çünki, toy ayrıdır, səhnə, tamaşa mədəniyyəti ayrıdır”.
Xatırladaq ki, Yaşıl Teatrda sentyabrın 1-də müğənni Günay İbrahimli, 2-də Elton Hüseynəliyev, 5-də aktyor Fərda Xudaverdiyev, 6-da “Natiq ritm” qrupu, 8-da Sevda Yahyayeva, 9-da meyxanaçı Vüqar , 13-də isə Nadir Qafarzadə səhnəyə çıxacaq.
Qeyd edək ki, konsertlərin informasiya dəstəkçisi Lent.az olacaq.