Ötən gün paytaxt restoranlarından birində müğənni Nurlan Növrəslinin qardaşı, gənc tarzən Arslan Növrəslinin toyu olub.
Lent.az-ın məlumatına əsasən, Arslan bir neçə il sevdiyi Aybəniz adlı xanımla nikah masasına oturdu. Cütlüklər toy keçirilən yerə müğənni Xatirə İslamın 10 NC 111 dövlət qeydiyyat nişanlı “Porsche” avtomobili ilə gəldi.
Gecənin aparıcısı Firdovsi Atakişiyev qonaqları salamlayaraq, səbəbkarları həzin musiqi sədasında rəqs etməyə dəvət etdi. Rəqsdən sonra söz bəy və gəlinin valideynlərinə çatdı. Onlarda məclisə gələnləri salamlayaraq, toyu açıq elan etdi.
Sonra müğənni Xatirə İslam bəy və gəlini təbrik edib, öz öhdəsinə düşən musiqi payını oxudu. Mahnılarını ard-arda düzən müğənni yerini başqa ifaçılara verdi.
Çox keçmədi ki Xatirə toyun təəssüratlarını Lent.az-la bölüşdü: “Bildiyiniz kimi bu gün gəlinlə bəy restorana mənim maşınımla gəldi. Bu məni çox sevindirir. Təki toy olsun, mən böyük məmnuniyyətlə maşınımı xeyir işlərə sürməyə hazıram. Mən bir daha sizin sayt vasitəsi ilə növrəslilər ailəsini təbrik edirəm. Xoşbəxt olsunlar!”
Öz axarı ilə gedən toyda elə də çox tanınan simalar yox idi. Gecəyə sənət adamlarından əməkdar artist Aybəniz Haşımova, müğənni Aynişan Quliyeva, “Ailələr talelər” verilişindən tanıdığımız aparıcı Nailə İslamzadə, bəstəkar Siyavuş Kərimini gəlmişdi.