Xalq artisti Faiq Ağayevin xeyir-duası ilə şou-biznesə qatılan müğənni Tural Vəlizadə Azərbaycan estradasının ulduzlarını bir araya gətirəcək. Lent.az-a açıqlama verən gənc ifaçı bildirib ki, yeni il gecəsində şou-biznesin bir çox tanınmışları ilə birgə çıxış edəcək: “Xalq artisti Faiq Ağayevin xeyir-duası ilə sənətə gəlməyim mənə düşərli oldu. Belə ki, yaradıcılıq işimlə bağlı bir neçə ölkədən təkliflər aldım. Həmin təkliflərin birini müsbət dəyərləndirmişəm. Bir müddət sonra hər kəs bu xəbərdən agah olacaq. Müğənniliklə yanaşı, təşkilatçılıq da edirəm. Yeni il gecəsində xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, əməkdar artistlər Nüşabə Ələsgərli, Ədalət Şükürov, müğənnilərdən Nadir Qafarzadə, Elariz Məmmədoğlu, Namiq Qaraçuxurlu və Səidə Sultanla eyni səhnəni bölüşəcəyik. Həmin konsert barəsində isə dekabrın 15-dən sonra mediaya geniş açıqlama veriləcək”.
Xalq artistinin tələbəsi yaradıcılıq işlərindən də danışıb: “Sözləri Əlibəy Məmmədli, musiqisi Cəmil Məmmədliyə, aranjemanı Rubail Əzimova məxsus olan “Sən getdin” adlı mahnını oxudum. Həmin bəstə bu gündən radiodalğalarda səslənəcək. Repertuarımda ritmik mahnı azdır. Elə ona görə də ritmik versiyada olan bir mahnı oxumaq qərarına gəldim. Mən əsasən bəstəkar və retro estrada mahnıları ifa edirəm. Amma bu dəfə öz ifa üslubumdan kənara çıxdım. Düşünürəm ki, yaxşı alınıb".