Bu gün Space 104 FM-in “Yanar saat” verilişində maraqlı anlar yaşanıb. Lent.az-ın məlumatına görə, verilişin formatına uyğun olaraq proqrama gələn qonaqlardan biri öz əl qabiliyyətini nümayiş etdirməlidir. Bu dəfə aparıcı Anar Vaqifoğlunun qonağı tanınmış müğənni Nadir Bayramlı olub. İfaçı veriliş üçün xüsusi olaraq Qarabağ və Cənub bölgəsinin mətbəxindən taamlar hazırlayıb: “Bu gün verilişə xüsusi hazırlaşmışam. Qarabağ mətbəxindən dolma, dovğa, Lənkəran ləvəngisi, plovu hazırlamışam. Ümumiyyətlə, çox israfçılığa gedən insan deyiləm. Xüsusi ilə dada-tama qiymət verənəm. İnanıram ki, qonaqlarım açdığım süfrəni bəyənəcək. Bu süfrəyə görə təxminən 200 manat pulum çıxdı. Tanıyanlar bilir ki, yalan danışmağı sevmirəm. Bu gün süfrəyə qoyulan yeməklərin hamsını özüm bişirməmişəm. Ləvəngini və aşı özüm hazırlamamışam. Amma düşünürəm ki, açdığım süfrə münsiflərin ürəyincə olacaq”.
N.Bayramlının necə yemək bişirməsinə qiyməti isə oğlu müğənni Şəmsi Bayramlı və digər ifaçılar Təşkilat Nəsirov, Xanım Sadiq, Rübail Əzimov veriblər.
İlk öncə fikrini xanəndə T.Nəsirov bölüşdü: “Nadir bəyin açdığı süfrəni bəyəndim. Amma bundan da yaxşı ola bilərdi”.
Daha sonra ifaçının oğlu Şəmsi Bayramlı danışdı: “Atamın belə göründüyünə baxmayın, arada əsəbiləşir. Yəni üstümə qışqırır. Bu da mənim gəncliyimdən irəli gəlir. Düşünürəm ki, bu normal haldır. Hər bir valideyn övladına nəsihət vermək üçün üstünə qışqıra bilər.
Sonda aparıcı Anar Vaqifoğlu da bu günki süfrəyə münasibət açıqladı: “Açığı deyim bu günə qədər burada bir çox süfrələrin şahidi olmuşam. Hər yeməyi bəyənmirəm. Amma Nadir bəyin bu gün hazırladığı dovğa çox ürəyimcə oldu. Ona görə də bir stəkan yox, iki stəkan içdim. Onu da deyim ki, əməkdar artist Aybəniz Haşımovanın hazırladığı dovğanı daha çox bəyənmişdim”.
Xatırladaq ki, “Yanar saat” verilişi hər həftənin 5-ci günü saat 13:00-dan 14:30-a qədər Space radioda yayımlanır.
Qeyd edək ki, aparıcı Anarın təqdimatında olan “Yanar saat”ın informasiya dəstəkçisi Lent.az-dır.