Tatlısəsin oğlu: “Atam reanimasiyadadır”
Başından silahla vurulan, uzun müddət ölüm-dirim mübarizəsi aparan İbrahim Tatlısəs yenidən əməliyyat olunmasından sonra sağlıq vəziyyətinin çox yaxşı olduğu bildirilmişdi.
Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənni İbrahim Tatlısəsin oğlu Əhməd Tatlısəs 5 saat əməliyyatda olan atasının səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
“Bunu yazıb-yazmamağı çox düşündüm, amma əgər mən oğluyamsa, səbrimin və səssizliyimin bir həddi var! Atam hazırda reanimasiyadadır, yaşamaq uğrunda mübarizə aparır. Bu elə bir əməliyyat deyil, beyin əməliyyatıdır və oraya gedərkən əvvəlcə məndən, sonra hamıdan halallıq almaq ehtiyacı duydu. Vəziyyəti çox ciddidir”, - deyə Ə.Tatlısəs sosial şəbəkə hesabında paylaşıb.
Bundan başqa, o, sırf adına istinad edilsin deyə mətbuata hansısa açıqlama verməyin yersiz olduğunu bildirib. Tatlısəs adından istifadə edərək özünə reklam qazananları tənqid edib.
Sonda Ə.Tatlısəs hamıdan atasının sağlığının qaydasına düşməsi üçün dua tməyi, sevinməyin hələ tez olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən gün məşhur türküçünün meneceri Eyyub Kanat sosial şəbəkə hesablarından birində əməliyyatın uğurlu keçdiyini və Tatlısəsin yaxşı vəziyyətdə olduğunu yazmışdı.
Onu da bildirək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu.
170