Bu gün müğənni Nura Suri Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüşüb. Lent.az-ın məlumatına görə, mətbuat nümayəndələri ilə bir araya gələn ifaçı bəzi jurnalistlərin ona qarşı qərəzli münasibətindən danışıb:
“Sosial şəbəkələrdə bəzi müğənniləri təhqir edirlər, hətta valideynləri söyürlər. Hər saytın sosial şəbəkədəki səhifəsində 50 000-ə yaxın izləyici var, şəkilləri, xəbəri yayırlar və insanlar mənfi fikirlər səsləndirir. Sayt rəhbərlərindən xahiş edirəm ki, bu cür şərhlərə nəzarət etsinlər. Biz kimə nə etmişik? Başımızı aşağı salıb sənətimizlə məşğuluq. Müğənniləri tənqid hədəfinə çeviriblər. Sanki dünyadakı bütün problemlərin səbəbkarı müğənnilərdir. O gün verilişlərin birinə getməmişdən əvvəl xəstə olduğumu, canlı oxuya bilməyəcəyimi dedim. Onlar da razılaşdı, lakin yenə oxumağımı istədilər. Biz xəstə ola bilmərik? Verilişlərə çağırıb müğənniləri sorğu sual edirlər. Sualın cavabını bilməyənləri isə tənqid hədəfinə çevirirlər. Müğənni savadlı olmaya da bilər, səsi var oxuyur, Allah verib. Keçən dəfə verilişlərin birində bir həmkarlımdan Eynşteyni soruşdular, tanımadı. Bütün sosial şəbəkə həmin həmkarım müzakirə olundu, tənqid edildi. Onu niyə çağıraraq Albert Eynşteyni soruşub pərt edirlər? Eynşteyni bilməmək qəbahət deyil. İnsanları təhqir etmək qəbahətdir.
Bəzi jurnalistlər isə onların tələblərini yerinə yetirmədiyimiz üçün bizi qaralayırlar. Bütün bunlara son qoyulmasını istəyirəm”.
Mətbuat konfransında iştirak edən sənətçinin anası veteran, Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil Səttarova Firəngiz da həm Nuranın həm də digər müğənnilərin müdafiəsinə qalxdı.Firəngiz xanım da jurnalistlərə müraciət ünvanlayıb:
“Mən müharibədə düşmənlə üz-üzə gəlmişəm, müharibə veteranıyam. Ermənilər həyat yoldaşımla mənim başıma pul qoymuşdu. Mən düşmən yarası almamışam ki, bu gün övladım ləkələnsin. Bütün jurnalistlər mənim balamdır. Xahiş edirəm ki, yalan xəbərlər yazmayın. Qızım da mən də əsəb keçiririk”.
Qeyd edək ki, müğənni daha sonra jurnalistləri KİV və aidiyyatı qurumlara müğənnilərə qarşı qərəzli mövqeyin aradan götürülməsi və tədbir görülməsi ilə bağlı göndərdiyi müraciətin mətni ilə tanış edib.
Daha bir məsələ isə Nuranın Surinin ATV telekanalının aparıcı Mətanətlə bağlıdır. Dünən mətbuat konfransından sonra Mətanət canlı yayımda Nuraya dəstək çıxıb: “Nura xəstə idi. Səsi yerində deyildi. Onu mən israr edərək oxutdurdum. Amma saytlar bunu şişirtdilər. Burdan səslənirəm hər kəsə, heç kimin Nura Surinin səsinə şübhəsi olması. Nuraya isə demək istəyirəm ki, bir az səbrli olsun. Hər şey yaxşıdır”.
Nura da öz növbəsində Mətanət haqda facebook sosial şəbəkəsində status paylaşıb: “Mənim ATV telekanalı ilə heç bir problemim yoxdur. Ola da bilməz. Xahiş edirəm yozmayın və Mətanət xanımla münasibətim çox yaxşıdır, hörmətim böyükdür”.