Əməkdar artist Elza Seyidcahan “Eurovision-2013” təmsilçimiz Fərid Məmmədov haqda danışıb.
Lent.az-ın məlumatına görə, axşam.az saytının müxbirilə söhbətində müğənni bildirib ki, illər öncə Fəridə əməkdar artist Aybəniz Haşımovanı məsləhət görüb:
“Fərid hələ uşaq olarkən nənəsi yanıma gətirib dedi ki, ona dərs keçim, oxumağı öyrədim. Mən də Aybəniz Haşımovanı məsləhət gördüm. Dedim o, həm qonşundur, həm də səninlə daha yaxşı məşğul olacaq. Bir müddətdən sonra gördüm Fərid məsləhətimə qulaq asıb, “Bülbüllər”də çıxış edir”.
E.Seyidcahan Fəridin “Eurovision” səhnəsindəki çıxışına heyran qalıb:
“Rəqs hərəkəti, oxuması o qədər düzgün idi ki...Onun mükəmməl çıxışından sonra azərbaycanlı olmağımla bir daha fəxr etdim. Etiraf edim ki, Fərid bu günə kimi ölkəmizi təmsil edən iştirakçılar arasında ən istedadlısıdır. Canlı ifasına heyran qaldım. Sanki fonoqramla oxuyurdu”.
Əməkdar artist gələcəkdə “Eurovision” üçün tələbə hazırlayacağını da deyib:
“İstərdim ki, mənim də tələbəm “Eurovision” səhnəsində ifa etsin. Hətta gələcəkdə müsabiqə üçün mahnı yazmağı planlaşdırıram. “Eurovision”da olmasa belə, başqa bir müsabiqədə ölkəni mütləq özüm təmsil edəcəyəm”.