Müğənni Nadir Qafarzadə Beyləqan rayonunda təşkil olunan konsert proqramında çıxış edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, konsertdə sakinlərlə yanaşı, əsgərlər də olub: “Mən ilaxır çərşənbəmi ailəmin yanında qeyd edə bilmədim. Çünki ötən gün Beyləqan rayon İcra Hakimiyyətinin təşkil etdiyi konsertdə səhnə almalı idim. Möhtəşəm təşkil olunan konsertdə sıravi insanlarla yanaşı əsgərlər də var idi. Əsgərlərin önündə mahnı oxumaq insana əlavə zövq verir. Bir günümü ailəmlə yox, əsgərlərlə keçirdiyimə görə, çox şadam. “Lider” telekanalı ilə də canlı yayımlanan konsertdə mənimlə yanaşı müğənni həmkarlarımdan Nazənin və başqaları da səhnə aldı. İnşallah gələcəkdə bu cür konsertlərdə daha çox çıxış edəcəyəm. Konsert bitəndən sonra Fizuli rayonuna yola düşdüm. Orada da bir neçə ailələrə baş çəkdim”.
N.Qafarzadə onu da əlavə edib ki, “Piyaləni dolduraq” adlı yeni mahnısını da konsertdə oxuyub: “Yenicə işıq üzü görən mahnımı da konsert zamanı oxudum. Həmin mahnının ilk ifaçısı İran azərbaycanlısı Rahib Şəhriyari olub. Bu artıq həmin müğənninin ikinci mahnısıdır ki, mən oxuyurdum. Mahnını oxumadan öncə halallığını da almışam. Bəstənin söz və musiqisi də elə onun özünə məxsusdur”.