Bu gün əməkdar artist Elza Seyidcahan Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, tədbirin keçirilməsinə səbəb rol aldığı “Cəhd” filminin təqdimatıdır: “Bu gün təqdim olunan “Cəhd” adlı filmdə özümü aktrisa kimi sınadım. Düşünürəm ki, aktrisa kimi də özümü yaxşı göstərə bilirəm. Bu film cəmiyyətdə yaxşı qarşılanacağına inanıram. Baxmayaraq ki, filmdə az rol oynamışam, amma yadda qalacağına inanıram. Tamaşaçılar məni bəstəkar, müğənni, şairə kimi tanıyırdılarsa, bu gündən sonra aktrisa kimi də tanıyacaqlar”.
Xatırladaq ki, 8 ay ərzində lentə alınan “Cəhd” filmi Azərbaycanda ilk dəfə çəkilmiş “Aşiqlər bağçası” silsiləsindəndir. Filmin rejissoru Mahir Dərvişdir. Rollarda əməkdar artist Elza Seyidcahan, aktyorlar Namiq Ağayev, Mirzə Ağabəyli və digərləri çəkilib.