Bir müddət öncə qabırğası sındığı deyilən xalq artisti Flora Kərimovadan xəbər var. Lent.az-ın məlumatına görə, xalq artisti bu gün “Xəzər” telekanalında yayımlanan “Yeri gəlmişkən” efirinin qonağı olub. Canlı efirə qatılan F.Kərimova bu gün 130 illik yubileyi qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylidən danışıb.
Qeyd edək ki, mətbuatda F.Kərimovanının qabırğasının əzilməsi ilə bağlı yazılmışdı: "Bağda gəzirdim, arxaya doğru addımlamaq istəyəndə ayağım çuxura düşdü. Möhkəm yıxıldım. Sağ tərəfdən ön qabırğam məni bərk incidir; nəfəs alanda ağrı verir, normal hərəkət edə bilmirəm. Əvvəlcə elə bildim, yüngül əzilmişəm, ona görə həkimə müraciət etmədim. Həm də şənbə və istirahət günləri olduğundan özüm müayinəni təxirə saldım. Həkimlə danışmışam, əlamətləri dedim, sınıqdan şübhələndi. Özüm də bilirəm ki, sınıb, çünki çox ağrıdır. İndi xəstəxanaya gedirəm, görək müayinə nə göstərəcək".